Məktəblərə istilik verilmir, şagirdlər donur — Bəs dövlət qurumları hara baxır?

SOSİAL 18 noy 2021, 16:22
Havaların soyumasına baxmayaraq məktəblərdə istilik problemi həll olunmamış qalır. Əslində, bu məsələ hələ məktəblər açılmamışdan valideynləri narahat edirdi. Təhsil Nazirliyi keçirdiyi monitorinqlərdən sonra istilik probleminin aradan qaldırılacağını açıqlanmışdı.

Hazırda valideynlər məktəblərdə sinif otaqlarının soyuq olmasından şikayət etməyə başlayıblar. Digər məsələ isə virusun, xəstəliklərin yayıldığı bir vaxtda istilik sisteminin olmaması, uşaqların xəstələnməsidir. Məhz bu səbəbdən valideynlər övladlarını dərsə buraxmır, bu da nəticədə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. 

Sözügedən məsələ ilə bağlı Demokrat.az “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev ilə əlaqə saxlayıb. 

Qurum nümayəndəsi açıqlamasında diqqətə çatdırıb ki, “Azəristiliktəchizat”ın mənbələrindən bütün məktəblər istilik alır: “Qeyd edim ki, Bakı şəhərində, ümumiyyətlə, respublikada olan məktəblərin cəmi 281-i bizim mənbələrdən alır. Qalan hamısının özünün fərdi qazanxanası var və onlar Təhsil İdarələrinin balansındadır. İstilik verilməyən məktəblərin bizə heç bir aidiyyatı yoxdur. Bizim mənbələrdən alan məktəblər istilik sistemi ilə tam təchiz olunub”.

Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Demokrat.az-a açıqlamasında bildirib ki, istiliklə bağlı problemlər həm paytaxt, həm də bölgə məktəblərində yaşanır. 

Şöbə müdiri vurğulayıb ki, sözügedən problemlə bağlı hazırda müvafiq işlər görülməkdədir: “Noyabrın 15-dən başlayaraq, təhsil müəssisələrində ənənəvi qrafikə uyğun olaraq istiliyin verilməsinə başlanılıb. Təhsil Nazirliyində istiliklə bağlı problemlər yaranan zaman və ya hər hansı bir məsələ ortaya çıxarsa, onun operativ həlli üçün operativ qrup yaradılıb. Həmin operativ qruplar məktəblərdə istiliklə bağlı yaranan problemləri qeydiyyata alır, müvafiq rəhbərliklə onu müzakirə edir və real həll yolları ilə bağlı qərarlar verirlər. Təbii ki, istər paytaxt, istərsə də bölgələrdə olan məktəblərimizdə istiliklə bağlı şikayətlər var. Biz o şikayətləri qeydə alırıq və gündəlik olaraq müvafiq qurumlarla məsləhətləşmələr aparırıq və tez həll yoluna qoymağa çalışırıq”.

Təhsil eksperti Elçin Əfəndi isə açıqlamasında qeyd edib ki, bu kimi hallara daha çox rayon məktəblərində rast gəlinir.

Ekspert vurğulayıb ki, bir çox kənd məktəblərinin istilik sisteminində ciddi problemlər var: “Kəndlərdə bəzi ərazilərdə qazın verilməməsiylə bağlı ciddi problemlər yaşanır. Bəzi kənd məktəblərində sinif otaqları odunla qızıdırılır, bir çox hallarda odunun olmaması şagirdlərin təhsildən uzaqlaşmasına səbəb olur. Paytaxt məktəblərində isə istilik verilsə də, auditoriyalar tam qızmır, çox güman ki, bunlarda texniki problemlərlə bağlıdır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top