Abşeronda əri tərəfindən döyülən qadın gecəyarı evdən qaçdı — Təfərrüat

KRİMİNAL 29 noy 2021, 14:08
Abşeron rayonunda 1983-cü il təvəllüdlü Vahid ailə münaqişəsi zəminində həyat yoldaşı Zeynəbi (adlar şərti verilib – red.) döyüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 2-də, saat 23 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş verib.

Vahid yaşadıqları evdə olan zaman Zeynəb ilə mübahisə edib. Vahid arvadına uşaqlara yaxşı baxmaması və natəmiz saxlaması barədə irad bildirib. 

Bu səbəbdən onların arasında ailə münasibətləri zəminində mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı sərxoş vəziyyətdə olan Vahid yumruq və şillə zərbələri ilə Zeynəbin sifət və baş nahiyələrinə bir neçə dəfə zərbələr vurub. 

İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Zeynəb onun həyat yoldaşıdır: “Biz altı il olar ki, ailə qurmuşuq. Son vaxtlarıdır evdə səliqə səhmana fikir vermir, iki yaşlı qızıma yaxşı baxmır və natəmiz saxlayır. Sentyabrın 2-də saat 23 radələrində yaşadığımız Mehdiabad qəsəbəsində evdə 1 ədəd çaxır içdikdən sonra Zeynəblə uşağı natəmiz saxlaması ilə bağlı söhbət etdim, iradımı bildirdim. Zeynəb mənə kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı. Əsəbləşərək yumruq və şillə zərbələri ilə onun sifət və baş nahiyəsinə bir neçə dəfə vurdum. Bundan sonra Zeynəb evdən getdi. Həmin günün səhərisi Mehdiabad polis bölməsindən mən çağrılanda Zeynəbin şikayət etməsini bildim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zeynəbin sözlərinə görə, əvvəllər Oğuz rayonunda Vahidin yaşadığı evdə yaşayıb: “Vahid məni döydüyü üçün ondan ayrıldım, atamın yaşadığı Kürdəmir rayonuna gəldim. 6 aydan sonra Vahid məni incitməyəcəyinə dair söz verdiyi üçün biz barışdıq, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayədə yaşamağa başladıq. Vahid tez-tez spirtli içki qəbul edir, evdə mənə müxtəlif iradlar tutaraq mübahisə yaradıb”. 

Zərərçəkmiş bildirib ki, sentyabrın 2-də, saat 23 radələrində Vahid yaşadıqları evdə uşaqlara nəzarət etmədiyini, natəmiz saxladığını deyib: “Bir neçə dəfə yumruq zərbələri ilə sifət nahiyəmə və baş nahiyəmə vuraraq mənə xəsarət yetirdi. Həmin günün səhərisi Mehdiabad polis bölməsinə gələrək bu barədə şikayət etdim”.

Zeynəb ifadəsinin sonunda Vahid ilə barışdığını, cinayət işin icraatına xitam verilməsini xahiş edib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. hakim Şövkət Nəcəfovanın sədrliyi ilə hökm elan edilib. 

Vahidin arvadı ilə barışması məhkəmə tərəfindən nəzərə alınıb. Zərərçəkmişin şikayətçi olmadığını əsas gətirən hakim Vahidin barəsində olan cinayət təqibinə xitam verib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top