"Ramiz Mehdiyev bu kürsüdə ölmək istəyənlərdəndir, bütün həyatını Rusiya kəşfiyyatına həsr edib".
“Ramiz Mehdiyev haqqında zaman-zaman fikirlərimi söyləmişəm. Hələ Prezident Administrasiyasının rəhbəri olanda fikirlərimi demişəm. Bu adam bir lənət olub, keçib millətin boğazına. Həm Azərbaycan ideologiyasına, həm Azərbaycan siyasətinə, indi də Azərbaycan elminin boğazına keçib və kal armud kimi oradan çıxmaq istəmir”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib. O qeyd edib ki, Ramiz Mehdiyev bütün həyatı boyu ancaq pislik etməklə məşğul olub:

“Mən hələ görməmişəm ki, bu adam kiminsə işinə yarasın. Ola bilər, özü xislətində, özü kimilərə, bəli, yaxşılıq edib. Onların da əksəriyyəti ancaq qohum-əqrəbası olub, yəni “o tərəfdən” olan qohumları. Ümumiyyətlə, bu adam ziyalı adam görmək istəmir. Bu adam Azərbaycan millətini, dövlətini sevən, öz mənliyini, şərəfini qorumaq istəyən, İlham Əliyevin yanında duran və onun yürütdüyü ağıllı siyasəti dəstəkləyənləri görmək istəmir. Kimlər ki, vaxtilə ulu öndər Heydər Əliyevin yanında idi, bu adam onların hamısına qənim kəsilib. Bu adam deyir ki, Azərbaycanda hamı durub-oturub, ancaq Ramiz Mehdiyevi tərifləməlidir və bir növ ona beyət eləməlidir. Bunun psixologiyası budur. Yəni, ideoloji cəhətdən bu adam normal düşüncə yiyəsi deyil. Onu da etiraf edim ki, adam intriqalar üzrə bəlkə də dünyada yeganə bir yarış keçirilsəydi, orada Azərbaycanı çox böyük ləyaqətlə, yəni özünə uyğun olan ləyaqətlə təmsil edərdi. Amma, bu mümkünsüz olan bir şeydir”.
C.Nuriyev fikirlərini belə davam etdirir: “Bütün Azərbaycan buna get deyir, adam ayağını dirəyib. Bilirsiniz, bu adamın akademikliyinə də, alimliyinə də inanmıram artıq. Bunun ziyalılığına, insanlığına inanmıram. Bu deyilənlər kimə deyilsəydi, o adam heç olmasa utanardı. Bunun bir balaca utanmaq sifəti olmalıydı, yəni ziyalı olsaydı, mütləq utanardı. Bunun mədəniyyəti olsaydı, təbii ki, mütləq utanardı. Alim olsaydı çoxdan getmişdi. Görünən odur ki, adam hələ də ötən əsrin ortalarında ilişib qalıb”.
Sabiq deputat bildirib ki, Ramiz Mehdiyev Moskvada aldığı tərbiyəyə uyğun olaraq hərəkət edir: “Bu adamın müəllimləri kimlər olub, mən onu dəqiq bilmirəm. Amma görünən odur ki, adam bu siyasətindən əl çəkməmək üçün daha çox ziyan vurmağa çalışır. O ziyanı vurmaqdan ötrü də hələ orada qalır. Mən Ramiz Mehdiyevin getməyəcəyini bilirəm, yəni bu kürsüdə ölmək istəyənlərdəndir. Mən akademiyadan olan bu qədər alimləri qəbul edə bilmirəm. Heç olmasa, 200-ə qədər akademik, yəni müxbir üzvləri var akademiyanın. Yəni, bunların içərisində bir 50 kişi yoxdur? Xanımları qoyuram bir tərəfə. Bu qədər alimlər var. İki mindən çox elmlər doktoru var. Yəni, akademiyada işləyənlər içərisində 500 kişi bəyəm yoxdur ki, yığışıb gələrlər binanın qabağına, orada dirənərlər, tələb edərlər ki, bu adam gəlməsin bura? Demək ki, Ramiz Mehdiyev bu müddətdə orada özünə uyğun adamları yerləşdirib. Bu, tarixən belədir, adamları çirkaba batırır. Kimlər ki çirkaba batmaq istəmir, o adamları məhv etməklə məşğul olur. Dediyim kimi, onun "qara siyahısı" var və ancaq Azərbaycanı sevənlər, dövlətini sevənlər, vaxtilə Ulu Öndərin yanında olanlar, indi də İlham Əliyevin yanında olan və Azərbaycanın maraqlarını qorumaq istəyənlərin hamısını vurub oyundan çıxardıb. Adam ora ancaq xisləti özü kimi olanları, qarışıq olanları, yəni qohum-əqrəbasını yerləşdirib. Başqa heç kəsi görmək, qəbul etmək istəmir. Ona görə də, o öz xoşuna gedən deyil. O, bəlkə də istefa verərdi, amma nə qədər ki, Rusiyanın təhlükəsiz orqanları var, Ramiz Mehdiyev istefa verməyəcək. Bunu birmənalı bilin! Bu adam birmənalı şəkildə Rusiyanın kəşfiyyatı ilə bağlı bir adamdır və bütün həyatını da ona həsr edib. Bir bunu oradan istefa verməyə qoymayan Rusiyanın kəşfiyyat orqanlarıdır, bir də hörmətli Qalina Arityunovnadır. Ancaq media onun üzərinə getməlidir. Əslində, akademiyadan belə bir addım gözləyirdim. Yəni, burada söhbət milləti, dövləti üçün yananlardan gedir, bunlar yığışıb tələb etməli idilər. Görünən odur ki, bu olmayacaq. Çünki artıq akademiya deyilən bir şey yoxdur. Təəssüf, təəssüf, çox təəssüf!”.
Aynurə Pənahqızı Demokrat.az


