İncəsənət

Xalq artisti: “Ağdam qısa zamanda dünyanın ən möhtəşəm şəhəri olacaq”

Xalq artisti: “Ağdam qısa zamanda dünyanın ən möhtəşəm şəhəri olacaq”

“Son vaxtlar Qarabağa avtobus reyslərinin açılması çox təqdirəlayiqdir. Çünki vətəndaşlarımız gedib o gözəl torpaqları ziyarət edir, gəzir və gözləri ilə erməni vandallığına şahid olurlar”.

Bunu Demokrat.az-a açıqlamasında muğam ustası, Xalq artisti Mənsum İbrahimov deyib.

Muğam ustadı hesab edir ki, Ağdam qısa zamanda dünyanın ən möhtəşəm şəhəri olacaq: “Mən də öz doğma yurdum olan Ağdamı ziyarət etdim. Həqiqətən də, həmin anları sözlərlə ifadə etmək çox çətindir. Ona görə ki, biz 28 il sonra Ağdamımıza qovuşduq, Ağdamımızın yenidən təməli qoyuldu. Qeyd edim ki, mən ötən il Ağdamın təməlqoyma mərasimində iştirak etdim, həm də çox mötəbər bir tarixi hadisəyə şahidlik etdik. Mən bu olanlara görə, şükür edirəm. Bu zəfər şəhidlərimizin, qazilərimizin, Ali Baş Komandanımızın və müzəffər ordumuz sayəsindədir. Hazırda Ağdam ruh kimidir. Çünki işğal altında ən çox dağıntılara məruz qalmış torpaqlarımızdandır. O cür möhtəşəm şəhər yer üzündən tamamilə silinib, sanki ora bir atom bombası atılıb. Vandallar onu tamamilə yerlə-yeksan edib. Mən görmüşəm ki, əsgər əsgərlə döyüşər. Əsgər qəbirlərlə, məscidlərlə döyüşməz. Ona görə də, ermənilər bir millət deyil və onların bu vəhşilikləri dünyaya tanıdılmalıdır. Çox təqdirəlayiq haldır ki, bu il Ağdam istiqamətinə də marşrutlar açılıb. İnsanlarımız istədiyi vaxt gedib oranı ziyarət edə biləcəklər. Düzdür, hələ ki, konkret marşrutlar var, çünki ərazilərin çox hissəsi erməni vandalları tərəfindən minalanıb. Amma çox istərdim ki, gənclərimiz, vətəndaşlarımız orada baş vermiş vəhşilikləri dünyaya tanıtsınlar”.

M. İbrahimov əmindir ki, yaxın zamanda Ağdam tam bərpa ediləcək: “Əminəm ki, Ağdam dünyada nümunə şəhərlərindən biri olacaq. Çünki oranın baş planı ilə tanış olmuşam və çox möhtəşəm plandır. İnşallah ki, yavaş-yavaş məskunlaşma olacaq və biz Şuşamızda, Ağdamızda və digər bölgələrimizdə əbədi yaşayacağıq. Mən oranın gələcəyini çox möhtəşəm görürəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az