Kriminal

Məcburi köçkünə qarşı dələduzluq edən sabiq bələdiyyə sədri niyə cinayət məsuliyyətindən azad edilib? — Şok faktlar

Məcburi köçkünə qarşı dələduzluq edən sabiq bələdiyyə sədri niyə cinayət məsuliyyətindən azad edilib? — Şok faktlar

Bakının Xəzər rayonunda 1971-ci il təvəllüdlü Valeh tanışı Mobilə qarşı dələduzluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Valeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə təxminən 2019-cu ilin avqustun 15-də tanışı Mobilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərdən iki otaqlı ev almaq vədi ilə aldadıb. O cəmi 3800 manatı zərərçəkmişdən Xəzər rayonu, Şüvəlan qəsəbəsində alıb. Vədinə əməl etməyib və Mobilə qarşı dələduzluq edib.

İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ilin yay ayında dostu Mobil ona müraciət edib: “Mobil Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün dövlət tərəfindən tikilmiş evlərdən özünün ev növbəsinə durmasını, lakin, məcburi köçkün sənədləri qaydasında olmadığından ona imtina edilməsini və evdən çıxarılmasını dedi. Mobil məndən köməklik edib-edə bilməyəcəyimi soruşdu. Mən də maraqlanaraq ona cavab deyəcəyimi dedim. Həmin ərəfədə tanışım keçmiş İcra Hakimiyyəti işçisi olan ev alqı-satqısı ilə məşğul olan uzun müddət, 20 ildən çox tanıdığı Mehdiyə müraciət etdim. Mehdi də bildirdi ki, tanışı Təşəkkül adlı onun da tanıdığı şəxsin vasitəsi ilə bu məsələni həll edə bilər və 4000 manat pul evin saxlanılmasına görə xərci var. Bu barədə Mobilə bildirdim. Mobil cəmi 3800 manat olmasını bildirdi. Mən də onunla münasibətim olduğu üçün razılaşdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin təxminən avqustun 15-də Mobil onunla zəngləşib: “Şüvəlan qəsəbəsində parkda bir nəfər öz tanışım ilə birlikdə görüşdük. Orada Kürdəxanı qəsəbəsində dövlət tərəfindən tikilən evlərdən 2 otaqlı evi Mobilin adına verilməsi üçün 3800 manatı sayaraq mənə verdi. Mən də həmin pulu lazımı yerə çatdırıb, 1 ay ərzində ona Kürdəxanı qəsəbəsində tikilən evlərdən 2 otaqlı ev təşkil edib, onun adına sənədləşdirəcəyimə söz verdim”.

Valeh qeyd edib ki, tanışı Mehdiyə 2019-cu ilin yay aylarında Kürdəxanı qəsəbəsində qeyri-yaşayış sahəsi almaq üçün 32000 manat da verib: “Əlavə olaraq 2019-cu ilin avqustunda Mobilin ev məsələsinin də həll olunması üçün ona 3800 manat pul da verdim. Mehdi 1 ay ərzində Mobilin də Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlərdən 2 otaqlı evlə təmin ediləcəyinə əmin etdi. Lakin bundan sonra 4-5 ay keçsə də, Mehdi məni müxtəlif bəhanələrlə yubatmağa başladı. Mən də artıq Mobilə söz verdiyim vədi yerinə yetirə bilmədim. Özümün də aldadılaraq 32000 manatımın Mehdi tərəfindən ələ keçirilməsini bildirdim. Mobil bir müddət gözlədi. Nə qədər çalışsam da, Mehdidən pulumu ala bilmədim. Maddi olaraq çox çətin vəziyyətdə qaldım”.

Valeh bildirib ki, 2020-ci ilin sentyabrında 1000 manatı Mobillə görüşüb və ona qaytarıb: “Lakin sonradan maddi vəziyyətim düzəlmədiyi üçün Mobilin pulunu qaytara bilmədim. O da Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə 21 avqust 2021-ci ildə ərizə ilə müraciət etdi, məndən şikayət etdi. Mənim məqsədim Mobili aldatmaq olmayıb. Mənim özüm aldanmışam. Mehdi barədə özüm şikayətçi olacam. İndiyədək başım ailə vəziyyətim ilə bağlı qarışıq olduğundan müraciət etməmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mobilin sözlərinə görə, Valehi 2016-cı ildə Qala qəsəbəsi sakini kimi tanıyıb və onunla normal dostluq münasibətləri yaranıb: “Valeh əvvəllər Qala bələdiyyəsində işləyib. 2019-cu ildə Kürdəxanı qəsəbəsində qaçqınlar üçün tikilən evlərdən ev almaq qərarına gəldim və dövlət tərəfindən mənim adıma ev verildi. Lakin bir müddət sonra məcburi köçkün vəsiqəm olmadığından mənə ayrılan evdən imtina ediləcəyi barədə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi tərəfindən məlumat verildi. Yəni artıq mənə ev verilmədi”.

Zərərçəkmiş deyib ki, 2019-cu ilin yay aylarında söhbət əsnasında bu barədə Valehə deyib: “Valeh öz əlaqələri vasitəsi ilə həmin Kürdaxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlərdən adıma ev sənədləşdirəcəyinə vəd verdi. Bunun üçün 4000 manat lazım olduğunu dedi. Mən də çoxdan tanıdığım üçün ona inandım və pulu düzəldikdən sonra onunla görüşəcəyimi dedim”.

Mobil bildirib ki, 2019-cu ilin təxminən avqust ayının 15-də valeh ilə zəngləşib və Şüvəlan qəsəbəsində parkda dostu Rəşidlə birlikdə görüşüb: “Orada Valehlə danışdığım kimi 3800 manat pulu sayaraq Rəşidin yanında verdim. Valeh də həmin pulu lazımı yerə çatdırıb, 1 ay ərzində mənə Kürdəxanı qəsəbəsində tikilən evlərdən 2 otaqlı ev təşkil edib, adıma sənədləşdirəcəyinə söz verdim. Bundan sonra 4-5 ay keçdi. Valehlə əlaqə saxlayaraq ev barədə maraqlandım. O, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etmədi”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Valehdən xoşluqla pulunu geri qaytarmasını tələb etməyə başlayıb: “Təxminən 1 il sonra, 2020-ci ilin sentyabrında Valeh məndən aldığı 3800 manat puldan 1000 manatını qaytarsa da, daha sonra zənglərimə cavab vermədi. Pulumu geri qaytarmayaraq məni aldatmaqda davam etdi. Bu səbəbdən Valehin mənə yalandan məcburi köçkünlər üçün ev təşkil edəcəyi vədi ilə aldadaraq 3800 manat pulumu ələ keçirib və mənə qarşı dələduzluq etməsi barədə Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə şikayət etdim”. Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Hökmə görə, Valehin barəsində ittihamedici hökm çıxarılmayıb.

Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün Valeh həmin məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az