“Şuşa təkcə Azərbaycanın yox, dünyanın nadir şəhərlərindən biridir. O, dağların başında bir mədəniyyət incisidir. Ümumiyyətlə, Şuşanın Azərbaycan üçün özəl əhəmiyyəti var”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili vurğulayıb ki, Şuşada yüz illərlə azərbaycanlılar yaşayıb və oranı azərbaycanlılar qurub, azərbaycanlılar yaradıb:
“Ötən gün bununla bağlı Gənclər Forumundan cənab Prezident İlham Əliyev də fikirlər söylədi. Cənab Prezident çıxışında diqqətə çatdırdı ki, erməni vandalları işğal müddətində torpaqlarımızı viran qoymuş, şəhərlərimizi dağıtmışdır. Cənab Prezident söylədi ki, nəyə görə, siz orada yaşamırdınız? Şuşa sizin idisə, nəyə görə, bulaqlarını qurutmuşdunuz? Söylədi ki, biz ora yaxınlaşanda 1500-ə yaxın insan yaşayırdı ki, onların da əsasını hərbçilər və onların ailələri təşkil edirdi. Qeyd edim ki, Cənab Prezidentin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı sərəncamı bizim üçün xüsusi önəm daşıyır. Bu yolla biz bir növ bütün dünyaya bəyan edirik ki, bu şəhər bizim üçün nə qədər əzizdir, doğmadır. Şuşa mədəniyyətimizin beşiyi sayılır. Hər bir azərbaycanlının Şuşaya münasibəti daha özəl və fərqlidir. Bizi ona daha çox mənəvi tellərimiz bağlayır. Həqiqətən də, Şuşa şəhərinə Azərbaycan vətəndaşının ayağı dəyəndə elə bil dirçəldi. Çünki bizim milli kimliyimizdə torpağa bağlılığımız var. Qarabağ, Şərqi Zəngəzur da bizim üçün digər şəhər və rayonlarımız kimi doğmadır, əzəli torpaqlarımızdır. Şuşa təbii ki, onların içərisində xüsusi çəkiyə və rola malikdir”.
Deputat əlavə edib ki, Cənab Prezident gənclərimizə əsasən milli-mənəvi dəyərlərimizin formalaşmasında və dəyərlərimizin dövlətçiyimizin əsasını təşkil etməsi barədə fikirlər səsləndirdi ki, bunun da xüsusi əhəmiyyəti var idi:
“Hesab edirəm ki, “Müasir, müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub” fikri gənclərimiz üçün yol xəritəsi olmalıdır. Sirr deyil ki, 44 günlük Vətən müharibəsində gənclərimiz bütün bu məsuliyyəti anlayaraq, zəfər çaldılar. Bununla da, bütün dünyaya azərbaycanlı gəncinin necə vətənpərvər olmasını, öz torpağına bağlı olmasını göstərdi. Azərbaycan əsgər və zabiti canından, qanından keçərək, torpaqlarımızı düşmən tapdağından azad etdilər. Şuşanın azad olunması bir dastana çevrildi. Dünya hərb mütəxəssisləri, ekspertləri bu məsələni öyrənmək üzərində hələ də işləyir. Bu gün biz bütün dünyaya quran ölkə imicindəyik, biz Şuşanı yenidən qururuq, orada tarixi abidələrimizi yenidən bərpa edirik. Dünya görür ki, həqiqətən bu torpaqlar kimə məxsus imiş. Erməni vandalları ərazilərimiz dağıtdı, viran qoydu, biz isə əzəli torpaqlarımızı yenidən qururuq. Cənab Prezident gənclərlə söhbətindən bu məqamlara xüsusi toxundu. O, gənclərimizdən ölkəmizi yaxşı qorumaq və onu gələcək nəsillərə əmanət kimi çatdırmağı tövsiyə etdi”.
Aynurə Pənahqızı Demokrat.az


