Kriminal

Şabranda qız üstündə dava — Təfərrüat

Şabranda qız üstündə dava — Təfərrüat

Şabran rayonunda 2001-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində həmyerlisi İmranı döyüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 may 2021-ci ildə saat 14 radələrində Şabran şəhəri, H.Əliyev prospektində yerləşən “Optimal” mağazasının yaxınlığında baş verib. Həmin ərazidə Fərid İmrana qarşı zor tətbiq edib, yumruqla çənə nahiyəsindən bir zərbə endirib.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə yaşayır: “Təxminən 5 aydır ki, Şabran rayon ərazisində fəaliyyət göstərən “Kollin” şirkətində fəhlə işləyirəm. Mayın 11-də, saat 14 radələrində Şabran şəhəri H.Əliyev prospektindən Şabran şəhər dəmir yol stansiyası istiqamətində piyada yolun sağ səkisi ilə telefonla danışa-danışa gedirdim. Qarşısımda bir nəfər təxminən 19 yaşlarında bir qızın getməsini gördüm və telefonla danışa-danışa qızdan bir-iki kəlmə söz soruşdum. Həmin qız mənə cavab verdi. Bu zaman arxamdan kimsə məni səslədi. Arxaya dönərkən adı sonradan mənə məlum olmuş, bir qolu olmayan İmran adlı şəxsin olduğunu gördüm. İmrana yaxınlaşdıqda sonuncu məndən həmin qızı tanıyıb-tanımadığımı soruşdu. Mən də qızı tanımadığımı bildirdim. İmran əlində olan sellofanı səkinin üstünə qoydu. Mənim yaxamdan tutdu, qızın qardaşına zəng edəcəyini dedi, mənim boğazımdan tutdu. İmranın əlini boğazımdan çıxardaraq onu sakitləşdirmək istədim. Dava salmaq istəmədiyimi ona dedim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman İmran onun sifətindən yumruq zərbəsi vurub: “Mən də İmranın sifətinə bir yumruq zərbəsi vurdum. Nəticədə İmran yerə yıxıldı. Oradan uzaqlaşmaq istəyərkən yoldan keçən tanımadığım avtomobil saxladı və içərisindən yerə düşmüş bir nəfər şəxs yanıma gəldi. Həmin tanımadığım avtomobilin sürücüsü qolumdan tutdu və İmran adlı şəxsi nə üçün vurduğumu soruşdu. Həmin şəxs məni İmranın yanına aparmaq istədi. Qolumu buraxmağını sürücüdən xahiş etdim. Həmin şəxs qolumu buraxdıqdan sonra onun yanından qaçaraq getdim”.

Təqsirləndirilən şəxs deyib ki, Şabran şəhəri H.Əliyev prospektində yerləşən istirahət parkına getdikdən bir neçə saat sonra Şabran rayon polis şöbəsinin əməkdaşları onun yanına gəlib, onu polis şöbəsinə aparıblar. O, etdiyi əməldən peşman olduğunu söyləyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İmranın sözlərinə görə, 2-ci qrup Qarabağ müharibəsi əlili olduğuna görə Şabran şəhəri H.Əliyev prospektində yerləşən binada ona yaşayış evi verilib: “1996-cı ildə Qarabağ döyüşlərində minaya düşdüyüm üçün sağ qolumu itirmişəm. Mayın 11-də, 14 radələrində mağazadan balıq aldım, sellofan paketə qoydum və yaşadığım evə doğru Şabran şəhəri H.Əliyev prospekti ilə hərəkət etdim. Yolun sağ səki hissəsi ilə yaşadığım evə tərəf gedərkən məndən təxminən 30-40 metr qarşıda qonşuluqda yaşayan Hilal adlı şəxsin qızının getdiyini gördüm. Həmin prospektdə yerləşən istirahət parkının qarşısından keçərək adı sonradan mənə məlum olan Fərid adlı şəxs qıza yaxınlaşaraq ona nə isə dedi. Həmin qız da Fəridin sözünə pis münasibət göstərərək yoluna davam etdi”.

Zərərçəkmiş deyib ki, Fərid qızın ardınca düşərək getməyə başlayıb: “Həmin qızı qonşum kimi tanıdığıma görə Fəridə irad bildirmək üçün onlara çatmaq məqsədilə arxaları ilə getməyə başladım. Həmin prospektdə yerləşən “Optimal” mağazasının qarşısında onlara çatdım. Fəridi kənara çağırdım. Fərid yanıma gəldikdən sonra ona qonşuluğumda yaşayan qıza söz deməsinə görə iradımı bildirdim. Fərid qəfildən çənəmin sağ tərəfindən bir yumruq zərbəsi vurdu. Özümü saxlaya bilməyərək yerə yıxıldım. Bundan sonra Fərid həmin yerdən uzaqlaşaraq getdi”.

İmran bildirib ki, bu zaman mühafizə polisinin əməkdaşı ona yaxınlaşıb və köməklik göstərib: “Məni Şabran rayon mərkəzi xəstəxanasına apardılar. Təqsirləndirilən şəxs ilə barışmışam, şikayətim yoxdur”.

Bu cinayət işinə Şabran rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını nəzərə alıb.

Bu səbəbdən Fəridin barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az