Gündəm

Müşfiq Ələsgərli: “Yeni qanunvericilik konkret olaraq peşəkar jurnalistin cizgilərini, portretini cızır”

Müşfiq Ələsgərli: “Yeni qanunvericilik konkret olaraq peşəkar jurnalistin cizgilərini, portretini cızır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) vəzifələri artırılıb. Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Demokrat.az-a qanunvericiliyin əhəmiyyəti barədə danışıb. M.Ələsgərli jurnalistlərlə bağlı qəbul edilən yeni qərarların onlar üçün faydalı olduğunu bildirib:

“Bu qanunvericiliyin əsas üstünlüyü ondan ibarətdir ki, burada onlayn media sferasında çalışan jurnalistlərin hüquq və vəzifələri də tanınacaq. Sirr deyil ki, Azərbaycanın onlayn media sferasında kifayət qədər jurnalistlər çalışır və onlar media məkanında kifayət qədər yüksək kəmiyyətlə təmsil olunurlar. Çox mühüm yeniliklərdən biri də media reyestrinin tətbiq olunmasıdır. Bu reyestrin tətbiq olunmasından sonra, ümumillikdə, KİV qurumlarının və jurnalistlərin uçotu aparılacaq. Ölkədə nə qədər KİV qurumunun, nə qədər jurnalistin olduğu bəlli olacaq. Bu sayın bəlli olması bu sahədə müəyyən proqramların həyata keçirilməsinə şərait yaradır. Təsadüfü deyil ki, dünən cənab Prezident yeni media qanunu qəbul etməklə yanaşı, paralel şəkildə güzəştli ipotekaların jurnalistlərə tətbiq olunması barədə də sərəncam imzaladı”. M.Ələsgərli əlavə edib ki, yeni qanunvericilikdə yeniliklərin sayı kifayət qədər çoxdur və bu qanun konkret olaraq jurnalistin portretini cızmış olur:

“Bunun da önəmi kifayət çoxdur. Çünki yaşadığımız dövr yeni media dövrüdür. Yeni dövrün əsas komponentləri isə ənənəvi media ilə yanaşı sosial mediadır. Əvvəllər bu sahədə vəziyyət bir qədər qarışıq idi. Kim sosial media təmsilçisidir, kimlər həvəskar, kimlər peşəkar xəbər istehsalçısıdır və s. Yəni, bunların arasında fərq qarışmış olurdu. Amma, yeni qanunvericiliklə bu qarışıqlıq aradan qaldırılır. Yeni qanunvericilik konkret olaraq peşəkar jurnalistin cizgilərini, portretini cızır və göstərir ki, peşəkar KİV qurumu, həvəskar KİV qurumları, yaxud da ki, həvəskar xəbər istehsalçıları kimlərdir. Bunun bilinməsinin özü jurnalistlər üçün çox faydalıdır. Eyni zamanda, bu portretin cızılmasından sonra jurnalistlər üçün müəyyən güzəştlərin tətbiq olunmasında ortalığa çıxmış olur. Bir sözlə, qanunvericilik çox mütərrəqi və yeni elementlərlə zəngindir. Hesab edək ki, yeni qanun Azərbaycan mediasının və jurnalistlərinin yeni və daha peşəkar müstəviyə çıxarılması üçün çox mühüm töhfələr vermiş olacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az