“Müharibənin sona çatmasından keçən dövr ərzində Ermənistan tərəfinin, o cümlədən Qarabağdakı erməni separatçılarının hərbi təxribatları nəticəsində çoxlu hərbçilərimizin və mülki şəxslərinin həlak olması bir daha sülhməramlıların fəaliyyətini göz önünə gətirir. Qeyd edim ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənatın müddəasına görə Azərbaycan ərazisində rus “sülhməramlılarının” yerləşdirilməsi separatçıların bu ərazidən çıxarılmasına paralel həyata keçirilməli idi. Məhz rus hərbi qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi postmüharibə dövründə tərəflər arasında təxribatların qarşısının alınması məqsədini daşıyırdı. Bununla Rusiya özünün neytrallığını və regionda sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolunu göstərməklə müsbət imicini bərpa etməyə çalışdı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib.
Politoloq qeyd edib ki, amma proseslərin sonrakı gedişi, postmüharibə dövründə Rusiyanın və onun himayədarlıq etdiyi Ermənistanın hərbi-siyasi davranışları bu missiyanın fəaliyyətinin sənəddə əks olunduğu kimi deyil, daha çox geostrateji məqsəd daşıdığını ortaya çıxardı:
“Biz görürük ki, nəinki separatçıların Azərbaycanın suveren ərazilərində qalması davam edir, hətta Rusiyanın himayədarlığı əsasında saylarının süni şəkildə artırılması, habelə, silahlandırılması müşahidə olunur. Bu vasitə ilə onların Azərbaycana qarşı hərbi təxribatlarının, terror aktlarının həyata keçirilməsinə şərait yaradılır. Digər tərəfdən Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin uzadılmasına, kommunikasiya xətlərinin açılmasına maneçilik törədilir. Ermənistan dəfələrlə kommunikasiya xətlərinin açılmasına, sülh müqaviləsinin bağlanmasına tərəfdar olduğunu bəyan etməsinə baxmayaraq, revanşist və rusmeyilli qüvvələr buna mane olmağa çalışırlar. Ermənistan ordusunda Rusiyanın təsir imkanlarının hələ də qalması iki ölkə sərhədlərində və işğaldan azad edilmiş ərazilərdə tez-tez atışmaların, hərbi təxribatların olmasına təkan verir. Bu, Ermənistanın separatçı mövqeyindən əl çəkmədiyini göstərmiş olsa da, əslində həm də rus hərbi birləşmələrinin regionda mövcudluğunun “vacibliyini” göstərməyə xidmət edir. Halbuki, erməni təxribatlarına rus hərbi birləşmələrinin seyrçi qalmaları, hər hansı qabaqlayıcı addımlar atmamaları onların ümumiyyətlə regionda qalmalarına zərurətin olub-olmadığını gündəmə gətirir”.
Politoloq hesab edir ki, Ermənistan-Azərbaycan arasında sülhün və təhlükəsizliyin əldə edilməsi, sülh müqaviləsinin imzalanması, kommunikasiya əlaqələrinin bərpa edilməsi geosiyasi güclərin təsiri olmadan da mümkündür:
“İqtisadi çətinliklə üz-üzə olan Ermənistanın buna daha çox ehtiyacının olduğunu nəzərə alsaq məsələnin daha tez həll olunmasına ümid etmək olar. Baxmayaraq ki, kənar müdaxilələr prosesin uzadılmasına, sülhün yubadılmasına səbəb olur. Ermənistanın asılı olduğu dövlətlərin buna tələsməməsi prosesi uzadır. Çünki mövcud problemin birdəfəlik həlli, tərəflər arasında sülhün-təhlükəsizliyin tam təmin edilməsi geosiyasi güclərin təsir imkanlarını məhdudlaşdırmaq qorxusunu yaradır”. Aynurə Demokrat.az


