Gündəm

“Rusiya-Ukrayna savaşı böyük ölçüdə “Baydenin əsəri”dir!” — SENSASİON AÇIQLAMA

“Rusiya-Ukrayna savaşı böyük ölçüdə “Baydenin əsəri”dir!” — SENSASİON AÇIQLAMA

“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin nə qədər çəkəcəyini əvvəlcədən söyləmək bir qədər çətindir. Çünki bu sualın cavabı ilk növbədə daha çox Ukrayna ordusunun müqavimət gücündən asılı olacaq. Eyni zamanda, bu savaşın Rusiya və Ukrayna üçün hansı nəticələri verəcəyi həm də ABŞ və Qərbin reaksiyasından asılıdır. Hələlik bu reaksiyalar mövcud situasiyaya qətiyyən adekvat deyil”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib:

“Ümumiyyətlə, hesab etmək olar ki, Ukraynaya qarşı savaş məhz ABŞ və Qərbin Rusiyanı hədəf alan hərbi-siyasi təxribatları ucbatından baş verib. Yəni, bu savaş böyük ölçüdə “Baydenin əsəri”dir. Əvvəlcə Ukrayna ərazisində NATO hərbi bazaları yerləşdirmək niyyətlərinə eyham vurdular. Ardınca Rusiyanın israrlı etirazlarına baxmayaraq, Ukraynanın NATO-ya üzvlüyü mövzusunu aktuallaşdırdılar. Və nəticədə Ukrayna böhranı yaradaraq, Rusiya ilə qarşıdurmanı maksimum həddə qədər gərginləşdirdilər”.

Politoloqun sözlərinə görə, Rusiya aqressivləşdikdən sonra ABŞ və Qərb böyük sürətlə geri çəkilməyə başladı:

“Hətta, ABŞ prezidenti Co Baydenin son açıqlamasının məzmunu Rusiya Ukraynaya hücum edərsə, Ağ Evin neytral qalacağına tam təminat verilməsi xarakteri daşıyır. Çünki prezident Co Bayden açıq mətnlə vurğulayırdı ki, Kreml Ukraynaya hücum qərarı verərsə, ABŞ Rusiya ilə hərbi münaqişəyə girməyəcək. Bu isə o deməkdir ki, Rusiya Ukrayanaya hücum etməkdən əvvəl tam əmin idi ki, ABŞ və Qərb sadəcə, seyrçi mövqeyində qalacaq. Ona görə də, Rusiya bu qədər arxayınlıqla Ukraynaya qoşun yeritdi”.

“İndi ABŞ və Qərbin Ukrayna ətrafında baş verənlərə reaksiyası yalnız Rusiyaya qarşı vəd etdikləri dağıdıcı sanksiyaların tətbiqi ilə ola bilər. Çünki yalnız Rusiyanın əzici sanksiyalarla Ukrayna ilə savaşı dayandırmağa məcbur etmək olar. Əks halda, Kreml Ukraynada nəzərdə tutduğu bütün hədəflərini reallaşdırana qədər savaşa davam edəcək. Hər halda, hələlik görünən odur ki, ABŞ və Qərb Rusiyanı savaşın dayandırılmasına məcbur edə biləcək “dağıdıcı sanksiyalar”ın tətbiqinə o qədər də həvəsli deyil”, deyə politoloq bildirib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az