Azərbaycanda uzun illərdir yas mərasimlərinə dəvət olunan mollalarla bağlı problemlər qalmaqdadır. Son illər ölkəmizdə yas mərasimində qadın mollaların da iştirakına rast gəlirik. Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Məlahət İbrahimqızı bildirdi ki, Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir. Deputat vurğuladı ki, həmin qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey deyirlər, “Quran”dan, hədisdən isə ağıllı bir söz deməzlər. Bəs maraqlıdır ümumiyyətlə, dində “molla” anlayışı varmı? Bəzi dindarların iddiasına görə, İslam dinində nə qadın, nə də ki, kişi mollası yoxdur. Bu səbəbdən sual yaranır: “Yas mərasimlərində başsağlığına gəlib, yas mərasimini “yola verib”, 50-100 manat arası “haqq” alanlar kimlərdir?
Demokrat.az saytı məsələyə dair kiçik bir araşdırma aparıb.
İlahiyyatçı Elşad Miri saytımıza açıqlamasında bildirib ki, dində “molla” anlayışı yoxdur. O, ümumiyyətlə, yas mollası deyilən bir vəzifənin də olmadığını vurğulayıb: “Gəlin diqqət yetirək. Bu günləri islamın özündə “molla” anlayışı varmı? Yaxud da, islamı insanlara çatdıran Hz.Muhəmməd peyğəmbərin özünün hər hansısa bir yas yerində “Quran” oxuduğuna dair bir məlumatımız varmı? Qeyd edim ki, peyğəmbərin özünün sağlığında üç qızı və üç oğlu vəfat edib. Onlardan hansısa birinə “Quran” oxumağı və s. kimi bu tipli bir misal varmı? Xeyr, bunların heç biri yoxdur. Bunların heç biri yoxdursa, biz bunları o zaman haradan çıxardırıq?”.
“Bu gün mollalıq Azərbaycanda təəssüflər olsun ki, “din biznesi” ilə məşğul olan insanların peşə anlamına gətirdikləri bir məsələdir. İslamda belə bir dini peşə yoxdur, islamda xüsusi olaraq belə din adamlığı, belə dindarlıq yoxdur. Bu, dini darlıqdır və dini satmaqdır. Satılan şey də insanın olmur, satmısansa, o, artıq sənin deyil. Ona görə də, bu günləri bu mexanizmin özü biabırçılıqdır. Yəni, insanları ayıltmaq, oyatmaq lazımdır. Məsələn, “Qurani-Kərim”in Yasin surəsini oxuyurlar. Yasin surəsinin özü Quranda 36-cı surədir. 70-ci ayəsində var ki, “Quran” diri olanlara xəbər etməyin üçündür. Yəni, “Quran” bunun üçündürsə, biz ölülərə necə oxuya bilərik? Yəni, Qurani-Kərimdə borc alıb-verməklə bağlı məsələlər var. Bunu ölüyə necə oxuya bilərsən? Günəşin hərəkət istiqamətindən bəhs edən bir məsələ var. Bunun ölüyə oxumağın mənası varmı? Yaxud da, baş vermiş hər hansı bir hadisə ilə bağlı məlumat verilirsə, oradan ibrət almağımız istənilirsə, bunu necə ölüyə oxuyub, ondan da eyni şeyi gözləyə bilərik? Bunların hamısına baxanda görürük ki, kökündən yanlış olan bir məsələlərdir və biz bunun digər tərəfini müzakirə edirik. Bütün bunlar “Qurani-Kərim”ə, islama aid olmayan məsələlərdir”, - deyə ilahiyyatçı əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


