Gəncə şəhərində 1988-ci il təvəllüdlü Qədir şəxsi münasibətlər zəminində qonşusu Ramala (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qədir ötən il martın 27-də, saat təxminən 23 radələrində qonşusu Ramal ilə mübahisə edib. Buna səbəb Ramalın evinə çoxlu sayda kənar şəxsləri gətirərək onu və ailə üzvlərini narahat etməsi olub. Qədir Ramalı döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ramal qonşusudur: “Mən 5-ci mərtəbədə qalıram, Ramal isə 3-cü mərtəbədə evində tək yaşayır. Ramalın evinə tanımadığım şəxslər gəlib-getdiyi üçün bir neçə dəfə ona irad bildirmişəm, həmin insanları binamıza gətirməməsini bildirmişəm. Lakin Ramal sözlərimə məhəl qoymadan yenə də evinə ayrı-ayrı şəxsləri gətirib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 27-də, saat təxminən 23 radələrində yaşadığı binanın dəhlizinə daxil olan zaman bir nəfər tanımadığı, ilk baxışdan narkotik vasitə istifadəçisinə oxşar şəxsin dəhlizdən çıxdığını görüb: “Ramalın evinin qapısı açılan zaman spesifik səs gəldi. Bu səbəbdən həmin şəxsin Ramalın evindən çıxdığını bildim. Ramalın qapısına yaxınlaşaraq qapını döydüm. Ramal qapını açan zaman ona dedim ki, sənə neçə dəfə demişəm, kənar şəxsləri binamıza gətirmə. Ramal isə “sən kimsən, yaxşı edirəm, ev öz evimdi, özüm bilərəm” dedi. Ramalın bu sözlərindən sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək əvvəlcə təpik zərbəsi ilə onun sol ayaq nahiyəsindən vurdum. Ardınca isə yumruq zərbəsi ilə sağ göz nahiyəsindən vurdum”.
Qədir ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu söyləyib. O, zərərçəkmiş şəxslə barışdığının deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ramalın sözlərinə görə, evinə kişi dostlarını gətirdiyi üçün qonşusu Qədir onu döyüb. O qeyd edib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Ramal təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Bu cinayət işinə Gəncənin Kəpəz rayon Məhkəməsində baxılıb.
Məhkəmə Qədirin barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


