Gündəm

“Rusiya sülhməramlıları bir ildən çoxdur ki, vicdansızlıqlarını, şərəfsizliklərini sübut ediblər”

“Rusiya sülhməramlıları bir ildən çoxdur ki, vicdansızlıqlarını, şərəfsizliklərini sübut ediblər”

Xankəndində Rusiya hərbi kontingentinn himayəsində bəslənən separatçı-terrorçu rejim yaxın vaxtlarda Xocalı rayonunun "Ayqestan" adlandırdıqları Ballıca kəndində qeyri-qanuni cəzaçəkmə müəssisəsi tikməyə başlayacaq. Qondarma erməni xuntasının qanunsuz "daxili işlər nazirliyi"nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Unan Tacosyan artıq layihələndirmə işlərinə başlanıldığını bildirib. Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan nə qədər ki, belə yumşaq, sakit davranacaq ermənilər də, rus sülməramlıları da özlərini həddindən artıq yekəxana aparacaqlar:

“Rusiya sülhməramlıları bir ildən çoxdur ki, vicdansızlıqlarını, şərəfsizliklərini sübut ediblər”

“Ona görə də, hesab edirəm ki, Azərbaycan bu məsələlərə qəti münasibət bildirməlidir. Elə sonuncu hadisədən görün neçə gün keçib? Bilirsiniz ki, Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini rus sülhməramlıları ilə yanaşı Qarabağdakı erməni separatçıları yoxlayıb. Bu məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi dərhal reaksiya verməli idi. Üstündən artıq bir neçə gün keçib, biz hələ də, o münasibəti görmürük. İndi də həbsxana və digər obyektlər tikirlər. Kimi dindirəcəksən deyəcək ki, bizə qalacaq. Amma, unutmayın ki, bir gün bunlar bizi fakt qarşısında qoyacaqlar. Deyəcəklər ki, baxın görün daşın üstündə nə yazılıb? Bu, ermənilər tərəfindən filan vaxtı, filan tarixdə inşa edilib. Özümüz problem yaradırıq və sonra düşürük, o problemin üstünə. Hesab edirəm ki, bu məsələdə ciddi və qətiyyətli addımlar atmalıyıq. Atmayacağımız təqdirdə, bizim problemlərimiz dərinləşə bilər. İndi həbsxana tikirlər, gələcəkdə də başqa işlər görəcəklər. Ona görə də, diqqətli olmaq lazımdır, münasibətlər sərgiləmək lazımdır. İndi hamı gözləyirik ki, Prezident Administrasiyası nə deyəcək? Prezident və onun köməkçiləri nə deyəcək? Hərənin öz işi var, hamı öz sahəsində müəyyən addımlar atmalıdırlar ki, bu özbaşınalıqlar davam etməsin”.

Ekspert vurğulayıb ki, əslində biz Rusiya sülhməramlılarından heç bir yaxşı şey gözləməməliyik: “Onsuz da onlar gələn gündən 10 noyabr bəyanatının şərtlərinə əməl etmirlər. Bir ildən çoxdur ki, onlar vicdansızlıqlarını, şərəfsizliklərini sübut ediblər. Son günlər baş verən hadisələr onu deməyə əsas verir ki, onlar bura çirkin məqsədlər üçün gəliblər. Həmin o məqsədləri də yavaş-yavaş yerinə yetirirlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az