Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Nümayəndələr palatası və Senat qarşısında çıxışı zamanı ukraynalıları səhvən iranlılar adlandırıb. Bayden çıxışında Rusiya Prezidenti Vladimir Putin Kiyevi tanklarla əhatəyə ala bilər, lakin o, heç vaxt İran xalqının qəlbini və ruhunu fəth edə bilməyəcək" deyib. Onun bu çıxışı növbəti hədəfin İran olduğu ehtimalını artırıb. Bəs, həqiqətən də növbəti hədəf İran ola bilərmi?
Suallımızı cavablandıran BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, hadisələrin indiki gedişində İran istiqamətində yeni gərginlik ocağının yaradılması mümkün deyil. Çünki belə bir addım Rusiyanın Ukraynaya etdiyi təcavüzə haqq qazandırar:
“Dünya ictimaiyyətinin Ukraynanın işğal etmə cəhdinə görə, Rusiyaya etdiyi hərtərəfli təzyiqlərin mahiyyətini heçə endirər. İran dünya birliyinin stabilliyinə təhlükəli addımlar atsa da, hər halda açıq və rəsmi şəkildə başqa dövlətin ərazisinə daxil olmayıb. Bu baxımdan İrana hər hansı müdaxilə ilə Ukraynaya Rusiya müdaxiləsi arasında heç bir fərq qalmaz. Baydenin dil sürüşkənliyi ilə Ukrayna əvəzinə İran deməsində reallığa uyğun heç bir sətiraltı və məqsədli məntiqi uyğunluq yoxdur. Bunu Baydenin yaşlılğının gətirdiyi əlamət hesab etmək olar ki, bu, ilk deyil. Çünki öncələr də belə səhvlər edib”.
Aynurə Demokrat.az


