Kriminal

Qobustanda çobandan arvadına qarşı dəhşətli əməl — Şok təfərrüat

Qobustanda çobandan arvadına qarşı dəhşətli əməl — Şok təfərrüat

Qobustan rayonunda 1992-ci il təvəllüdlü Nadir şəxsi münasibətlər zəminində arvadı Sonaya (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 mart 2021-ci ildə Qobustan rayonunun Qaracüzlü kəndində baş verib.

Nadir müvəqqəti olaraq yaşadıqları fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əlindəki ağac parçası ilə arvadı Sonanı döyüb.

İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qobustan rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla rayonun Cəngi qəsəbəsində yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Sona ilə 2018-ci ildən ailəliyəm və 3 övladımız var. Evli olduğumuz müddət ərzində münasibətlərimiz normal olub. Qobustan rayon Cəngi qəsəbəsində anam, atam və arvadım ilə birlikdə yaşayıram. Çoban işlədiyimə görə qış mövsümünü Qobustan rayon Qaracüzlü kəndi ərazisində yerləşən fermada yaşamışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 30-da əsəbi halda evə gəlib və arvadı Sonanın onun anası Zamirə ilə söz-söhbət yaratdığını görüb: “Anam bu mübahisədən sonra evə su gətirmək üçün getdi. Sonanın anam ilə mübahisə etdiyini üçün ona irad tutdum. Bu səbəbdən də aramızda mübahisə oldu. Sonaya sakit olmasını bildirsəm də, Sona sakitləşmədi. Həmin vaxt əsəbi olduğuma görə Sonaya şillə vurmaq istədim. Lakin Sona geriyə çəkildiyinə görə şillə ona dəymədi. Həmin vaxt otaqda olan ağac parçasını götürdüm və Sonanın sol qoluna, bədəninin müxtəlif yerlərinə zərbələr vurdum. Sonra həyətə çıxdım”.

Nadir bildirib ki, ilkin olaraq Sonanın qolunun sadəcə olaraq əzildiyini fikirləşdiyi üçün onu həkimə aparmayıb: “Sonradan hadisə barədə atama məlumat verdim. Sonra Sonanın qolunun ağrılarının artdığını gördüyümdən onu həkimə aparmağa qərar verdim. Mayın 2-də arvadımı Şamaxı rayon Mərkəzi Xəstəxanasına apardıq. Həkimin bizdən Sonanın qolunun sınması səbəbini soruşdu. Həkimə Sonanı iribuynuzlu heyvanın vurduğunu dedik. Lakin hadisə barədə Sonanın atasına məlumat verdik. Sonra Sonanın atası onu yenidən həkimə apardı. Bu zaman həkimə qolunu mənim sındırdığımı bildirdilər”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sonanın sözlərinə görə, Nadir ilə ailəli olduqları müddət ərzində aralarında münasibətlər normal olub: “Nadir çoban olduğuna görə biz ilin müəyyən hissəsini Qobustan rayon Cəngi qəsəbəsində keçirsək də, qış aylarında Qaracüzlü kəndində yerləşən fermaya gedib, qışı orada yaşayırıq. Nadirin anası Hicran bizimlə birlikdə yaşayır”.

Zərərçəkmiş qeyd edib ki, aprelin 30-da, saat 12 radələrində Qobustan rayon Qaracüzlü kəndində yerləşən evdə olarkən əri Nadir aralarında olan əvvəlki mübahisələri bəhanə gətirib, onunla yenidən mübahisə edib: “Nadir mənə dedi ki, bu evdə sakit qal, dediyim sözlərə qulaq as. Bu sözlərinə görə, ona öz etirazımı bildirdim. Nadir evdə olan ağac parçası ilə məni vurmaq istədi. Geriyə çəkilmək istəsəm də, ağac mənim sol qolumun dirsək hissəsinə dəydi. Nadir mənim yerə yıxıldığımı gördü, bədənimin müxtəlif hissələrindən təpiklə zərbələr vurdu. Bir neçə dəqiqə məni davamlı olaraq döydükdən sonra isə otaqdan çıxdı. Mən də Nadirin arxasınca sürünə-sürünə otaqdan çıxdım. Nadirin yanına gedərək hadisə barədə polisə məlumat verəcəyimi bildirdim. Həmin vaxt Nadirin yanında olan anası Hictan isə “get hara istəyirsən şikayət elə”- sözlərini dedi. Lakin həmin vaxt mobil telefonum olmadığı üçün polisə məlumat verə bilmədim. Ərim Nadir ilə aramızda olan mübahisə barədə heç kimə xəbər vermədiyim üçün məni həkimə də aparmadılar. Ərim və qayınanam məni həkimə aparmadıqlarını gördüm, bu barədə qayınatama xəbər verdim. Qayınatam məni Şamaxı rayon xəstəxanasına apardı və müayinə etdirdi. Həmin xəstəxananın həkimi məndən xəsarət almağımın səbəbini soruşdu. Mən isə ərimdən qorxduğum üçün iribuynuzlu heyvanın zərbəsi ilə qolumun sındığını dedim. Həkim məni müayinə edərək sol qolumun sındığını dedi, qoluma gips qoydu. Xəstəxanadan çıxdıqdan sonra isə qayınatam məni Cəngi qəsəbəsində yerləşən öz yaşadığımız evə gətirdi. Qayınatam ərim ilə məni barışdıracağını və mübahisə olmayacağını bildirdi. Məndən evdə qalmağımı xahiş etdi. Buna görə də baş vermiş hadisə barədə heç kimə məlumat vermədim.

Lakin mayın 6-da atası onun yanına qonaq gəlib və qolunu görüb: “Atam səbəbini soruşdu. Atama Nadir tərəfindən döyüldüyümü dedim. Atam isə məni Şamaxı rayon Xəstəxanasına apardı”.

Bu cinayət işinə Qobustan rayon Məhkəməsində baxılıb.

Hökmə görə, təqsirləndirilən şəxslə zərərçəkmişin barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alınıb.

Bu səbəbdən Nadirin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Demokrat.az

D
demokrat.az