Kriminal

Şəmkirdə kafedə tanışlar arasında qanlı dava — Təfərrüat

Şəmkirdə kafedə tanışlar arasında qanlı dava — Təfərrüat

Şəmkir rayonunda 1991-ci il təvəllüdlü Səbuhi şəxsi münasibətlər zəminində həmkəndlisi Şöhrətə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2020-ci il iyunun 6-da rayonun Təzəkənd kəndində yerləşən “Səbət” adlı kafedə baş verib.

Səbuhi həmyerlisi və tanışı Şöhrət ilə aralarında zarafat etməyə, eləcə də sonuncunun ünvanına nalayiq ifadələr işlətməsi zamanı mübahisə edib. Mübahisə zamanı Səbuhi kafedə olan qayçı ilə Şöhrətin döş qəfəsinə bir dəfə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-ci (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dayısına məxsus Təzəkənd kəndində yerləşən kafeni işlədir: “Kafedə məndən başqa Elşən adlı həmkəndlim ofisiant işləyir. Elşənlə aramızda heç bir düşmənçilik və ya ədavət yoxdur. İyunun 5-də, saat 23 radələrində Elşən ilə kafedə olduğumuz vaxt Şöhrət və Teymur kafeyə gəldilər. Şöhrət və Teymur masalardan birində əyləşdilər, pivə sifariş verdilər. Şöhrət və Teymur pivə qurtardığına görə Elşəndən araq verməsini istədilər. Elşən kafedə araq olmadığını bildirdi. Şöhrət Elşəndən araq almasının tələb etdi. Gecə olduğuna görə mağazalar bağlanmışdı. Araq alınmadı deyə Teymur Elşən ilə kobud formada danışdı, Elşəni təhqir etdi. Mən orada olsam da, Teymur və Şöhrətin sərxoş olduğunu gördüyüm üçün onlara müdaxilə etmədim. Təxminən yarım saatdan sonra Teymurgil kafedən getdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 6-da, saat 11 radələrində kafeyə gələndə Elşənin gəlmədiyini və kafenin bağlı olduğunu görüb: “Elşənə zəng edərək nə üçün kafeni açmadığını soruşdum. Elşən də Teymurun araq almamasına görə təhqir etməsi səbəbindən kafedə işləmək istəmədiyini bildirdi. Elşənə heç nə demədim və telefonu söndürdüm. Kafeni özüm açdım. Həmin günü həmkəndlim Seymuru kafedə işləməsi üçün çağırdım. Seymur gələrək mənə köməklik etdi. Təxminən saat 17-18 radələrində Teymurun hərəkətinə əsəbiləşdim. Teymura zəng etdim, kafeyə çağırdım. Sonuncu tək kafeyə gəldi. Teymurdan bir gün əvvəl kafedə Elşənə qarşı işlətdiyi sözləri dedim, nə üçün belə etdiyini soruşdum. Ona dediyi sözlərə görə Elşənin işdən çıxdığını bildirdim. Teymur həmin vaxtı sərxoş olduğuna görə belə etdiyini dedi, üzr istədi. Aramızda heç bir narazılıq olmadı. Teymur kafedən getdi”.

Səbuhinin ifadəsinə görə, saat 21.30-da Teymur kafeyə gəlib: “Həmin vaxt Şöhrət, Teymur və Rəşad kafedə birlikdə oturdular. Rəşad, Şöhrət və Teymur mənim olduğunm masa ilə üzbəüz masada oturdu. Şöhrət mənimlə lazımsız zarafatlar etməyə başladı. Söhbət əsnasında əsəbimdən dilim dolaşdı. Şöhrət bunu məndə səhv kimi tutdu, kinayəli formada “dilin dolaşır sənin, çaşırsan” sözlərini dedi. Şöhrətin bu sözlərinə əsəbləşdim və “sən nə deyirsən” sözlərini dedim. Aramızda buna görə sözlə mübahisə yarandı. Şöhrət oturduğu yerdən durdu və üstümə gəldi. Mən də yerimdən qalxdım və Şöhrətə tərəf getdim. Biz kəllə-kəlləyə gəldik. Ancaq bir-birimizi vurmadıq. Teymur və Rəşad bizi ayırdı. Bu zaman kafenin arxa qapısında kimsə içəri girdi və Şöhrəti çölə apardı. Teymur və Rəşad kafenin qabaq qapısından çölə çıxdılar. Mən də stolların üzərindəki örtüyü kəsmək üçün istifadə etdiyim qayçını cibimə qoyaraq kafedən çölə çıxdım. Yolu keçərək digər tərəfə getdim. Şöhrət ilə aramızda sözlə mübahisə oldu. Şöhrəti orada olan şəxslər tutdu. Həmin şəxslərə “məni buraxın” dedi, həmin şəxslərin əlindən çıxaraq üstümə qaçmaqla məni vurmağa çalışdı. Həmin vaxtı cibimdən qayçını çıxardaraq Şöhrətin sinə nahiyəsindən bir dəfə zərbə endirdim. Orada olan şəxslərdən kimsə Şöhrətə qarın nahiyəsindən qan axdığını dedi. Sonra Şöhrəti Teymur və Rəşad nömrəsini xatırlamadığım VAZ 21074 markalı avtomobilə oradan apardılar”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Səbuhi 5 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalında həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az