“Xalqın narazı qaldığı məsələlərin həlli gözlədiyimiz effekti verməyəcək...”

GÜNDƏM 15 noy 2021, 22:58
“Bunlar olmadıqca bütün qeyd edilən, xalqın narazı qaldığı məsələlərin həlli gözlədiyimiz effekti verməyəcək...”
 
Heç kəs demir ki, qida məhsulları, dövlət rüsumları artdığına görə bahalaşır...”
 
“ƏDV Azərbaycan iqtisadiyyatının inkişafına ən böyük əngəllərdən biridir...” 
 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri, iqtisadçı ekspert Elşad Məmmədov Moderator.az-a bu dəfəki müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirə olunan bir sıra məsələlərə toxunub. Müsahibimiz sözügedən iclasda İqtisadiyyat  və Maliyyə nazirlərinin ərzaq qiymətlərinin artımı haqdakı mülahizələrinə münasibət bildirib, ölkədəki iqtisadi disbalansın aradan qaldırılması yollarını göstərib. 
 
-Elşad müəllim,  bildiyiniz kimi, ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirə zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov ərzaq qiymətlərindəki artımı əsasən xarici amillərlə əlaqələndirərək deyib:“Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik. Hətta Azərbaycanda istehsal olunan məhsul olsa da belə, qiymətlərlə bağlı bir təzyiq var”.  Siz necə düşünürsüz?  Doğrudanmı Azərbaycandakı ərzaq bahalaşması əsasən xarici amillərlə əlaqədardır?
 
-O fikirlə razıyam ki, sözsüz ki, Azərbaycandakı inflyasiya əsasən idxal inflyasiyasıdır.  Ölkəyə idxal olunan məhsulların qiymətləri dünya bazarıyla tənzimlənir. Dünya bazarında isə qiymət artımı danılmazdır. Yəni 2021-ci il gözlənilən idi ki, dünya iqtisadiyyatındakı böhran bu inflyasiya artımına gətirəcək. Və biz bunun şahidi oluruq. Amma məsələnin  ikinci tərəfi var. Mikayıl Cabbarov tərəfindən də qeyd olunur ki, ölkə daxilində istehsal olunan məhsulların da qiyməti artıb. Mən bu məsələnin üzərində dayanmanın tərəfdarıyam. Niyə daxildə istehsal olunan məhsulların da qiyməti artır? Ona görə ki, biz ölkəmizdəki istehsalı lazımi qədər lokallaşdıra bilməmişik. Çünki bizdə hansısa bir qida məhsulunun istehsal yeri Azərbaycan kimi göstərilibsə, üzərində “Made in Azerbaycan” yazılıbsa, bu hələ o demək deyil ki, həmin məhsul tam şəkildə yerli məhsuldur.  Çox təəssüflər olsun ki, bizim bir sıra istehsal etdiyimiz məhsulların strukturunda, onların qiymətlərində və onların bazara çıxarılmasıyla bağlı bütün  proseslərdə idxalın 80, hətta bəzi hallarda 90 faizə qədər xüsusi çəkisi və payı var. Belə olan halda nəzərə almaq gərəkdir ki, bu gün ABŞ-da müxtəlif ekspert hesablamalarına görə, sənaye inflyasiyası 20 faizə çatıb. Və sözsüz ki, Avropada da həmin göstərici təqribən eyni rəqəmə bərabərdir. Yəni siz də Amerika, yaxud Avropada istehsal olunmuş həmin məhsulları xammal şəklində ölkəyə gətirib burada  istehsal prosesi qurursunuzsa, sizin son nəticədə Azərbaycan məhsulu saydığınız məhsullarda qiymət artımı idxal olunacaq. Odur ki, biz idxalın əvəz olunmasını sistemli şəkildə həyata keçirməliyik. Biz xammaldan tutmuş son istehsal olunmuş  və istehlak bazarına çıxarılan məhsulların son zəncir həlqəsinə qədər yerli istehsal hesabına etməsək,  inflyasiyanın idxalından qaça bilməyəcəyik.  Ona görə də təəssüflər olsun ki, istehsalı lokallaşdıra bilməməyimiz səbəbindən idxal inflyasiyası hətta Azərbaycanda istehsal olunan bir sıra məhsullarda da öz əksini tapır...   
 
- Yəni  Mikayıl Cabbarov “Azərbaycanda istehsal olunan məhsullara belə, qiymətlərlə bağlı bir təzyiq var” deyərkən “təzyiq” kimi məhz bu dediklərinizi nəzərdə tutur?
 
-Bəli, İqtisadiyyat  nazirinin Azərbaycanda istehsal olunan məhsullara belə, qiymətlərlə bağlı nəzərdə tutduğu   təzyiqi də mən bu dediklərimdə görürəm.  Çünki müəyyən məhsullar Azərbaycanda istehsal olunmuş hesab olunsa da, fikrimcə, onların istehsal prosesində idxal çox yüksək xüsusi çəkiyə malikdir...
 
“İqtisadiyyat yalnız rüsumları artırmamaqla idarə olunmur...”  
 
-Eyni iclasda Maliyyə naziri  Samir Şərifov isə ərzaqların qiymətlərini dövlət rüsumları ilə əlaqələndirərək belə deyib: "Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır”. Buna münasibətiniz necədir?
 
-Heç  vaxt o fikirdə olmamışam ki, ölkəyə idxal olunan qida məhsullarının bahalaşması məhz idxal rüsumlarının artımıyla bağlıdır. Amma sadəcə olaraq yenə sual olunur ki, bəs nəyə görə biz həmin məhsulları  ölkə daxilində istehsal edə bilmirik.  Problem bundan ibarətdir. Yəni yalnız rüsumları artırmamaqla iqtisadiyyat idarə olunmur.  Sən prioritet olaraq  o istehsalı öz ölkəndə qurmalısan ki,  avtomatik olaraq həmin məhsulun idxalı faydalı olmasın və sahibkarlar yerli məhsulun istehsalına istiqamətlənsin. Bu da son nəticədə ölkədəki monetar siyasətə - pul-kredit siyasətinə dirənir. Çünki kreditlər bir ölkədə digərlərindən 5-7 dəfə yüksəkdirsə, həmin ölkədə investisiyalar arta bilməz.  Yəni Azərbaycanda fond bazarı yoxdur ki,  sahibkar fond bazarına səhmini təqdim etsin və oradan vəsait çəksin. Bizdəki şəraitdə sahibkar vəsaiti kreditdən çəkə bilər.  Kredit isə rentabellikdən 3-5 dəfə daha yüksək faizlərlə təklif olunur. Ona görə də biz rüsumları artırmamağı, hədəf və çıxış yolu kimi görməməliyik. İlk növbədə yerli istehsalın lokallaşdırılmasına ehtiyac var. Bax, bu yoxdur deyə qiymət artımı baş verir və davam edir. Heç kəs demir ki, dövlət rüsumları artdığına görə qida məhsulları bahalaşır.  Qida məhsullarının qiyməti ilk növbədə ona görə artır ki, yerli istehsal yoxdur. İkincisi də dünya bazarında inflyasiya var...
  
-Deputat Vahid Əhmədov da MM-in bəhs edilən komitə iclasında maraqlı bir sual verdi: “Biz gündəlik tələbat mallarına niyə 18% əlavə dəyər vergisi(ƏDV) tətbiq etməliyik? Beynəlxalq təcrübə var”. Siz necə cavab verərdiz bu suala?
 
-Hesab edirəm ki, ümumiyyətlə, dünya təcrübəsində Azərbaycan iqtisadiyyatının strukturuna oxşar sistemlərə nəzər salsaq, ƏDV-nin Azərbaycan iqtisadiyyatı üçün ən böyük yüklərdən və inkişafına əngəl törədən amillərdən biri olduğunu görərik. Əlavə dəyər vergisi ötən əsrin ortalarından başlayaraq Avropada tətbiq edilməyə başlayıb. Amma bunu düzgün öyrənib tətbiq etmək gərəkdir. Təəssüflər olsun ki,  Azərbaycanda məmurlar hansısa xarici ölkələr üçün hazır reseptləri götürüb bizim ölkəmizin spesifikasını nəzərə almadan tətbiq etməyə çalışırlar. Halbuki, ƏDV o ölkədə effektiv olur ki, orada  artıq pul kütləsi var, orada iqtisadiyyatın artıq pullarla bağlı problemləri var və müəyyən dərəcədə həmin pul kütləsinin yığılmasına ehtiyac yaranır. Yəni iqtisadiyyat, sənaye potensialı tam şəkildə işləyir. Azərbaycanda isə tam əks bir vəziyyətdir. Bizdə  bu cür sərt fiskal tədbirlərin həyata keçirilməsi ona səbəb olur ki, faktiki olaraq yüksək texnoloji məhsul istehsal etmək iqtisadi cəhətdən səmərəsizdir. Çünki hər bir mərhələdəki əlavə dəyər formalaşır, biz ona ƏDV tətbiq etməklə faktiki olaraq vəsaiti, investisiyanı iqtisadiyyatdan çəkirik.  Bu, çox böyük bir problemdir. Ona görə də hesab edirəm ki, ilk növbədə yerli istehsalla bağlı olan yüksək texnoloji tutumlu sahələrdə biz  ƏDV-dən tədricən uzaqlaşmalıyıq. Bunun alternativləri var. Məsələn, satışdan, dövriyyədən müəyyən faizin tətbiq edilməsi ilə vergilərin yığılması... Çünki biz ƏDV-yə üstünlük verəndə bilməliyik ki, ilk növbədə yerli istehsalı yük altında qoyuruq. Odur ki, mən o fikirlə razıyam ki, biz ƏDV-dən maksimum şəkildə uzaqlaşmağa doğru aparan bir vergi siyasəti tətbiq etməliyik...
 
“Milli iqtisadiyyatımız faizlərlə yox, dəfələrlə böyük potensiala malikdir...”
 
-Ümumiyyətlə, elə son onilliklərdə belə bir əcaib tendensiya yaranıb: maaş və pensiyaların artımından öncə ərzaqlar, digər gündəlik tələbat malları sürətlə bahalaşır. Rəsmilər isə öz hesabatlarında deyirlər ki, məsələn, 2001-ci ildən  bəri Azərbaycanda maaş və pensiyalar filan qədər artıb. Amma bununla paralel və müqayisəli şəkildə bahalaşmanın, inflyasiyanın səviyyəsindən danışan yoxdur... Bu minvalla əhalinin 20 il öncəki ümumi dolanışığıyla indiki arasında elə bir fərq müşahidə olunmur. Sizcə, bu, nə vaxta qədər belə davam edəcək?
 
-Bu, doğrudan da ciddi problemdir. Mən özüm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şurada təmsil olunan bir mütəxəssis kimi, həmin şuranın rəhbəri kimi bunu əminliklə  bildirə bilərəm. Çünki həmin prosesləri çox yaxından izləyirəm. Sosial müdafiə sahəsində doğrudan da son 3 illik müddətdə şəffaflığa doğru,  vəsaitlərin dövlətə qaytarılmasına doğru çox ciddi, deyərdim ki, inqilabi dəyişikliklər var. Amma sizinlə razıyam ki, bunun əhalinin iqtisadi durumuna, sosial rufahına lazımi səviyyədə, gözlənildiyi kimi effekti olmur. Çünki  faktiki olaraq iqtisadiyyatda effektivlik əlavə dəyərin nə qədər formalaşdırılmasıyla bağlıdır. Qeyd etdiyiniz məsələlər maaş və müavinətlərin artımı, şəffaflıq, kölgə iqtisadiyyatı ilə mübarizə - bunların hamısı yaranan əlavə dəyərin, milli gəlirin təkrar bölgüsü mərhələsində həyata keçirilir... 
Təkrar edirəm ki, sosial  müdafiə sahəsində böyük həcmdə işlər görülür, effektiv işlər görülür, şəffaflığa doğru, büdcəyə vəsaitlərin qaytarılmasına doğru olduqca müsbət nəticələr var. Amma biz iqtisadiyyatda yaranan əlavə dəyərin həcmini artırmağa nail olmalıyıq. Bunun üçün isə yenə də investisiya artımına ehtiyac var. Yerli istehsalın inkişaf etdirilməsinə ehtiyac var. Çünki biz onu artırmasaq, nə qədər təkrar bölgüdə şəffaflığa yol versək belə, görürük ki, bu, inflyasiyanın özünü belə, lazımi səviyyədə örtə bilmir, mənfi nəticələri aradan qaldıra bilmir. Halbuki, bizim milli iqtisadiyyatımız faizlərlə yox, dəfələrlə böyük potensiala malikdir. Bizim ümumi daxili məhsulumuz(ÜDM) 80 milyard AZN olmamalıdır. Amma söhbət ondan gedir ki, əgər siz xammal iqtisadiyyatı qurmusunuzsa, texnoloji tutumlu məhsul deyil, xammal istehsal edirsinizsə, o xammalın ixracatından aldığınız vəsaitlə xaricdən əlavə dəyər tutumlu məhsulu idxal edirsinizsə, onda  dünya iqtisadiyyatı, dünya ticarəti ilə bir qeyri-mütənasib mübadiləyə girmiş olursunuz. Ona görə də ölkədə iqtisadiyyatın ümumi strukturunu dəyişmək gərəkdir. Yoxsa hansısa sahədə şəffaflığın təmin olunmasıyla əhalinin real gəlirlərinin xeyli dərəcədə artırılmasına nail olmaq mümkün deyil. Odur ki, iqtisadi inkişaf mexanizmləri işə düşməlidir. Bunun da həm iqtisad elminə, həm də dünya təcrübəsinə görə yalnız bir yolu var: investisiyaları artırmaq,  daha çox istehsal etmək və daha çox bazar əldə etmək... Bunlar olmadıqca bütün qeyd edilən, xalqın narazı qaldığı məsələlərin həlli gözlədiyimiz effekti verməyəcək...
 
-Elşad müəllim, Azərbaycanın iqtisadi-sosial həyatında daha bir mənfi tendensiya odur ki, bəzən su, enerji daşıyıcıları qiymətlərində, dövlət rüsumlarında və s. heç bir artım olmadığı halda da, məsələn, bayramlar öncəsi xüsusən ərzaq mallarında bahalaşma olur. Və elə təəssürat yaranır ki, qiymətlər konkret hansısa şirkətlər tərəfindən deyil, vahid bir mərkəzdən gələn komanda ilə artırılır... Ölkəmizdəki bu tendensiyanı necə izah etmək olar? Bunun qarşısını almaq mümkündürmü?

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top