Dövlətimiz gənc nəslin fiziki və mənəvi cəhətdən daha sağlam yetişməsinə nail olur

İDMAN 12 yan 2022, 15:00
2021-ci il ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, idman istiqamətində də uğurlu il olub. Dünyanı cənginə almış pandemiya şəraitinə baxmayaraq Azərbaycan ən fəal ölkələrdən biri kimi beynəlxalq arenada keçirilən bütün böyük yarışlarda, müxtəlif beynəlxalq turnirlərdə uğurla təmsil olunub. Əvvəlki illərdə olduğu kimi, Azərbaycan həm də dünyanın idman mərkəzlərindən biri olaraq diqqəti cəlb edib, bir sıra nüfuzlu yarışların təşkili ölkəmizdə uğurla gerçəkləşib. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisi, futbol üzrə “Avro-2020”nin qarşılaşmaları, cüdo üzrə “Böyük dəbilqə”, paracüdo üzrə Qran-Pri yarışı, aerobika və batut gimnastikası üzrə dünya çempionatları və digər turnirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar məşqçi, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudov ötən il ölkəmizdə idman sahəsində əldə edilən nailiyyətlərlə bağlı danışarkən bildirib. O, qeyd edib ki, dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki və mənəvi cəhətdən güclü, kamil, vətənpərvər yetişməsinə nail olur: “Bu böyük işlərin təməli Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər ölkəmizə rəhbərliyinin hələ birinci dövründə idmanın inkişaf perspektivlərinə xüsusilə diqqət yetirərək uşaq və gənclərin hərtərəfli inkişafı üçün titanik səylər göstərib. Məhz həmin dövrdən ölkəmizdə bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılmasına başlanılıb. Ümummilli lider Heydər Əliyevin idman siyasətini uğurla davam etdirən ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Olimpiya hərəkatı və idmanın inkişafı geniş vüsət alıb.

Vurğulayıb ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksinin tikilməsi, Bakıda ən müasir idman infrastrukturunun mövcudluğu, əvvəlki illərdə tikilmiş idman obyektlərinin əsaslı təmir olunması, eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalının inşa edilməsi bu sahədə uğurların təməlində durur. Bunların arasında təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd etməliyik. Şübhəsiz, həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrin qurulması istiqamətində aparılan işlər öz nəticəsini verir, bu sahədə nailiyyətlər getdikcə artır”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Olimpiya dəyərlərinin təbliğindəki böyük xidmətlərindən danışan F.Umudov deyib: “Mehriban Əliyevanın yüksək təşkilatçılığı sayəsində ölkəmizdə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər böyük uğurla keçirildi”.

F.Umudov Azərbaycanda Olimpiya hərəkatı və idmanın inkişafının məhz uğurlu dövlət siyasəti sayəsində mümkün olduğunu bildirib: “Bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolunu önə çəkən dövlətimizin başçısı deyib: “Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma, eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”.

“Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik, öz ölkəsinə sadiq, Vətənini canından da artıq sevən gənc nəslin yetişməsi dövlət başçımızın böyük səyləri nəticəsində həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində mümkün olub. Vətənə ilahi sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəslin nümayəndələrinin Vətən müharibəsində göstərdikləri igidliklər, qəhrəmanlıqlar dünyada dastan oldu. Şübhəsiz, postmüharibə dövründə Azərbaycanın qarşısında erməni vəhşilikləri nəticəsində viran qalan torpaqlarımıza yeni həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlməsi, dünyanın ən inkişaf etmiş diyarlarından birinə çevrilməsi üçün çox böyük işlərin görülməsi durur. Tarixi ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsindən sonra regiona böyük qayıdışın ön sıralarında quruculuq işlərində var gücləri ilə, əzmlə çalışan gənclərimiz nümunə göstərirlər”, - deyə F.Umudov əlavə edib.

Azərbaycanı 2022-ci ildə bütün sahələrdə, eləcə də, idmanda böyük uğurlar gözlədiyini deyən Əməkdar məşqçi bildirib ki, rəhbərlik etdiyim “Sərhədçi” voleybol klubu Azərbaycan Super Liqasında mübarizə aparır: “Təbii ki, bizim üçün ilk uğur ölkə çempionatında nailiyyətə imza atmaqdır. Komanda ilə bağlı böyük planlarımız var. Belə ki, arzumuz voleybolçularımızın avrokuboklara vəsiqə qazanması və bu uğurların davamı olaraq beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməkdir. Klubumuza göstərdikləri diqqət və dəstəyə görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə, eləcə də federasiya rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Dövlətin diqqət və qayğısına cavab olaraq idmanımızın daha yüksək zirvələrə yüksəlməsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top