Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Artıq bu kütləvi terror aktının törədilməsindən 30 il ötür. İllər ötsə də, bu qanlı tariximiz yaddaşlardan silinməyib və hələ də qəlbimizdə dərin yaradır. Xocalı soyqırımında çox sayda yaxınını itirən Milli Məclisin deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədovla söhbətləşdik.
Deputat Demokrat.az-a müsahibəsində bir sıra hadisələr barədə söhbət açdı. Onunla müsahibəni təqdim edirik.
- Elman müəllim, artıq Xocalı soyqırımından 30 il ötür. Bu tarix yaddaşınızda hansı izlər qoyub?
- Bu, mənim yaşadığım həyatdır, taledir. Necə var, elə də xatırlayıram hər bir saniyəsini, hər anını. Xocalının son gününə qədər müdafiəsində olmuşam. 30 il bundan öncə 25 fevral.. (dərindən ah çəkir) Həmin gün Xocalıda elə bir sükut var idi ki, heç bir tərəfdən bir dənə də olsun güllə atılmırdı. Yəni, Xocalıda bir ölüm sükutu var idi. Bu, döyüş qabağı, fəlakət qabağı sakitlik sükutu idi. Artıq bizə uzun vaxtlar Azərbaycan tərəfindən vədlər verilirdi ki, möhkəm olun: “Bu gün gəlirik, sabah gəlirik… Möhkəm durun!”. Ancaq o zaman respublikada olan anarxiya, hakimiyyətsizlik, ölkəyə başçılıq edənlərin fərasətsizliyi, qorxaqlığı, vəzifəyə gəlmək istəyənlərin vəzifə və hakimiyyət hərisliyi, bir-biri ilə qarşılıqlı boğuşmaları elə bir şərait yaratdı ki, Xocalıya kömək gəlmədi. - Bəs, bundan sonra nələr baş verdi?
- 30 il bugünkü tarixdə bizim Ağdamda olan vətəndaşlarımızdan bir neçəsi bizə zəng etdi və bildirdilər ki, bunlar heç bir əməliyyat keçirmək fikrində deyillər, köməyə də gələn olmayacaq. Biz də nə imkanımız, nəyimiz var idisə, onunla özümüzü müdafiə edirdik. Bütün qüvvələr, təbii ki, Xocalıda qüvvələr deyəndə, Xocalının yerli özünü müdafiə dəstəsi idi, Xocalı millisi, aeroport millisi idi. Yəni, o vaxtlar 8 milyonluq Azərbaycan xalqından cəmi 21 nəfər igid, cəsarətli döyüşçü oğlu gəlmişdi. Onların komandiri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş rəhmətlik Aqil Quliyev idi. Yerdə qalan müdafiəçilərin hamısı Xocalıdan olanlar idi. Allah rəhmət eləsin, şəhidlərimizə. Xocalıda təxminən 300 nəfərə qədər müdafiəçi var idi. Biz 5-6 min nəfərlik hərbi texnika ilə, silahla, topla silahlanmış düşmənə qarşı dayanmışdıq. Qüvvələr nisbəti qeyri-bərabər idi. Fevralın 25-də axşam saat 7- 8 arasında Xocalının mühasirəsi başlandı. 3 saata yaxın mühasirə davam etdi və saat 11-ə radələrində Xocalıya hücum başladı. Xocalılar da müdafiə olundu, ancaq gücümüz az idi, çatmadı. Xocalıda Azərbaycan xalqına divan tutan tək ermənilər deyildi, 366-cı motoatıcı alayın hərbi texnikası, bütün canlı qüvvəsi hücumda iştirak edirdi. Xaricdən gətirilmiş erməni terror təşkilatlarının döyüşçüləri də hücumda iştirak edirdi. Xocalı bir neçə saat ərzində, yəni səhərə yaxın təslim oldu, məhv oldu, yer üzündən silindi. 613 nəfərimiz şəhid oldu, mindən çox yaralananlarımız, əsir düşənlərimiz oldu. Hadisələrdən sağ-salamat çıxmağı bacaran insanlarımız da Azərbaycana pənah gətirdi. Ermənilər Xocalıda amansız soyqırım törətdilər.
- Qeyd etdiniz ki, ermənilər tərəfdən terrorçular iştirak edirdi…
- Bəli. Qeyd edim ki, Xocalıda bir neçə kilometr dağ istiqamətində Xankəndinə tərəfdə ermənilər yaşayan Ballıca adlı kənd var idi. O kənd əslində Azərbaycanın idi, yəni ora bizim tarixi yurd-yuvalarımız idi. Ancaq sonradan sovetlər dövründə orada ermənilər məskunlaşmışdı. O Ballıca kəndinin ətrafında gözəl bir meşəlikdə sovetlər dövründə pioner düşərgəsi var idi. 88-ci ildə bu hadisələr başlayan vaxtdan ermənilər Ermənistan həbsxanalarından xüsusi təhlükəli cinayətkarları qeyri-qanuni keçirib, gətirib həmin ərazilərdə yerləşdirib, onlara hərbi təlimlər keçirdilər. Kütlənin qabağında gələnlər də məhz hazırlanmış həmin adamlar idi. Hamısı narkotikin, içkinin təsiri altında idi, əyinlərinə eyni boz paltar geyindirilmişdi. Bu haqda bizim məlumatımız var idi. Mərkəzi Bakıya da məlumat vermişdik ki, bunlar burada hərbi düşərgə yaradıb, hərbi təlimlər keçir. 1988-ci sentyabr ayının 18-də ermənilər Xocalıya kütləvi sürətdə hücum edən də həmin dəstə qabaqda gəlirdi. Ona görə biz, Xocalılar müdafiə olunan zaman onlardan murdar olanlar oldu, ermənilər özləri 27 cəsəd apardılar ki, onların da əksəriyyəti bunlar idi. Lakin onlar o meyidləri üzə çıxartmadılar. Çünki Moskvadan SSRİ Daxili İşlər Nazirliyinin istintaq qrupları gəlmişdi. Soruşulacaqdı ki, bunlar Ermənistan vətəndaşlarıdır, yoxsa kimdir? Yəni, çox yerlərdən ermənilər özlərinə kömək gətirmişdilər, cinayətkar, terrorçu dəstələr yaratmışdılar. Dünyanın bir çox ölkələrində uzun illər mövcud olan erməni terror təşkilatlarının döyüşçülərini gətirmişdilər, köməkləri həddindən artıq çox idi.
- Xocalının əsas “qəhrəmanlar”I kimlər idi?
- Qoy onları elə öz faktları ilə deyim. Xocalı hadisələrinin şahidi olmuş rus jurnalisti Viktoriya İvleva öz xatirələrində yazırdı. O, bütün hadisələri öz dili ilə etiraf edirdi. Bunlar faktdır. Qeyd edim ki, Xocalıya hücumdan qabaq dünyanın 10-dan çox ölkəsindən 33 nəfər jurnalist yığıb gətirmişdilər. Ermənilər onları Xankəndində yerləşdirmişdilər və pul, rüşvət müqabilində onları təlimatlandırmışdılar ki, siz bu hücum zamanı iştirak edəcəksiniz, ancaq gördüklərinizin əksinə yazacaqsınız. Yazacaqsınız ki, hücuma keçən azərbaycanlılardır, öldürülənlər ermənilərdir. Viktoriya yazırdı ki Xocalıya hücumda biz jurnalistlər arxadan gəlirdik və baxırdıq ki, ön sırada Rusiya Sovet İttiffaqına məxsus 366-cı motoatıcı alayın hərbi texnikası, onun ardınca 366-cı alayın hərbi qüvvəsi, əsgərləri, üçüncü sırada isə erməni dəstələri gedirdi. Eyni zamanda həmin məlumatları həmin qərargahda olan xüsusi idarənin rus zabiti də Sovolev də yazmışdı. O da sübut edir ki, Xocalıda əsas tapşırıq 366-cı motoatıcı alayın hərbi texnikasına, canlı qüvvəsinə verilmişdi. Təbii ki, insanlarımız qətlə yetirilməsində də bu hərbi texnika əsas rol oynadı.
- Həmin dəhşətli gecədə doğmalarınızdan kimləri itirdiniz?
- Xocalıda şəhid olanların hamısı mənim doğmalarım, yaxınlarım, gözümün işıqları, ciyərparələrim idi. Həmin gecədə çox təəssüf ki, ən böyük itkim 62 yaşında anam oldu. Bundan başqa, iki nənəm – Çiçək nənəm, Mədinə nənəm, xalamın həyat yoldaşı, onun 22 yaşında oğlu İqbal, qayınatam, qayınanam, 2 qaynım, 1 baldızım, 2 bacanağım, onların 4 körpə uşağı, bir ailədən 11 nəfər... və digər qohum-əqrəbalarım şəhid oldu. Bütün xocalılıların hamısı bir-birinin qohumudur, doğmasıdır. Şəhidlər hamımızındır. Bilirik ki, Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində zəfər çaldı. İnanıram ki, çox tezliklə Azərbaycan Ordusu Xocalını, Xankəndini, Ağdərəni, Xocavəndi də işğaldan qurtaracaq. Biz tezliklə doğma yurd-yuvamıza qayıdacağıq. Biz düşməni 44 günlük Vətən savaşında məhv etdik, sona qədər də məhv edəcəyik!
Aynurə Pənahqızı Demokrat.az


