Xəbər verdiyimiz kimi, Rusiya taxıl və şəkərin ixracına müvəqqəti qadağa qoyub. Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Taxıl qadağası martın 31-dək qüvvədədir və qadağa buğda, çovdar, arpa və qarğıdalıya aiddir. Məhdudlaşdırıcı tədbir şəkərlə bağlı da elan edilib. Bu məhsulun ixracı tədarükün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında mümkün olacağı şərti ilə qadağan ediləcək. Bəs, bu qadağa Azərbaycana hansı mənfi təsir edə bilər? Alternativ çıxış yolu varmı?
Suallımızı cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov Demokrat.az-a açıqlama verib. Ekspert açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib:
“Dünya bazarında taxılın qiymətində bahalaşma olacağı istisna deyil. Çünki Rusiya taxıl ixracatçısı kimi dünyada birinci yerdədir. Rusiyanın ixracata qadağa qoyması, bir sıra ölkələrə, o cümlədən də Azərbaycana təsirsiz ötüşməyəcək. Bundan başqa, nəzərə alaq ki, Rusiya ilə Ukrayna arasında artıq neçə gündür ki, müharibə gedir. Bu da məlumdur ki, Ukrayna da taxıl ixracatına görə ilk beşliyə daxil olan ölkələrdən biri idi. Nəzərə alaq ki, Ukraynada müharibə Qara dəniz hövzəsi üzərindən gedir. Hansı ki, bu proseslər oradan həyata keçirilirdi. Deyərdim ki, həmin ərazi bu gün Rusiya dəniz qüvvələri tərəfindən bloklanıb və buna görə də, bu prosesləri həyata keçirmək mümkün deyil. Bu da ilk növbədə dünya bazarında taxıl qiymətinin bahalaşmasına səbəb olacaq. Bu, qaçılmaz faktdır”.

“Azərbaycan daxili tələbatının idxal hissəsini Rusiyadan həyata keçirirdi, biraz pay da Ukraynaya düşürdü. Belə olduğu halda bu iki ölkə arasındakı problem əlbəttə ki, Azərbaycana da problemlər yaradacaq. Artıq Azərbaycan taxıl ehtiyacları üçün alternativ ölkələrə üz tutmalıdır. Bura Kanada, Avropa İttifaqı, eyni zamanda Avstraliya, Qazaxıstan ola bilər. Amma nəzərə almaq lazımdır ki, Qazaxıstan istisna olmaqla, digər ölkələrdən taxıl gətirilməsində ən azından logistika, yəni daşınma xərcləri baha olacaq. İstəsək də, istəməsək də aydın məsələdir ki, bu bizə mənfi təsir göstərəcək. Daxili imkanlar hesabına həm taxıl, həm şəkər ehtiyacımızı həyata keçirə bilərik. İşğaldan azad olunmuş torpaqları, münbit torpaqları da bura əlavə etsək, əlbəttə ki, bunu etmək mümkündür. Amma kənd təsərrüfatı nöqteyi-nəzərdən bütün torpaqların buğda əkilmə təyinatı ilə bağlı istifadəsi ölkə üçün əlverişsizdir. Buna görə də, daha çox idxal sərfəli olur. İqtisadçı kimi onu deyə bilərəm ki, taxıl əkini olsa biz daxili bazar hesabına bunu həll edə bilərik. Sadəcə olaraq torpaqlarımız daha çox yem sektoru üçün istifadəyə əlverişlidir. Ona görə də, biz idxal amilindən asılıyıq”- deyə, iqtisadçı əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


