Kriminal

Şəmkirdə gənclərin qumar oyunu qanla bitdi — Şok olay

Şəmkirdə gənclərin qumar oyunu qanla bitdi — Şok olay

Şəmkir rayonunda 1991-ci il təvəllüdlü Fəxri şəxsi münasibətlər zəminində tanışı, 1988-ci il təvəllüdlü Orxanı öldürməyə cəhd edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fəxri 20 oktyabr 2020-ci ildə, saat 20 radələrində qardaşı Orxan, tanışı Orxan və adları istintaqa məlum olan digər şəxslərlə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynadıqdan sonra Orxan uduzması ilə əlaqədar çayın pulunu verməli olduğunu bildirən qardaşını vurmaq istəyib.

Buna görə Fəxri aralarında yaranmış münasibətlərinə aydınlıq gətirmək üçün Orxan ilə birlikdə küçəyə çıxıblar. Bu vaxt Orxan onun ünvanına nalayiq ifadələr işlədib, eləcə də çiynindən dartaraq kəllə ilə ona zərbə vurub.

Bundan əsəbiləşən Fəxri özündə olan dəmir parçası ilə Orxanın baş nahiyəsinə vurub. Sonra orada adları istintaqa məlum olan şəxslər onları sakitləşdiriblər.

Bundan sonra Orxan oradan kənara çəkilib və Fəxrini yanına çağırıb, mübahisəni davam etdirib. Fəxri özündə olan bıçaqla onu vurub.

İstintaq orqanı tərəfindən Fəxrinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəxri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilib.

Fəxri ifadəsində göstərib ki, Orxan ilə münasibətləri daim yaxşı olub: “Hadisəyə qədər onunla heç bir narazılığım, mübahisəm, ədavət və ya düşmənçiliyim olmayıb. Oktyabrın 20-də, Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Qaqaş” kimi çağırılan şəxsə məxsus çayxanaya gəldik. Orada qardaşım Orxan, tanışım Orxan, Rüfət və Ramin ilə birlikdə söhbət etdik, çay içdik. Əvvəlcə nərd, sonra uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynamağa başladıq. Orxan oyunu uduzsa da çayın pulunu vermək istəmədi. Buna görə qardaşıç Orxan ona irad bildirdi, uduzan tərəf kimi çayın pulunu verməli olduğunu söylədi. Buna görə Orxan qardaşım ilə sözlə mübahisə etməyə başladı. Mübahisə zamanı Orxan qardaşımı sinəsindən tutaraq onu vurmaq istədi. Qardaşım Orxan yaşca məndən kiçik olduğuna görə, söhbətə müdaxilə etdim. Orxana dedim ki, utanmırsanmı çörək kəsmişik, bu nə hərəkətdi edirsən, sənə yaraşmır. Orxan əsəbi halda məni vurmaq istədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Orxan onunla mübahisə etməyə başlayıb: “Sonra Orxan məni küçəyə çağırdı. Həmin vaxt qardaşım özümü müdafiə etmək məqsədilə mənə təxminən 30 sm uzunluğunda dəmir boru verdi. Dəmir parçasını əynimdə olan idman gödəkçəsinin qolunda gizlətdim. Bundan sonra Orxanın yanına getdim. Orxana yaxınlaşaraq ona düzgün etmədiyini dedim. Orxan pulun üstündə mübahisə etmədiyini dedi. Mən isə nə üçün qardaşım ilə mübahisə etməsinin səbəbini soruşdum. Mənə “sənə də qıcandım, vurmadım, vursaydım yerində qalardın”- deyə cavab verdi. Ona dedim ki, sən məni vura bilərsən, amma bu söhbətin sonrasını fikirləşirsənmi. Bu vaxt Orxan qəflətən gözləmədiyi anda çiynimdən tutaraq dartdı və mənə kəllə atdı. Vaxtında arxaya çəkildiyim üçün Orxanın vurduğu zərbəsi güclü olmadı. Sonra idman gödəkçəmin qolunda gizlətdiyim dəmir borunu çıxardım, boru ilə Orxanın baş nahiyəsinə bir dəfə vurdum. Hadisə yerində olan xatırlamadığım uşaqlar dəmir borunu əlimdən aldılar. Sonra aralaşaraq kənara çəkildim. Dəmir boru ilə Orxanı vurduqdan sonra ünvanıma nalayiq ifadələr işlətdi, üzərimə gəldi, məni tutdu və süpürləşdik. Orxan məni vurmaq istəyərkən onun əlindən çıxmaq üçün özümdə olan bıçaqla qoluna vurdum. Məqsədim isə onu qorxutmaq, özümdən kənatlaşdırmaq olub. Orxanı bıçaqla vurandan sonra məni buraxdı. Onun əlindən çıxaraq qardaşım Orxanla hadisə yerindən qaçdıq. Orxan ünvanıma nalayiq ifadələr işlətməkdə davam etdi və arxamızca qaçdı”.

Fəxrinin sözlərinə görə, tutulacağından qorxduğu üçün özünü hüquq-mühafizə orqanlarına təslim etməyib. Qeyd edib ki, sonradan düzgün etmədiyini düşünüb və könüllü özünü təslim etmək qərarına gəlib: “Noyabrın 7-də Şəmkir rayon Prokurorluğuna gəldim və təslim oldum”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə Fəxrinin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsini həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edib. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib.

Fəxri 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az