Vətən Müharibəsi Qəhrəmanının adı məktəbə verildi — FOTOLAR

SOSİAL 29 noy 2021, 15:26
Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan gənclərdən biri də Fəqan Zalovdur.  

Demokrat.az xəbər verir ki, Fəqan Amil oğlu Zalov 1997-ci il aprelin 1-də Sabirabadın Qarağayın kəndində məcburi köçkün düşərgəsində anadan olub. Qarabağsız qalan, məşəqqətli qaçqınlıq həyatı yaşayan Fəqanın ən böyük arzusu doğma vətəni – Füzulini azad görmək olub.

O, 2003-cü ildə birinci sinfə gedib, 2014-cü ildə orta məktəbini bitirib.

2015-ci ilin iyulun 1-də həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən döyüşlərdə vuruşaraq fərqlənib.

2017-ci ilin yanvarında ordudan təxris olunub.

Həmin il Hərbi Dəniz Qüvvələrinin (SAH) xüsusi təyinatlılar kursunu keçib, kiçik miçman rütbəsi ilə xüsusi təyinatlı kimi hərbi xidmətə davam edib.

Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.

23 yaşlı Fəqan 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Fəqan Zalov göstərdiyi şücaətlərə görə  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" və   "Qubadlının azad olunmasına görə" medalları ilə də təltif olunub.

Şəhid ailələri, onların problemlərinin həlli hər zaman dövlətin diqqət mərkəzində saxlanılır və  eyni zamanda şəhidlərimizin adlarının əbədiləşdirilməsi  istiqamətində mühüm işlər görülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il 339№li sərəncamı ilə Horadiz şəhər 3№li tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilib. Bu münasibətlə məktəbdə tədbir keçirilib. Tədbirdə Füzuli  rayon İcra Hakimiyyətinin  başçısı Alı Alıyev, şəhidin ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin kollektivi və digərləri iştirak ediblər. Əvvəlcə şəhidin adı əks olunmuş lövhənin açılışı olub. Daha sonra məktəbdə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalova həsr edilmiş guşəyə baxış keçirilib. Çıxışçılar Fəqan Zalovun qəhrəmanlıq dolu döyüş yolundan söz açıblar. Şəhidin atası Amil Zalov şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirib.

Daha sonra Fəqan Zalov haqqında hazırlanmış videoçarxa baxış keçirilib. Məktəblilər  şəhidlər haqqında kompozisiya təqdim ediblər.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top