"Rusiya üçün maraqlı odur ki, qoşununu Qazaxıstandan çıxartsın və işğalçı dövlət imici yaratmasın”— Tural Abbaslı

GÜNDƏM 14 yan 2022, 19:24
“Ehtimallar var idi ki, Rusiya qoşununu Qazaxıstandan çıxarmayacaq, müxtəlif bəhanələr gətirəcək və orada qalacaq. Amma, hazırkı dönəmdə Rusiya üçün də maraqlı odur ki, qoşununu Qazaxıstandan çıxartsın və işğalçı dövlət imici yaratmasın”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O qeyd edib ki, Krımı ilhaq edəndən sonra Rusiyanın onsuz da pis olan imici beynəlxalq aləmdə bərbad vəziyyətdə idi:

“Bundan sonra da Qazaxıstana sülh, sabitlik yaratmaq naminə girib də çıxmamaq Rusiyanın beynəlxalq imicini yerlə-yeksan edərdi. Təbii ki, KTMT-ni də ora daxil olan ölkələrin müdafiəsi üçün yaradılmış bir qurum yox, işğalçı bir qurum olaraq dünyaya tanıdardı. Ona görə də təbii ki, Rusiya ölçüb-biçdi və oradan çıxmağın daha məqsədəuyğun olduğunu hesab etdi. Düşünürəm ki, onsuzda Rusiya orada 3-5 gün qalmaqla özünün dünyaya vermək istədiyi mesajı verdi. Rusiya bəyan etdi ki, mən özümün geosiyasi təsir dairəmdə olan ərazilərdə digər siyasi mərkəzlərin hər hansı bir oyun qurmasına, yaxud da formalaşmış status-kvoların dəyişməsinə imkan verməyəcəm. Lazım gələrsə, bunun üçün ordudan belə istifadə etməkdən çəkinməyəcəm. Təbii ki, bu mesaj verildi və bu mesajın dalında da konkret iş durdu, rus qoşunları daxil oldu. Orada Qazaxıstanda fəaliyyətlərdə bulundular və bundan sonra da təbii ki, çıxmalı idilər. Hadisələrin bundan sonrakı gedişatının necə olacağını müəyyən eləmək, demək  münəccimlik olardı”.

T.Abbaslı əlavə edib ki, çünki hazırda regionda vəziyyət çox qəlizdir, qarışıqdır:

“Burada bilirsiniz ki, müxtəlif siyasi mərkəzlərlə paralel region dövlətlərinin də maraqları dəyişir və region dövlətlərinin də istər siyasi, istər hərbi, istərsə də iqtisadi gücü dəyişir. Bu dəyişimlər təbii ki, regiona təsir edəcək. Hər şey qazax xalqının özünün aparmasından  asılıdır. Qazaxıstan iqtidarının, Qazaxıstanın yeni formalaşacaq müxalifətinin, beynəlxalq aləmin Qazaxıstana verəcəyi təpkilər və yaxud da ki, orada gedəcək sonrakı proseslər, Türkiyənin bu məsələyə mövqeyi düşünürəm ki, növbəti mərhələdə təsir edəcək əsas faktorlar olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top