“Cəmiyyətdə sürətli inkişaf var. Ona görə də mediada yeni qanunun qəbul olunması labüd idi”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.
Deputat vurğulayıb ki, jurnalistlər cəmiyyəti irəli aparan insanlardır:
“Ona görə də media ilə bağlı qanun yenilənməli idi. Qeyd edim ki, “Media haqqında” qanun qəbul olunmamışdan öncə 800-dən yuxarı media mənsubu ilə müzakirə olunub, hətta onlar içərisində müxalifyönümlü jurnalistlərlə də görüşümüz olub”.
Deputat çıxışında media reyestrinə daxil olmağın üstünlüklərindən də danışıb:
“Birincisi, dövlət bu sahənin sərhəddini müəyyənləşdirmək istəyir ki, neçə nəfər jurnalisti var. Bu, nəyə görə lazımdır? Gələcəkdə jurnalistlərə xüsusi imtiyazların verilməsi, sosial məsələlərə cəlb olunması üçün bunların sayı bilinməlidir. Ona görə də reyestrə daxil olmaq jurnalist üçün üstünlükdür. Əgər istəmirsə, qanunda ona heç bir məhdudiyyət yoxdur və yenə də jurnalist fəaliyyət göstərə bilər. Amma, sən əgər qanun çərçivəsində çalışırsansa, nədən çəkinməlisən? Qanun əksinə sənə şərait yaradır, məhdudiyyət qoymur. Tam sərbəst, azad fəaliyyət göstərməyinə imkan verir. Üstəgəl gələcəkdə dövlətin verdiyi hansısa imtiyazlardan da yararlana bilərəsən. Günlərlə “Media haqqında” qanunun müzakirəsi getdi və hətta bir neçə təkliflər də qanuna salındı”.
Aynurə Pənahqızı Demokrat.az


