İncəsənət

“Zəhər tuluğu” ölkə hüdudlarını aşdı... — FOTOLAR+ÖZƏL

“Zəhər tuluğu” ölkə hüdudlarını aşdı... — FOTOLAR+ÖZƏL

Üç il öncə Youtube platformasında “Zəhər tuluğu” obrazı ilə məşhurlaşan aktyor Taleh Yüzbəyov, obrazın doğurduğu maraq səbəbindən eyni adlı film ərsəyə gətirməyə qərar verir. Və ötən ilin sonunda bu qərar reallığa qovuşdu. Yüzlərlə tamaşaçı “Zəhər tuluğu”nu kino obrazı kimi izləməyə axışdı. Nəticə göstərdi ki, Azərbaycan tamaşaçısı yalnız komediya deyil, həm də dram janrına izləyici ola bilir. Filmə göstərilən yüksək maraq onu paytaxt kinoteatrlarından bölgələrə də apardı.

Filmin prodüseri,ssenaristlərindən biri Orxan Mərdan Demokrat.az-a bildirib ki, üç aya yaxın müddət keçməsinə baxmayaraq, film yerli və müasir komediya, dram filmləri içərisində ilk beşlikdə yer tutub, rəqəmlər ürəkaçandır. O deyib ki, filmin istehsal müddəti 32 gün davam edib.

“Baxmayaraq ki, pandemiya və müharibə dövrü çəkilişlərin davamlılığına mane olurdu, amma məqsədimizdən geri dönmədik. Çalışdıq ki, gözü, könlü komediya janrına alışmış Azərbaycan tamaşaçısına dram janrını sevdirməyə çalışdıq. Görürük ki, buna nail olmuşuq. Çünki, bizi rayonlarda da çox maraqla qarşılayırlar. Filmin bütün filmsevərlər üçün əlçatanlığını təmin etmək üçün “HƏR KƏS ÜÇÜN KİNO” adlı layihə reallaşdırdıq. Bu layihə çərçivəsində “Zəhər tuluğu” bir çox şəhər və rayonlarımızı gəzib və hələ də gəzməyə davam edir. Ağdaş, Sabirabad, Şirvan, Şamaxı, Lənkəran, Masallı, Mingəçevir şəhərlərində artıq nümayiş olunub. İsmayıllı, Oğuz, Quba, Qusar, Kürdəmir, İmişli rayonlarında isə növbəti həftələrdə nümayişi gözlənilir.

İlin ortasına doğru “Zəhər tuluğu” ölkə hüdudlarını aşacaq. Onu həm də Avropa tamaşaçısı izləyəcək. Köln, Berlin, Amsterdam, Brüsseldə nümayişinin planlaşdırırıq. Ən yaxın tarixdə isə sevilən filmi Rusiyada yayımlanacaq. Düşünürəm ki, bu, Azərbaycan filmi üçün böyük uğurdur. Xüsusilə, komediya janrını qəbul etməyə öyrəşmiş tamaşaçının dram filmini sevməsi, yeni tamaşaçı kütləsinin yaranması, film zövqünün inkişafı deməkdir. Tamaşaçılar yaxşı bədii məhsula dəyər verməyi bacarır.”

Biz də yaxşı iş, maraqlı film və ümumilikdə, mədəniyyətimizin inkişafı uğrunda çalışanlara uğurlar, böyük nailiyyətlər və tükənməz yaradıcı həvəs arzu edirik.

Maya İmran Demokrat.az

D
demokrat.az