“Bu günə qədər təcrübə göstərir ki, Ermənistan hər hansı məsələni xoşluqla həyata keçirməyib”.
Bunu Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. Ekspert vurğuladı ki, Ermənistan Madrid prinsiplərini 11 il müzakirə etsə də, ancaq onun icrasından qaçırdılar:
“Müharibədən sonrakı dönəmlərə də diqqət yetirdikdə, Ermənistanın hər hansı məsələni xoşluqla icra etdiyini görmədik. Hətta, 44 günlük Vətən müharibədən sonra Zəngəzur dəhlizi, o cümlədən bir sıra nəqliyyat dəhlizlərinin açılması ilə bağlı danışıqlarda da nəticələr əldə olunmadı. Artıq bir ildən çoxdur ki, bu istiqamətdə danışıqlar getsə də, Ermənistan məsələni uzadır və tutarlı addım atmır. Düzdür, bu günlərdə biz İranla memorandum imzaladıq və alternativ tapdıq. Belə olan halda artıq sülh sazişi Ermənistanın marağındadır”.
F.Şəfiyev bildirdi ki, ümumiyyətlə Ermənistanın iqtisadi gələcəyi sual altındadır: “Regionda olan vəziyyət, o cümlədən Rusiya-Ukrayna müharibəsi kimi faktorlar Ermənistanı tezliklə Azərbaycanla sülh sazişi imzalamasına vadar etməlidir. Həmçinin, Ermənistan Türkiyə ilə əlaqələri niormalaşdırmalıdır. İndidən sülh sazişinin olmasını demək çətindir. Çünki ermənilər məsələni uzadır və heç bir addım atmır. O ki, qaldı bunun hansı formatda olmasına, fikrimcə, bizə vasitəçi o qədər də lazım deyil. Çünki əvvəllər də vasitəçilər var idi. Məsələn Minsk qrupu. Amma heç nə etmədi. Bundan başqa, Zəngəzurla bağlı üçtərəfli komissiya yaradılmışdı və orada da bir irəliləyiş görünmədi. Əgər 3 və ya 4 ölkədən ibarət format yaradılsa, burada digər iki ölkə Rusiya və Türkiyə ola bilər. Belə bir formatda bəlkə də Ermənistan daha çevik olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


