Azərbaycan və Ermənistan liderlərinin Moskvasız görüşündən nə gözləmək olar?

GÜNDƏM 21 noy 2021, 14:35

"Moskvanın iştirak etmədiyi görüşdə hansısa yeniliyin ortaya çıxacağı inandırıcı görünmür. Çünki prosesə real güc olaraq Rusiya ilə Türkiyənin təsir imkanları var. Avropanın bu məsələdə təsir imkanları isə elə də geniş deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Avropa İttifaqı Şərq Tərəfdaşlığı sammiti çərçivəsində dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi barədə məlumata münasibət bildirərkən deyib.

Bununla belə, deputat həmin görüşdə bəzi maraqlı nüansların ola biləcəyini də istisna etməyib:

"Bütün bunlara baxmayaraq, görüşdə yəqin ki, maraqlı nüanslar olacaq. Gedişat göstərir ki, bu istiqamətdə müəyyən yeniliklər gözləyə bilərik. Amma onun indiki məqamda nə dərəcədə gerçəkləşəcəyini söyləmək çətindir. Tərəflər arasında elə ziddiyyətlər var ki, mütləq hansısa formada çözülməlidir. Bunun üçün də ilkin razılaşmalar olmalıdır. Bildiyim qədər ilkin razılaşmalar da yoxdur. Yoxdursa, hansısa görüşdə məsafə qət etmək də çətinliklər olacaq”.

F. Mustafanın fikrincə, Aİ-nin tərəflər arasında irəliləyişə nail olmaq yolunda maraq və imkanları geniş deyil:

"Oradakı qüvvələrin səlahiyyəti nə dərəcədə olacaq ki, müəyyən mənada irəliləyişə kömək göstərə bilsinlər? İnanmıram ki, Avropa Birliyinin belə bir marağı və imkanı olsun. Çünki ermənipərəst mövqe tutduqları ortadadır. Ona görə də hansısa yeni yanaşma gözləmirəm”.

Həmsöhbətimiz düşünür ki, Azərbaycan Prezidenti ilə erməni baş nazir arasındakı görüşdə ola bilsin, açıq dialoq olsun:

"Əsas sərhədlər və Zəngəzur dəhlizilə bağlı məsələlərdir. Ölkəmiz üçün prinsipial məsələ Zəngəzur dəhlizidir. O, baş tutmasa, tamamilə başqa yolu izləyəcəyik. Ermənilərə izah olunmalıdır ki, o halda Laçın dəhlizinə problemlər yaranacaq. Bu fonda isə yenidən bölgədə problemlər alovlanacaq. Ermənilər də bunu başa düşür. Ona görə də hər hansı bir təkliflə çıxış etmək artıq ermənilərin boynundadır. Zəngəzur dəhlizilə bağlı konkret fikirlərini bildirməlidirlər”.

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top