Özünü “dövrün görkəmli filosofu” kimi təqdim edən R.Mehdiyevin din fəlsəfəsindən xəbəri yoxdur, yoxsa bilərəkdən “səhv”ə yol verir?
Artıq müəyyən müddətdir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyəti ictimaiyyət nümayəndələri – elm xadimləri, millət vəkilləri, ictimai-siyasi personalar tərəfindən ciddi tənqid edilir. Xüsusilə də, onun “xatirə dəftəri” kimi istifadə etdiyi akademiyanın rəsmi saytında yerləşdirilmiş bəyanatda Azərbaycan dövlətçiliyinin, milli maraqların hədəfə alındığı qeyd edilir. Vurğulanır ki, R.Mehdiyev faktiki olaraq ayrı-ayrı şəxsləri şantaj, dövləti təhdid edir, hakimiyyətə qarşı qarayaxma kampaniyası aparır. Ramiz Mehdiyevin isə onu tənqid edənlərə cavabında “İnsan təbiəti naqisdir. Qurani-Kərimdə qeyd edilir ki, insan nankor varlıqdır” - deyə bildirməsi müzakirələrə səbəb olub. Özəlliklə, sosial şəbəkələrdə aparılan müzakirələr zamanı vurğulanır ki, Qurani-Kərimdə insana yönəlik belə bir hökm verilmir, bu, konyuktur maraqlar naminə müqəddəs kitabın, din fəlsəfəsinin, İslamın mahiyyətinin təhrifidir.
Yer üzünün əşrəfi olan insana “naqis varlıq” demək...
Ceyhun Məmmədov
Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, bu ifadənin işlədilməsi dini baxımdan qəbuledilməzdir: “İnsan naqisdir deyildikdə nə nəzərdə tutulur? İslama görə, insan oğlu yaradılış etibarilə mükəmməl varlıqdır. Yer üzünün əşrəfi olan insana “naqis varlıq” demək din nöqteyi-nəzərindən yanlışdır. Din belə yanaşmanı qəbul etmir. Bu həm də dinin təhrif edilməsidir”.
“İnsanın “nankor varlıq” olması məsələsinə gəlincə, Qurani-Kərimin “Adiyət” surəsinin 6-cı ayəsində buyurulur: “Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur”. Burada insanın insana münasibətindən bəhs olunmur. Söhbət insanın Rəbbinin ona verdiyi nemətlərə münasibətindən, müəyyən qrup insanın öz Rəbbinə qarşı nankorluğundan gedir. Ümumiyyətlə isə, din hansısa məsələdə ümumiləşdirmənin əleyhinədir”,-deyə Ceyhun Məmmədov əlavə edib.
Din hansısa ayədən şəxsi məqsədlər üçün istifadəni qəbul etmir
Millət vəkilinin sözlərinə görə, din ona yanaşmada bütün ehkamlara eyni münasibəti tələb edir: “Din hansısa vəziyyətdə hansısa ayədən şəxsi məqsədlərlə istifadəni qəbul etmir. Qurani-Kərim, eyni zamanda, insanlardana ədalətli, haqqın yanında olmağı tələb edir. İnsanları nankorluqda günahlandıranlar özləri nankor deyillərmi? Kim kimə nankorluq edir? Onlar özləri nə dərəcədə haqqın və ədalətin yanındadırlar? Din bütövdür və o bütöv qəbul edilməlidir”.
Elementar dini-fəlsəfi idrakı olan adam belə söyləməz
İdris Abbasov
Ərəbşünas-alim, filologiya elmləri doktoru, professor İdris Abbasov isə söyləyib ki, elementar dini-fəlsəfi idrakı olan adam “Qurani-Kərimdə insanın nankor varlıq kimi təsvir olunduğu”nu söyləməz. Onun sözlərinə görə, bütün səmavi dinlər, o cümlədən İslam dini insanı Yer üzünün əşrəfi kimi göstərir: “Qurani-Kərimdə insanın gözəl, mükəmməl yaradılış olduğu vurğulanır. Qeyd edilir ki, biz insanı ən gözəl biçimdə yaratdıq, sonra onu alçaqların alçağı etdik. Bugünkü reallıqlarla müqayisədə akademik adından sui-istifadə edənlər, korrupsiya ilə məşğul olanlar, dövlət mülkiyyətini dağıdanlar belə insanlardır. Allah insanı digər varlıqlarla müqayisədə mükəmməl yaradıb, ona ağıl verib. Hər bir insan öz ağlından müxtəlif məqsədlər üçün istifadə edir”.
Professor söyləyib ki, Qurani-Kərimin təhrif olunması yolverilməzdir: “Bu, dinə böhtan atmaqla yanaşı, yaradana – uca Allaha qarşı hörmətsizlikdir”.
Qurani-Kərimdə bütün insanlar “nankor” adlandırılmayıb
Elşad Miri
İlahiyyatçı Elşad Miri deyib ki, Qurani-Kərimdə bütün insanlar “nankor” adlandırılmayıb. “Qurani-Kərimin İbrahim surəsinin 34-cü ayəsində həqiqətin üstünü örtən insanlar üçün “zalım və nankor” ifadələri var: “Ayədə deyilir ki, “əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. O sizə istədiyiniz hər şeydən verib”. Yəni Allahın verdiklərinin dəyərini bilməyənlər “nankor” adlandırılır. Adiyat surəsinin 6-cı ayəsində isə var-dövlətə həris olan insanlar haqqında bu söz işlədilir. “Hud” surəsinin 9-cu ayəsində isə deyilir: “Əgər insana özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Burada da söz konkret şəxslərə yönəlib. “Furqan” surəsinin 50-ci ayəsində isə buyrulur: “Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu bunu nankorluqdan başqa bir şey kimi qəbul etmədi”. Yəni Quranda bildirilir ki, hansı insanlar nankordur, Allah bütün insanları nankor yaratmayıb. Nankorluq, yaxud şükür etmək insanın özünün seçimidir. “Kəhf” surəsində də deyilir ki, istəyən iman gətirsin, istəyən inkar etsin, istəyən şükür etsin, istəyən naşükür olsun”.
Şəxsi nümunə, yaxud öz düşüncəsinin məhsulu
Aydın olur ki, özünü “dövrün mahir tədqiqatçısı – görkəmli filosofu” kimi təqdim edən R.Mehdiyevin din fəlsəfəsindən, Qurani-Kərimdən xəbəri yoxdur, yaxud o, bilərəkdən müqəddəs kitabı təhrif edir. Görünür, o, alim adını istismar, elmin mahiyyətini isə necə təhrif edirsə, müqəddəs kitaba və dinə də eyni məntiqlə yanaşır. “İnsan nankordur” düşüncəsi, əslində, “akademik”in öz təfəkkürünün məhsuludur, yəni o, insana bu nəzərlə baxır, hər kəsi “nankor”, “asi” kimi dəyərləndirir. Bəlkə də, öz nümunəsini əsas götürərək belə qənaətə gəlib. Hər halda, onu tənqid edənlərin də bildirdikləri kimi, dövlətə, dövlətçiliyə qarşı çıxmaq, milli maraqları hədəfə almaq Azərbaycana qarşı nankorluqdur. Yaxud Qurani-Kərimdə də buyurulduğu kimi, nankor varlıq var-dövlətə həris olan insanlardır. Nəhayət, “nan” fars dilində çörək deməkdir, nankor isə çörəyin dəyərini bilməyən, yaxud çörək itirən mənasını ifadə edir. R.Mehdiyev, hər halda, suyundan, çörəyindən qidalandığı məmləkətə - xalqa və dövlətə asi olduğunun, nankorluq etdiyinin fərqindədir.
Nurlan Qələndərli Demokrat.az


