Tarix boyu çoxsaylı müharibələr olub. Müharibə isə dağıntı deməkdir. Yəni, müharibələr nəticəsində ölkələr, şəhərlər, kəndlər və infrastruktur dağılır. Hər zaman belə olub. Amma dağıntıların və faciələrin forması, miqyası, üsulları və dərəcəsi fərqli olub. Qarabağ müharibəsi dağıntıların miqyası baxımından, bəlkə də, ən çox fərqlənən müharibə oldu. Hər dəfə Müdafiə Nazirliyinin Ağdam və Füzulidən yaydığı görüntüləri seyr etdikcə adam dəhşətə gəlir. Onları müqayisə etmək üçün analoq da tapmaq çətindir. Ötən gün Xocavəndin Edilli kəndində kütləvi məzarlıqların aşkar olunması da ilk növbədə erməni vandalizminin növbəti əyani sübutudur. Erməni vandalizminin bütün dünyaya çatdırmaq isə hər bir azərbaycanlının borcudur. Bəs, erməni vəhşilikləri dünyaya necə tanıdılmalıdır?
Suallımızı cavablandıran tarixçi-alim Faiq Ələkbərli Demokrat.az-a açıqlamasında bildirib ki, Xocavənddə azərbaycanlılara məxsus tapılmış kütləvi məzarlıqlar məsələsi çox ciddi məsələlərdəndir. O bildirib ki, bu, bir daha onu göstərir ki, kütləvi qətliamlar Azərbaycanın bütün bölgələrində erməni vandalistləri tərəfindən törədilib:
“Biz belə bir kütləvi məzarlıqlara Qubada, Şamaxıda və digər bölgələrimizdə də rast gəlmişik. Təbii ki, bizim bildiklərimiz bu qədərdir. Sözün açığı, bizim bilmədiyimiz yerlərdə var. İstər Azərbaycan Respublikası ərazisində, istərsə indi Ermənistanın ərazisi kimi qəbul edilən qədim Azərbaycan torpaqlarında hələ nə qədər insanlarımızın kütləvi şəkildə qətliamı törədilməsi ilə bağlı məlumatlarımız var. Torpaqlarımızın xeyli bir qismi işğaldan azad edildikdən sonra biz bu kütləvi məzarlıqların şahidi oluruq. Bu kütləvi məzarlıqlarla bağlı Azərbaycan sistematik işləməlidir. Artıq bununla bağlı hansısa bir mərkəz yaradılmalıdır, yaxud da belə bir təşkilat varsa, onu aktiv hala gətirmək lazımdır. Hər halda düşünürəm ki, bununla bağlı UNESCO kimi təşkilatların da ən azı çərçivəsində bu məsələləri geniş dünya arenasına çıxartmaq olar”.
Müsahibimiz qeyd edib ki, çox güman ki, rus sülhməramlılarının olduğu bölgələrimizdə nə qədər kütləvi məzarlıqlar var:
“İndi mümkün qədər onlar onu aradan qaldırmağa çalışırlar və çalışacaqlar. Ancaq nə qədər aradan qaldırılsalar da, bunlar aşkara çıxır. Ona görə də, erməni vandalizminin əsl mahiyyətini ortaya çıxarmaq üçün bu məsələdə ciddi sistematik iş görülməlidir. Eyni zamanda, bununla bağlı sənədli filmlər çəkilməli və onlar bir neçə dildə yayılmalıdır. Hesab edirəm ki, bu tədbirlər görülərsə, erməni vəhşiliyini bütün dünya arenasına çıxarmaq mümkün olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


