Elman Nəsirov: “Sosial şəbəkələrdə anarxiya hökm sürür, tənzimlənməsi üçün qanuna ehtiyac var”

GÜNDƏM 12 yan 2022, 13:21
“Sosial şəbəkələrdə feyk xəbərlərin yayılmasını nəinki aktual, hətta son siqnal hesab etmək olar. Xüsusilə də xaricdə oturan, özlərini mühacir adlandıran "azərbaycanlılar" “Youtube” kanalı açaraq şər-böhtan dolu dezinformasiyalar yayırlar. Sosial şəbəkələrin Azərbaycan seqmentində də həmin informasiyaları tirajlamağa başlayırlar. Nəticədə, məmurların, deputatların işgüzar imicinə xələl gətirir, onların şərəf və ləyaqətini alçaldırlar. Lakin dezinformasiya yayanlar görürlər ki, sosial şəbəkələrdə istənilən şəxsi təhqir etsələr də, buna görə cəza almırlar. Mən öz timsalımda bunun dəfələrlə şahidi olmuşam”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, bu gün sosial şəbəkələrdə anarxiya hökm sürür və bunun qarşısı mütləq alınmalıdır: "Son günlər barəmdə yayılan dezinformasıyaya əsasən, guya mən unun bahalaşmasının xalqımızın sağlamlığı üçün olduğunu demişəm. Bu dezinformasiya bütün sosial şəbəkələrdə yayılıb, rəylərdə məni hər kəs təhqir edib. Təsəvvür edin, demədiyim fikri adımdan yayırlar, məni təhqir edirlər və sonra da cəzasız qalırlar. Belə hallar daha da intensivləşib. Hesab edirəm ki, bunun əsas səbəbi məhz Yeni Azərbaycan Partiyasını təmsil etməyim, haqq işini müdafiə etməyimdir. Çünki ləkələmək, qaralamaq yolunu tutanlar Azərbaycandakı sabitliyi həzm edə bilmirlər. İstəyirlər ki, ölkədə də Qazaxıstanda baş verən hadisələrin şahidi olaq. Bu niyyətdə olanlar satqınlar və dönüklərdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün sosial şəbəkələri tənzimləyəcək qanuna ciddi ehtiyac var. Əks halda, istənilən adamı gözdən sala, onun şərəf və ləyaqətini alçalda bilərlər. Qanun olacağı halda da, misal üçün, mən haqqımda dezinformasiya yayanları məhkəməyə versəydim və haqlı olaraq qalıb gəlsəydim, həmin şəxslər həbs olunacaqdı. Belə olan halda isə, onlara siyasi məhbus adı qoyulacaqdı. Nəticədə, qondarma siyasi məhbus siyahısını artırmış olacaqdılar. Biz bu kimi faktorları da nəzərə alıb susuruq, amma nəticədə böyük boşluq yaranır. Ona görə də sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanun qəbul edilməsinə ehtiyac var".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top