Gündəm

"Ziyarətgahlarda toplanan ianələr, nəzirlər, yardımlar qeyri-şəffaf şəkildə mənimsənilirdi" — AÇIQLAMA

Ziyarətgahlarda toplanan ianələr, nəzirlər, yardımlar qeyri-şəffaf şəkildə mənimsənilirdi — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır. Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Tanınmış ilahiyyatçı Elşad Miri Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu sahədə dəyişəsi çox məsələlər var. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin qurulması da həmin qurumun rəhbərliyinin bəzi məsələlərdə fərqli çıxışlar etməsinə səbəb olmuşdur:

“Təbii ki, ondan sonra uzun müddət keçdi və dini komitə qurulanda faktiki olaraq, Qafqaz Müsəlmanlar İdarəsinin nizamnaməsinin bir çox maddələri dəyişdirilmişdir. Onları dini mərkəz kimi yox, bir qeyri-hökumət təşkilatı kimi qeydiyyata almışdılar. 5 il ərzində məsələ bu cür davam etdi. Sonra Hidayət Orucov həmin komitəyə rəhbər gələndən sonra məsələlər sakitləşdi. Amma son dövrlərdə qurumun rəhbərinin İranın dini lideri nümayəndəsinin qarşısında çıxış edərkən, Qarabağın işğaldan azad edilməsini, xüsusilə də, Şuşanı İranın dini liderinin fətvası ilə əlaqədələndirməsi bir səhv olaraq qəbul edildi və bu, heç bir yerdə qəbul edilmədi. Buna özləri də heç bir şəkildə haqq qazandıra bilmədilər. Ondan sonra məsələnin nə qədər müxtəlif yollarla düzəltməyə çalışsalar da, amma nəticə hasil olmadı. Bu gün artıq bəlli bir yaş həddinə çatmış qurumun rəhbərinin timsalında həmin qurumun səlahiyyətləri əlindən alınaraq, Türkiyədə olduğu kimi, “Diyanət İşləri Başkanlığı” formatında dini komitə əsas rol oynayacaq. Bunun da davam edəcəyini, yəni sadəcə bununla kifayətlənəciyini düşünmürəm. Bu proseslər müəyyən bir müddətdən sonra fərqli formada cərəyan edəcək. Çünki bilirsiniz ki, Bakı İslam Universitetinin ləğv edilməsi, Azərbaycan İlahiyyat Universitetinin təsis edilməsi, onun da dini komitəyə verilməsi bütün bunlar müəyyən dövrlərdə müəyyən addımlarla tədricən baş verən proseslərdir”.

İlahiyyatçı əlavə edib ki, Azərbaycandakı din xadimlərinin böyük əksəriyyəti İran təmayüllü insanlardır: “Faktiki olaraq, onlar orada olan dini anlayışı bizdə tətbiq etməyə çalışırlar. Son günlər gündəmdə olan bəzi məsələlərə baxdığımız zaman bunlara şahid ola bilərik. Eyni zamanda, Qarabağ məsələsində diplomatik qaydada danışıqlar edilsə də, nəticə etibarilə onların Azərbaycana qarşı qəddarlığının şahidi olduq. Bu məsələdə uzaq Pakistan, habelə ən yaxın dəstəyi qardaş Türkiyə verdi. İran isə bu məsələdə tam əksinə düşmən cəbhəsində, fərqli formada yer aldı. Təbii ki, bunlar da öz sözünü deyir və özünü büruzə verir. Qeyd edim ki, həmin ərəfələrdə bizim din xadimlərinin çıxış etməmələri, guya siyasi tərəf olduğunu iddia etmələri ilə bunu pərdələməyə çalışdılar. Ancaq nəticə etibarilə görünən odur ki, həmin qurumların səlahiyyətləri əllərindən alınaraq, onlar kimi düşünənlərə, onların arxasında olanlara müəyyən dərs verilmiş oldu”.

İlahiyyatçı Tural İrfan isə açıqlamasında bunun çox düzgün qərar olduğunu deyib: “İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. Onlar da əsasən İranda, Qumda oxuyan şəxslərə üstünlük verirdi. O şəxslər də oxuyub təhsil aldıqları ölkənin siyasi xəttini təbliğ edir, o ölkənin özünə məxsus İslam modelini ölkəmizdə təbliğ edirdilər. Xurafatçılıq da buna görə yayılırdı. Çünki xarici qüvvələr fanat insanları xurafat vasitəsilə daha asan təsir altına sala bilirlər. Bununla yanaşı ziyarətgahlarda da toplanan ianələr, nəzirlər, yardımlar qeyri-şəffaf şəkildə mənimsənilirdi. İstər İran təmayüllü siyasiləşmiş yerli ruhanilərə, istər Səudiyyə Ərəbistanı təmayüllü radikallığa meylli şəxslərə milli dəyərlərimizə və dövlət qanunlarımıza müvafiq fəaliyyət göstərmələri üçün bu qanun birbaşa təsir edəcək. Ancaq yenə də diqqətli olmaq vacibdir ki, xarici təsirlərdən qaynaqlanan ünsürlər yenə də məscidlərə sızmasın. Habelə pirlərə, ziyarətgahlara təyin edilən şəxslər də milli dövlətçilik ənənələrinə vaqif olan şəxslər olsun. Çünki insan məscidə inancına görə gedir. Oranı müqəddəs hesab edir və inanır ki, orada danışılanların hamısı həqiqətdir. Odur ki, məscid imanlarını təyin edərkən də hər şeydən öncə xaricə bağlı olub-olmaması aydınlaşdırılmalıdır. Əgər zərrə qədər Azərbaycan Respublikasının siyasi xəttinə, ərazi bütövlüyünə, hər hansı maraqlarına qarşı gələn ölkədə təhsil alıb, təlim görübsə, əsla onu Allah evinə yaxın qoymaq olmaz. Mən düşünürəm ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sayəsində bütün bunlar öz müsbət həllini tapacaq. Daha Qumda yarı siyasi, yarı dini təhsil alanlar yox, yerli dini məktəblərdə oxumuş, milli ruhlu, ənənəvi İslamı qavramış şəxslər məscidlərə təyin olunacaqlar. Çünki Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində kifayət qədər savadlı, dini dərindən bilən kadr potensialı var”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az