İlham Əliyevlə Nikol Paşinyanın Brüssel görüşündə nələr müzakirə oluna bilər? — ŞƏRH

GÜNDƏM 20 noy 2021, 14:05
Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Bu barədə Aİ-nin bəyanatında deyilir. Bəs, bu görüşdə hansı proseslər yaşana bilər?

Suallımızı cavablandıran Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Demokrat.az-a açıqlamasında vurğulayıb ki,  ATƏT-in toplantısı zamanı Azərbaycan və Ermənistan liderləri arasında görüşün olması çox vacibdir. Politoloq bildirib ki, Azərbaycan və Ermənistan bir çox məsələləri müzakirə etməlidir: 



“Bu məsələlərin müzakirəsi nə qədər tez baş verərsə, regionda o qədər sabitlik əldə edilə bilər. Hesab edirəm ki, dekabrın 15-də Brüsseldə dövlət başçılarının baş tutacağı görüşdə delimitasiya və demarkasiya, o cümlədən kommunikasiyaların açılması gözlənilmir. Çünki delimitasiya və demarkasiya, eyni zamanda kommunikasiya xəttləri ilə bağlı məsələ Rusiya, Azərbaycan, və Ermənistan arasında yeni formatda danışıqlar müzakirəsinin predmetidir. Bildiyiniz kimi, danışıqlar Azərbaycan və Ermənistan arasında müharibəyə qədər ATƏT-in Minsk qrupu çərçivəsində baş tuturdu, amma faktiki olaraq ona Rusiya rəhbərlik edirdi. Bu gün də artıq  həm hüquqi, həm də faktiki olaraq bu Rusiyanın kurasiyasındadır. Amma,  ATƏT-in toplantısı zamanı Azərbaycan və Ermənistan liderləri arasında görüşün olması çox vacib bir məsələ idi. Çünki  44 günlük müharibədən sonra İlham Əliyev və Nikol Paşinyan arasında görüş baş tutmayıb. N.Paşinyan bir neçə dəfə əslində yeni sazişlərin imzalanmasında imtina etmişdi. Moskvanın da son zamandakı qəzəbi də məhz bununla bağlı idi. Ümumillikdə, Azərbaycan və Ermənistan bir çox məsələləri müzakirə etməlidir və onun müzakirəsi nə qədər tez baş verərsə, fikrimcə, o qədər tez regionda sabitlik əldə ediləcək”.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfində bir sıra razılaşdırılmış və icra edilməmiş məsələlər var ki, bunlar da tez bir zamanda öz həllini tapmalıdır: “Ümumiyyətlə, Azərbaycan istər Avropa İttifaqı, istər ABŞ, istər Rusiya, istərsə də  digər vektorlardan konstruktivlik gözləyir. Ümid edir ki, həmin ölkələr regiondakı prosesləri ayıq başla izləyəcək, düzgün şəkildə gələcəyə baxacaqlar. Çünki dünya dəyişir, bu gün keçmişdəki siyasəti aparmaq həmin ölkələr üçün məğlubiyyət deməkdir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top