Dəmir yumruğun təsiri altından hələ də çıxa bilməyən ermənilər, deyəsən daha şiddətli zərbə almaq istəyirlər. Belə ki, onlar üzdə azərbaycanlılarla barışmaq niyyətlərini ifadə etsələr də, xəlvətcə yeni qarşıdurmaya hazırlaşırlar. Bunu Caliber.az-ın yaydığı son görüntülər də sübut edir. Burada separatçıların rus “sülhməramlılarının” pərdəsi altında ekskavatorun köməyi ilə xəndəklər qazması əks olunur. Görüntülərin bu gün Ağdam istiqamətində, günorta saatlarında qeydə alındığı bildirilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında bildirib ki, ermənilərin və rus sülhməramlıların bu əməlləri ilə bir daha sübut edir ki, onlar bölgədə sülh istəmirlər:
“Tutduqları əməldən bir daha aydın olur ki, bunların əsas məqsədləri nədir. Aydındır ki, təzədən revanş götürmək istəyirlər, amma bilsinlər ki, uduzarlar. Azərbaycan tərəfindən rus sülhməramlıların qarşısında bu məsələ rəsmi şəkildə qoyulmalıdır. Onlar Azərbaycan tərəfinə bildirilməlidir ki, bu xəndəklər nə üçün qazılır? Yoxsa əks təqdirdə terrorizmə qarşı mübarizə başlayacaq. Bilirsiniz ki, 30 il müddətində beynəlxalq aləmdə bu məsələləri qaldırdıq və heç kim də vecinə almadı. Azərbaycan artıq qəti şəkildə rus sülhməramlılarından vəzifələrini yerinə yetirməyi tələb etməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


