I Qarabağ müharibəsi dövründəki itkin insanlarımızın sirləri açılır.
Qədim yurd yerlərimizi xarabalığa çevirən, daşı-daş üstə qoymayan ermənilərin cinayətlərinə yalnız torpağın üstündə gördüyümüz ağrılı mənzərə deyil, altı da şahidlik etməkdədir. Qəbirlər dağıdılıb, meyitlər yoxa çıxarılıb, baş daşları satılıb, azərbaycanlılar qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırılıb. Və minalardan təmizlənən ərazilərimizə döndükcə hələ necə belə cinayətlərin şahidi olacağımız şübhə doğurmur...
Ermənilərin hərbi cinayətlərinin sübutu olan daha bir kütləvi məzarlıq Xocavəndin Edilli kəndində aşkarlanıb. Birinci Qarabağ müharibəsi zamanı adıçəkilən kənddə ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir. Azərbaycanda səfərdə olan 12 ölkənin nüfuzlu 26 media nümayəndəsi də Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkib. Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyev məzarlıq haqqında məlumat verərək nəzərə çatdırıb ki, 48 gün Edilli kəndində girov saxlanılıb. O bildirib ki, erməni hərbçiləri döyüşlərdə ölən, kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini “KamAz” markalı maşınla daşıyıb bu kəndə gətirərək qazılan quyulara töküb, üstünü torpaqlayıblar.
Ermənilərin törətdikləri bu qəbildən olan hərbi cinayətlər, bununla bağlı faktlar, canlı şahidlər göz önündədir və bunları sübut etmək üçün nəyisə isbatlamağa ehtiyac qalmır. Ermənistan tərəfinin insanlıq əleyhinə olan cinayətlərini, həmçinin düşmənin müharibə dövründə Gəncəyə, Bərdəyə, Tərtərə atdığı qadağan olunmuş silahların izləri aydın şəkildə nümayiş etdirir...
Postmüharibə dövründə Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması ilə bağlı çağırışlar edib, keçirdiyi görüşlərdə bu məsələnin üzərində xüsusi dayanıb. Vurğulamaq yerinə düşər ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə verdiyi bəyanatda da bu məsələ əksini tapmışdı. Aİ Şurası Prezidentinin bəyanatında itkin düşmüş şəxslər mövzusuna toxunulub və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Təbii ki, bu, bir irəliləyişdir və birinci dəfə idi ki, Aİ-nin gündəliyində itkin düşmüş şəxslər məsələsi yer alırdı.
Bu qəbildən olan digər addımları da nəzərə alsaq, müsbətə doğru irəliləyişi vurğulamaq mümkündür. Amma əfsuslar olsun ki, bütün çağırışlara rəğmən Ermənistan əsir və girov götürülmüş, ümumilikdə 4 minə yaxın (71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı) azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır. Reallıq budur ki, postmüharibə dövründə Azərbaycan imzaladığı üçtərəfli Bəyanata, digər sənədlərə uyğun davranıb. Azərbaycan müharibənin gedişində əsir düşmüş şəxsləri Ermənistana qaytarıb, itkin düşənlərin, həmçinin həlak olmuş şəxslərin cəsədlərinin tapılıb qaytarılması üçün bütün zəruri köməkliyi göstərib. Azərbaycanın istər müharibə zamanı, istərsə müharibədən sonra hümanizm prinsiplərinə uyğun davranması danılması mümkün olmayan faktdır.
Ermənistan bu davranışa adekvat addımlar atmalıddır. Bu kimi məzarlıqların yerləri bildirilməlidir, 4 min itkinimiz barədə məsələlərə tezliklə aydınlıq gətirilməlidir.
Bu gün qoşulduğu Cenevrə Konvensiyaları da daxil olmaqla, işgəncə və qeyri-insani rəftarı qəti şəkildə qadağan edən beynəlxalq hüquq norma və prinsiplərini pozan Ermənistandır; insanlığa, bəşəriyyətə qarşı cinayət əməllərini davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə azərbaycanlı əsir və girovların məqsədli şəkildə öldürülərək kütləvi şəkildə dəfn edilməsi faktları mövcuddur.
Bu hərbi cinayətlərə görə Ermənistan cavab verməlidir. Təəssüf ki, bu dil açıb danışan, ört-basdır edilməsi mümkün olmayan cinayətlərə dünyanın reaksiyası hələ də adekvat deyil. Hətta bəzən Ermənistanın bu cinayətlərə görə ən azı qınanmasından belə yan qaçılır...
Onu da xatırlatmaq vacibdir ki, işğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, qurum hələ də bunu gerçəkləşdirməyib. Müharibədən öncə UNESCO rəsmiləri siyasi məsələlərə qarışmamalarını bəhanə gətirirdilər. Müharibədən sonra isə müsbət irəliləyiş olsa da, missiya gerçəkləşməyib. Buna hazırda etiraz edən ermənilərdir. Və ermənilər yaxşı anlayır ki, missiya gəlsə, azad olunmuş torpaqlarda indiyə qədər bəşəriyyətə məlum olmayan erməni faşizminin izlərini, ermənilərin tarixi abidələrə, insanlığa qarşı ölçüyəgəlməz vəhşiliyini əyani şəkildə görəcək...
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


