“2022-ci ildə Şuşada real həyatın başlanğıcının şahidi olacağıq”

GÜNDƏM 03 yan 2022, 19:06
“Bildiyimiz kimi, 2020-ci ildə Azərbaycan torpaqları düşmən işğalından azad edildi. 2021-ci il isə Qarabağda quruculuq və Qarabağa qayıdış proqramının başlanğıcı kimi tarixdə qaldı”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat vurğulayıb ki, 2021-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülmüşdür:

“Cənab Prezidentimiz demək olar ki, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərimizə dəfələrlə səfərlər etmişdi. Belə ki, cənab Prezident Azərbaycanın bölgələrinə ötən il 47 dəfə səfər etmişdir ki, bunlardan da 32-si azad edilmiş torpaqlarımıza olan səfərlərdir. Qeyd edim ki, cənab Prezident təkcə Şuşa şəhərinə ötən il 7 dəfə səfər etmişdir. Təbii ki, əsas hədəf, məqsəd ən qısa zamanda işğaldan azad olunmuş ərazilərin bərpası və buranın canlanması, keçmiş köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsidir. Bildiyimiz kimi, 2022-ci il də cənab Prezident İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunub. Burada isə əsas məqsəd Şuşada görülən quruculuq, abadlıq işlərinin sürətlənməsi və vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasının təmin olunmasıdır”. Deputat ötən il Şuşa şəhərində “Xarı bülbül” festivalının keçirildiyini də diqqətə çatdırıb:

“Həmçinin Vaqif poeziya günləri də yenidən keçirildi. Hər iki tədbirdə cənab Prezident İlham Əliyev və çox hörmətli, birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdilər. Şuşa şəhərində çoxlu təməl qoymaların, bərpa, restarvasiya proseslərinin yaxından izlənməsini və proseslərin nəzarətini şəxsən özləri həyata keçirtdilər. Heç şübhəsiz ki, 2022-ci ildə bu işlər davam etdiriləcək və Azərbaycan Şuşa şəhəri əsas götürülməklə, bütün işğaldan azad olunmuş ərazilərimizin quruculuq və abadlıq işlərinin həyata keçirilməsinin şahidi olacağıq. Ümid edirik ki, “Şuşa ili” çərçivəsində biz Şuşa şəhərində daha böyük işlərin icrasının şahidi olacağıq. 2022-ci ildə artıq Şuşada real həyatın başlanğıcının şahidi olacağıq, biz Şuşaya artıq turistləri qəbul edə biləcəyik və ən qısa zamanda qarşıya qoyulan bütün hədəflərin reallaşmasını görəcəyik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top