Gündəm Özəl

Deputat: “Bayramla əlaqədar süni qiymət artımı ola bilər” — ÖZƏL

Deputat: “Bayramla əlaqədar süni qiymət artımı ola bilər” — ÖZƏL

“Ərzaq məhsulları, xüsuilə də taxılla əlaqədar elə ciddi problemimiz yoxdur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, həm ərzaq, həm də taxıl sahəsində kifayət qədər ehtiyatımız var:

“Rusiya və Ukrayna arasında olan müharibə, eləcə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, əlbəttə ki, bütün dövlətlərə öz təsirini göstərir. Bilirsiniz ki, bizim Ukrayna ilə çox ciddi iqtisadi, siyasi əlaqələrimiz var. Və ərzağı da biz əsasən Rusiyadan, Ukraynadan və Baltikyanı ölkələrdən idxal edirik. İndi Ukrayna ciddi dağıntılara məruz qalıb və orada bəzi müəssisələr işləmir. Rusiyaya isə konkret olaraq ciddi sanksiyalar qoyulub. Bu da onun iqtisadiyyatına mənfi təsir göstərir. Qeyd edim ki, Rusiyanın məhsul ixrac etdiyi ölkələrdən biri bizik. Təxminən ildə 3,2 milyard dollara yaxın ticarət dövriyyəmiz var. Yəni, 2 milyard dollar biz onlardan alırıq, 1 milyard 200 milyonunu isə biz onlara göndəririk”.

V.Əhmədov qeyd edib ki, qiymətlərlə bağlı müəyyən problemlər yaranması qaçınılmazdır: “Artıq tikinti materiallarında müəyyən qiymət artımı var. Amma qiymət artımının qarşısını almaq üçün hökumət tərəfindən müəyyən tədbirlər planı işlənib hazırlanıb, həmçinin İqtisadiyyat Nazirliyi də anti-inhisar xidmət üçün göstərişlər verib. Yəni, gündəlik qiymətlərlə bağlı monitorinqlər aparılır. Mənim aldığım məlumata görə, elə ciddi qiymətə artımı yoxdur. Bir məsələni də qeyd edim ki, qabaqdan Novruz bayramı gəlir. Bayramla əlaqədar yəqin ki, un məmulatlarının və digər ərzaq məhsullarının qiymətində süni qiymət artımı olacaq. Bizim əsas tələbəmiz, məqsədimiz ondan ibarətdir ki, süni qiymət artımının qarşısı alınsın. Keçirilən monitorinqin də əsas məqsədi bundan ibarətdir. Amma, onu da qeyd edim ki, Azərbaycanın kifayət qədər taxıl və ərzaq ehtiyatı var. Fikrimcə, bu sahədə problem yaşanmamalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az