“AMEA-nın saytında adının qarşısına akademik sözünü qeyd edərək özünü elm adamı kimi təqdim etmək istəyən Ramiz Mehdiyev görünür nə elm adamı, nə də ziyalıdır. O, çox yaxşı bilir ki, onun administrasiya rəhbərliyində tutduğu vəzifəsindən getməsi islahatlar dalğasının ən önəmli halqalarından birini təşkil edirdi. Lakin, bundan heç bir nəticə çıxarmayan Mehdiyev ənənəvi formada fəaliyətini davam etdirir və öz kiçik dünyasında oyunlar oynamaqda israrlıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat sözlərini belə davam etdirdi:
“Mehdiyev düşünür ki, ona qarşı hücumlar AMEA-da şəffaflığın təmin edilməsi istiqamətində aparılan yoxlamalarla bağlıdır. Əslində bütöv dövlət institunda yoxlamalar və korrupsiya vəbasına yoluxanlara qarşı mübarizənin gücləndirilməsi, həmin şəxslərin sərt şəkildə cəzalandırılması prosesi məhz Mehdiyev administrasiya rəhbərliyindən uzaqlaşdırılandan sonra sürətləndi. Hazırkı dövrdə isə Ramiz Mehdiyev özünü islahat prsosesinin mərkəzində göstərməklə çox cılız, mənasız və bəzən də sərsəm fikirlər səsləndirməkdədir. Amma onun unutduğu bir məsələ var ki, Azərbaycan cəmiyyəti onun real simasını çox yaxşı tanıyır”.
Millət vəkili əlavə edib ki, hər birimiz cəmiyyətin Ramiz Mehdiyevə münasibətini aydın şəkildə görə bilirik: “Bunun fonunda xüsusi olaraq vurğulamalıyıq ki, heç də vəzifəsini tərk edən bütün insanlar haqqında eyni düşüncələr cərəyan etmir. Bu, Ramiz müəllimin illərdir fürsətdən istifadə edərək özünün müəyyən etdiyi meyarlarla hərəkət etməsi ilə bağlıdır. Keçmişdə onunla bağlı yüksək fikirlərin söylənildiyini dönə-dönə qeyd edir. Razılaşmaq istəmir ki, ictimai-siyasi sferada onun qəbullanması ölkə rəhbərinə olan inam və onun administrasiyasına olan hörmətdən dolayı olub. O, nəinki vəzifəsindən ayrıldıqdan sonra bu hörməti qoruya bilmədi, insanların onun əsl kimliyini öyrənməsinə şərait yaratdı. Qanunun aliliyini heç sayaraq karantin qaydalarını kobud şəkildə pozan, bununla da özünü qanundan üstün tutan şəxs Azərbaycan xalqı tərəfindən sevilə bilməz və nifrətlə qarşılanar. Hazırkı vəziyyətdə Ramiz Mehdiyevin AMEA-da rəhbərliyi Azərbaycan elmi üçün faciədir. Onun ahıl yaşda nümayiş etdirdiyi hərəkətləri təəssüf doğurur. Onu tənqid edən hər kəsi ittiham etməsi, özünün cənab Prezidentin siyasətinə sadiqliyini söyləyərək cəmiyyətin qınağından və ictimai məsuliyyətdən boyun qaçırması, yalnız özünü pərdələmək üçün nümayiş etdirdiyi süni davranışları Mehdiyevin xarakterini açıq şəkildə biruzə edir. Məsələyə onun prizmasından yanaşsaq, ondan başqa heç kim dövlətçiliyə xidmət etmir. Əslində isə dövlətə ən böyük zərbə vurmaq istəyən məhz elə onun özüdür. Düşünürəm ki, Mehdiyevin müqəddəs elm ocağı olan AMEA-dan getməsi vacibdir. Elm adamları bu cür siyasi, şəxsi maraqlara xidmət edən intriqalardan kənar olmalı və elmlə məşğul olmalıdırlar”.
Aynurə Pənahqızı Demokrat.az


