“1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi:
“Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vəhşilliklə dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. Həmin vaxt hadisə yerində bir çox xarici jurnalistlər olub. Moskva, London, Paris kimi şəhərlərin məşhur mətbu orqanları bu hadisələr barədə yazıb, fotoşəkillər dərc ediblər. Lakin bütün bunlara baxmayaraq, hələ də dünya birliyi və ictimaiyyəti bu faciəni lazımınca qiymətləndirməyib. Düşünürəm ki, Azərbaycan bu sahədə yetərli qədər təbliğat və tanıtma işləri aparsa da, sanki həmin vaxt dünya Xocalını görməzlikdən gəlib. Çünki xarici jurnalistərin özlərinin yazdıqları dəhşətli mənzərələr var. Onlar insanlara tutulan divanları, hətta cəsədlərin başına açılan oyunları, necə vəhşiliklə qətlə yetirilməsindən yazıblar”.
“Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” kampaniyası təşkil olunub. Bu kampaniyaların əsas məqsədi bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir”- deyə deputat əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


