“Hər bir dövlətin xarici siyasətində ümumi maraqlar mütləq nəzərə alınır. Məlumdur ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə müstəqil siyasət yürüdür və hər iki dövlətin ərazi bütövlüyünü dəstəkləyir. Rusiya-Ukrayna müharibəsində isə, əlbəttə ki, hazırda Rusiyaya məxsus silahlı birləşmələrin Ukrayna ərazisində olması onların sərhədlərinin toxunulmazlığına və suverenliyinə təhdiddir. Təbii ki, bu müharibə ilə bağlı ictimaiyyətin fikirləri müxtəlif ola bilər: kimsə Rusiyanı, kimsə də Ukraynanı haqlı hesab edə bilər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın fikrincə, ictimai rəyin müxtəlifliyi normaldır, lakin siyasətçi baxışı soyuqqanlı və təmkinli olmalıdır: “Məlum məsələdir ki, burada əsas problem insan haqlarının tapdanması ilə bağlıdır. Azərbaycan da ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün 30 il səbr edib. Bu problemin həllinin gecikməsində də Ermənistanın havadarı olan dövlətlərin rolu danılmazdır. Həmin dövlətlərə ATƏT-in Minsk Qrupuna daxil olan Rusiya, ABŞ və Fransa daxildir, lakin bütün proseslərə tək bir dövlətin cavabdeh olduğunu da iddia etmək olmaz. Ona görə də Azərbaycan Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini qorumalıdır. Təmkinli və səbirli siyasət yürütmək ən mühüm amildir. Mütləq qeyd etmək lazımdır ki, Azərbaycan sülhün tərəfdarıdır. Sülhün bərpası üçün Azərbaycanın və Türkiyənin dəstəyi də göz qabağındadır. Hesab edirəm ki, Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün ərazi kimi həm də Bakının göstərilməsi əbəs deyil. Ona görə də istənilən halda, dövlət, dövlətçilik və ümumi maraqlar nəzərə alınmalıdır".
Demokrat.az


