Baş redaktor: “Media haqqında” qanunun mətbuatda yaranmış xaos və biabırçılığa son qoyacağına ümid edirəm”

GÜNDƏM 30 dek 2021, 13:55
“İstənilən ölkədə qəbul olunan qanunların məqsədi məhdudlaşdırıcı xarekterlidir”.

Bunu Demokrat.az-a açıqlamasında “Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz deyib. Media eksperti qeyd edib ki, bu, hətta ən demokratik dövlətlərin marağında olan bir məsələdir: 

“Amma ictimai təşkilatlar, media qurumları, jurnalistlər isə çalışır ki, daha çox müstəqillik, daha geniş fəailiyyət göstərmək üçün məkana nail olsunlar. “Media haqqında” qanun layihəsinin bu qədər ciddi müzakirə olunmasına səbəb əslində budur, ya da bu olmalı idi. Qanun layihəsi ətrafında gedən siyasi manipulyasiyanı və qrant almaq oyunlarını kənara qoysaq sağlam jurnalistlərin məqsədi məhz bu geniş fəailiyyət məkanın əldə edilməsiydi. İlk gündən qanun layihəsinin müsbət və məni qane etməyən tərəflərini dəvət olunduğum bütün müzakirələrdə demişəm. Nəzərə alınan da olunub, izahı verilən də”. 

Şöhrət Eldəniz Milli Məclisin üçüncü oxunuşda edilən dəyişikləri müsbət dəyərləndirdiyini deyib: 

“Əsasən də 14.1.11-ci maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənməsi mənim də etiraz etdiyim məqam idi. Bu dəyişikliyi müsbət qarşıladım. Deməli müzakirələr vaxtı ciddi dinləyiblər. O cümlədən lisenziya məsələsi barəsində də manipulyasiya edilirdi. O maddəni də düzəldərək daha aydın ifadə ediblər. Bütövlükdə, mən “Media haqqında” qanunun mətbuatda yaranmış xaos və biabırçılığa son qoyacağına ümid edirəm. Fikrimi isə belə bitirim. Parlamentdə qanunun 3-cü oxunuşda ictimai müzakirəsi zamanı çıxış edərək belə bir fikir bildirdim: “Azərbaycan mediasının bu günə düşməsində Əli Həsənov və Vüqar Səfərlinin imtiyaz sahibi etdiyi jurnalist, baş redaktor və media qurumları ilə yanaşı, demokratiyanı inhisara götürdüyünü düşünən və Avropa fondlarından qrant alan media təşkilatlarının və onların bosslarının da günahı böyükdür. Ona görə yeni qanun növbəti inhisarçı bossların yaranmasına imkan verməməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top