Mehman Əliyev: “Hamı Ermənistana dedi ki, otur yerində...”

MÜSAHİBƏ 29 noy 2021, 17:17
Soçidə baş tutan üçtərəfli görüş və qəbul edilən bəyannamə regionda kommunikasiya xətlərinin açılmasını, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsini nəzərdə tutur.

"AzPolitika.info" mövzunu “Turan” informasiya agentliyinin direktoru, siyasi analitik Mehman Əliyevlə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Mehman müəllim, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri on aydan sonra Rusiya liderinin təşəbbüsü ilə Soçidə bir araya gəldi və müharibədən sonra sayca üçüncü üçtərəfli bəyannamə imzlandı. Soçi görüşünün yekunlarını necə qiymətləndirirsiniz?

- Əslində belə bir görüşün keçirilməsi noyabrın 9-na nəzərdə tutulurdu. Cürbəcür məlumatlar yayılırdı. Aydındır ki, həmin vaxt görüş keçirilə bilməzdi. Çünki görüşün keçirilməsi üçün şərait lazım idi. Regionda şərait, daha çox Ermənistanda durum bu görüşün alınmasına imkan vermirdi. Nəzərə alınmalıdır ki, görüş ancaq foto çəkdirmək və hansısa təəssürat yaratmaq məqsədilə keçirilmir. Real görüş əslində bir il ərzində görülən işlər, onların analizi və növbəti addımların atılması məsələsi haqda aydın təsəvvürlər yaratmalı idi. Vəziyyət onu göstərirdi ki, İrəvan delimitasiya və demarkasiya məsələsində addım atmağa hazır deyil. Üstəlik, yolların açılmasına da qarşıdır. Bunu da birbaşa Qarabağ məsələsi ilə əlaqələndirir, açıq deyirdilər ki, bunu etsək Qarabağı itirərək və s. Yəni Qarabağın statusu məsələsini daha çox ortaya atırdılar və bu daha çox özünü ilin birinci yarısında göstərirdi. Sonra seçkilər keçirildi və Paşinyan mövqelərini gücləndirdi. Obrazlı desək, erməni cəmiyyəti sülh partiyasına dəstək verdi. Cəmiyyətin əhvalı sülhə meyli göstərdi. Amma buna baxmayaraq Köçəryan və Sarqsyan dəstəsi informasiya oyunlarına başladı, cəmiyyəti yox deməyə hazırlayırdı. Noyabrın 8-də onlar İrəvanda müharibənin dayandırılmasının birinci ili münasibəti ilə mitinq keçirdi. Açıq elan olundu ki, sərhədlərin delimitasiya və demarkasiyasını qəbul etməyəcəklər. Üstəlik, hakimiyyətin istefasını tələb etdilər. Həmin gün axşam Paşinyan İctimai Televiziyada çıxış etdi və bildirdi ki, biz buna getməliyik, amma cəmiyyətdə belə durum var. Bu da imkan vermir ki, addım ataq. Noyabrın 16-da isə sərhəddə məlum hadisələr baş verdi. Bu hadisələr erməni cəmiyyətinə göstərdi ki, Azərbaycan tərəfi və o cümlədən Minsk Qrupunun həmsədrləri geri çəkilən deyil. 

Əslində ABŞ və Avropa Birliyi noyabrın 10-unda imzalanan bəyanatın işə salınmasında maraqlıdır və buna dəstək verdilər. Başqa sözlə, Azərbaycan ordusunun Zəngəzurda apardığı əməliyyata heç kəs etirazını bildirmədi. Bu da erməni cəmiyyətinə mesaj oldu ki, məsələyə beynəlxalq yanaşma Azərbaycanın tərəfindədir və gələcəkdə destruktiv addımların atılması nəinki beynəlxalq yanaşma tərəfindən bəyənilmir, hətta bu hal böyük fəsadlara gətirib çıxara bilər. Bu durum Paşinyanın əl-qolunu açdı və deyildi ki, İrəvan delimitasiya-demarkasiya prosesinə, habelə kommunikasiyaların açılması üzrə danışıqlara hazırdır. Bu bildiriləndən sonra Soçi görüşünün hazırlanması prosesinə başlanıldı. Əlbəttə, bu proses Rusiyanın patronajı altında və Qərbin xeyir-duası əsasında gedir.



- Soçi görüşündən və imzalanan bəyanatdan çıxan nəticə nədir?

- Ermənistan tərəfi üç məsələnin həyata keçirilməsinin vacib olduğunu təsdiq etdi. Bunlar demarkasiya və delimitasiya, kommunikasiyaların açılması və humanitar məsələlərlə bağlıdır. Əlbəttə, Ermənistanda buna etiraz olaraq mitinqdə keçirildi, amma aksiyada kifayət qədər az insan iştirak edirdi və bunun da ciddi təsiri ola bilməz. Əksinə, erməni cəmiyyəti daha çox sülhə meyllidir. Yekun ondan ibarətdir ki, Ermənistan tərəfi rəsmi olaraq bu prosesi Azərbaycanın istədiyi formada getməsini dəstəklədi. Burada status və digər məsələlərə də yer olmadı. Qeyd edim ki, Paşinyanın görüşdən əvvəl verdiyi müsahibədə də status tələbi yox idi, deyilirdi ki, delimitasiya və demarkasiya olmalı, yollar açılmalıdır, amma orada hüquqi məsələ də var ki, həllini tapmalıdır. Belə neytral bəyanat vardı. Əslində Soçi görüşünün nəticələrini müsbət qiymətləndirmək olar.

- Necə hesab edirsiniz, son görüşdə Zəngəzur dəhlizi ilə bağlı yekun qərar qəbul olundumu?

- 44 günlük müharibədən sonra müxalifət Paşinyanın istefasını tələb etdi, Sarqsyan-Köçəryan cütlüyü hərəkətə keçdi. Məcbur etdilər ki, hökumət növbədənkənar seçkilərə getsin. İyul ayına qədər başları seçkilərə qarışdı. Bu seçki “Ermənistan hansı yolla gedəcək” məsələsini həll etməli idi. Azərbaycanla münaqişə, yoxsa sülh yolu əsas götürüləcək sualına həmin seçkilər cavab verdi. Yəni sülh yolu yanaşması Ermənistanda qələbə çaldı. Ondan sonrakı prosesdə də müxalifət yenə də dayanmadı, dedi ki, imkan vermərik. Nəhayət, 8 noyabrda mitinq keçirildi. Sonra da noyabrın 16-da sərhəddə hadisələr yaşandı. Yəni onlara başa salındı ki, sizinlə zarafat edən yoxdur, nazınızla heç kim oynamayacaq. Burada Ermənistanın gözləntisi daha çox Moskvadan idi. Açıq deyirdilər ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı razılaşmalara əsasən onlara dəstək verməlidir. Daha sonra elan olundu ki, biz NATO-ya, ABŞ-a, Avropa Birliyinə müraciət edəcəyik, onlardan kömək istəyəcəyik və s. Hamı da Ermənistana dedi ki, otur yerində. Bu mesaj verildi və bundan sonra hər şey həll edildi.

Mənim qənaətimcə, əslində Rusiya və Qərb növbəti dəfə təsdiq etdi ki, bu oyunu ikisi birlikdə oynayır. 16 noyabrda bu, bir daha təsdiq edildi. Qarşı tərəfə də göstərildi ki, düşünməyin ki, Rusiyanın mövqeyi dəyişib, nəsə başqa şey ola bilər və s. Göstərildi ki, bu proses var və ona əməl olunmalıdır. Hamı da bu prosesi dəstəkləyir. Əsas mesaj bu idi. Mənim fikrimcə, Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində Brüsseldə keçiriləcək növbəti görüşü bu prosesin davamı kimi qiymətləndirmək lazımdır.

- Amma Avropa İttifaqının dekabrın 15-də planlaşdırdığı Əliyev-Paşinyan görüşündən əvvəl tərəfləri Rusiya bir araya gətirdi və sanki digər mərkəzlərin bu prosesə müdaxilə etməməsinin vacibliyinə dair mesaj vermiş oldu...

- Mən öncədən qeyd etdim ki, Rusiya və Qərb bu prosesdə bir yerdədir. Ruslar da heç kimi qabaqlamayıb. Bu görüş noyabrın 9-da olmalı idi, amma buna hazır deyildilər. Yəni Putinə dedilər ki, görüş olmaz. Bundan sonra ermənilərə dərs verdilər, anlatdılar ki, sizinlə zarafat edən yoxdur. Qərb də bu prosesə dəstək verib, fikir ayrılığı yoxdur. Diqqət edin, Şərq Tərəfdaşlığı Proqramı və onun sammiti birdən-birə ortaya çıxmayıb. Bu çoxdan planlaşdırılan və gözlənilən tədbirdir. 

İkincisi, Azərbaycan və Ermənistan bu tədbirdə ən yüksək səviyyədə iştirak etməlidir. Bunlara da təklif edilib ki, gəlin görüş keçirək. Hər iki tərəf də buna razılıq verib. Başqa sözlə, bu sammit ələlxüsus Azərbaycan və Ermənistan üçün keçirilmir. Sadəcə olaraq bu sammit çərçivəsində Əliyev-Paşinyan görüşünün keçirilməsi məsələsi qaldırılmışdı. Mənim fikrimcə, bu məsələlərdə vahid mövqe var. Məsələn, bir var demarkasiya, bir də var delimitasiya. Delimitasiya ümumi baxışı əldə etmək, demarkasiya isə konkret addımları atmağı nəzərdə tutur. Burada prosesə baxanda Avropa Birliyi çərçivəsində olan danışıq və s müzakirələr sanki delimitasiyadı-ümumi baxışlar, razılaşmalar və s. Demarkasiyanı isə Putin edir. Yəni konkret tərəflər oturacaq, müəyyən olunacaq ki, kimin sərhədi hardan başlayır və harada qurtarır. Praktiki işləri ruslar görür.

- Soçi danışıqlarından sonra Türkiyə və Azərbaycan rəsmiləri arasında danışıqlar baş verdi. Bu baxımdan indi bölgədə gedən proseslərdə Türkiyə varmı, varsa, hansı formada iştirak edir?

- Türkiyə bu proseslərdə iştirak edib və bu proses davam edir. Beynəlxalq razılaşma var idi ki, müharibə yolu ilə Ermənistan sülh danışıqlarına gətirilsin. Çünki sülh prosesi çərçivəsində Ermənistan güzəştə hazır deyildi. Odur ki, müharibə baş verdi və bu yekdil qərar idi. Rusiya bu prosesdə spesifik rol oynamasın deyə Türkiyə bu prosesdə iştirak edib. Rusiya ilə münasibətləri olan ölkə kimi. Üstəlik, Yaxın Şərqdə onların birgə müştərək işləri var və s. O biri tərəfdən də Türkiyə NATO üzvü və Qərbə yaxın olan dövlətdir. Türkiyə burada planlaşdırılan tədbirlərin həyata keçirilməsinin qarantı kimi iştirak edib. Türkiyəni ona görə Monitorinq Mərkəzinə dəvət ediblər ki, gəl əyləş, bax gör biz nə ilə məşğuluq. Yəni biz burada erməniləri gücləndirmək, dəstək verməklə məşğul deyilik. Türkiyə də bu prosesdə iştirak edib. Digər tərəfdən, təsəvvür edirsiniz ki, Türkiyənin prosesdə iştirak etməsi ermənilərə necə təsir edib? Bu da İrəvana mesajdır ki, vəziyyət budur və siz bunu “yeməlisiniz”. Yəni rusların nəyisə dəyişəcəyinə ümid etməklə heç nə olmayacaq. 

Əgər, biz bir qədər geriyə - müharibəyə qayıtsaq görərik ki, orada aktiv formada iki dövlət hərəkət edirdi: Rusiya və Türkiyə. Mənim qənaətimcə, Rusiya hər şey etdi ki, erməni tərəfi qələbə çala bilməsin, Türkiyə isə hər şey etdi ki, Azərbaycan tərəfi qələbəni əldə etsin. Ona görə də, Paşinyan deyəndə ki, bizim raketlərin 10 faizi uçurdu, düşünün, görün bunun arxasında hansı məqamlar durur... 

- Bundan sonra regionda nələr yaşanacaq, proseslər hansı istiqamətdə gedəcək?

- Başlayan proseslər müvəqqəti və operativ-taktiki addımlar deyil. Bu addımlar strateji xarakter daşıyır. Ona görə də bu prosesin sonu regionda Azərbaycan və Ermənistan arasında sülhün tam bərqərar olması, sonrakı mərhələdə əməkdaşlığın yaranmasına hədəflənib. Proses bu istiqamətdə gedəcək.

İkincisi, burada başqa bir məsələ də var. Qarabağ probleminin bu formada həlli Osetiya və Abxaziya probleminin həllinə gətirib çıxaracaq. Rusiya da müəyyən sözlər atır. Məsələn, Prezident Ərdoğanın təklif etdiyi 3+3 formatına razı olduğunu və bunun başlanmasını istədiyini ifadə edir. Əslində Gürcüstana mesaj verir ki, prosesdə iştirak et. Hələlik, Tbilisi prosesə qatılmaq istəmir. Amma regionda müəyyən yenilik var. Bu yenilik çərçivəsində uzun müddət Ermənistanın müttəfiqi olan Rusiya döndü. Mümkündür ki, Gürcüstan-Rusiya münasibətlərində də yaxşınlaşma başlasın. Bu çərçivədə Abxaziya və Osetiya məsələsində müəyyən irəliləyişlərin əldə edilməsi də müşahidə oluna bilər. 

Beləcə, Qafqaz daxil olmaqla, Qara dənizdən Xəzər dənizinə qədər sabitlik yaranar. Mən prosesi belə görürəm.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top