“Bu hadisə göstərdi ki, Türkiyənin Qarabağdakı fəaliyyətini yalnız absurd monitorinq mərkəzi ilə məhdudlaşdırmaqla Rusiya...”

GÜNDƏM 14 noy 2021, 12:06
Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin adı terrordur. Terror mərhələsinin icraçıları ermənilər, təşkilatçısı isə Rusiyadır! Rusiya sülhməramlıları Azərbaycanda yerləşməyə başladığı gündən vəziyyətin getdikcə yenidən gərginləşəcəyini deyəndə ağzıgöyçəklər dörd bir tərəfdən- “qələbəmizə kölgə salırlar” şüarları ilə  üstümüzə düşürdülər. Rusiyanı və erməniləri yaxşı tanıdığımızdan vəziyyətin gərginləşəcəyi, saysız-hesabsız təxribatlar olacağı və terrora keçəcəyi dəfələrlə proqnozlaşdırıldı. Kimi qınayaq son Şuşa terrorunda? Ermənini? Düşmənin adı dəyişməyib, düşmənin adı üstündədir, düşmənin iddiası yerindədir və biz bunu bilirik, elə isə düşmənin düşmənçiliyi niyə təəccüb yaradır?  
 
Elə bil 1988 – 1991-ci illərin Qarabağıdır. Sanki Moskvanın o zamankı Volski idarəetməsi sülhməramlı simasında peyda olub. Ermənilər hər gün bizə qarşı terror törədirdi, biz də Volskiyə şikayət edirdik. Sonralar məlum oldu ki, bu terror hadisələrinin təşkilatçıları, idarə edənləri çox vaxt elə ruslar olub. Kuliminasiyası Xocalı qətliamı oldu. Rusiyanın 366-cı alayı ilə birlikdə ermənilər mülki əhaliyə qarşı soyqırım törətdi. Son Şuşa terroru məşhur QRU ssenarisini xatırladır. Sən hadisəni törədəcəksən, biz səni görüntü üçün tutacağıq, sonra özününkülərə təhvil verəcəyik. Çox tanış ssenaridir. Salatın Əsgərovanı qətl edənləri təhvil verib, sonra geri almaq kimi. 
 
Və indi də Norayr Mirzoyan olur milli qəhrəman. Artıq erməni teleqram kanalları, mediası Mirzoyanı Tələt paşanın qatili Soqomon Teyleryanla, bu yaxınlarda Türkiyə səfirini qətlə yetirən və Kaliforniya həbsxanasından buraxılan Ambik Sasunyanla müqayisə edirlər. Bütün bunlar məğlub erməninin dirçəlməsinə yardım edən faktorlardır. Bu gün posta qumbara atan sabah Şuşanın özündə terror törədəcək. Ona görə ki, cəza almayacağına əmindir. Terrorçu bilir ki, Rusiya sülhməramlısı onu Azərbaycana yox, terror planını cızana, təşkil edənə təhvil verəcək. Balasanyan kimi bir qatilin təşkilatına verəcək. Sabah Norayr Mirzoyanların sayı sürətlə artacaq və hər birinin hədəfində Azərbaycan Ordusu, Azərbaycan əhalisi olacaq. 
 
Biz müharibədən sonrakı bir il ərzində niyə Xankəndi və ətrafı ilə bağlı rəsmi mövqe bildirməmişik? Niyə rəsmi səlahiyyətlilər bu il ərzində bir dəfə demədilər ki, tezliklə Xocalıya qayıdacağıq? Buna görə də həm sülhməramlılar, həm də separatçı rejim əmin oldu ki, Azərbaycan Qarabağın bu hissəsinə dönmək üçün, bu yerlərdə dövlət nəzarətini bərpa etmək üçün heç bir rəsmi mövqe qoymur. Ona görə də Rusiya Aleksandr Nevski başda olmaqla məlum büstləri və provaslav kilsəni məhz Xocalıda ucaltdı. Büst ucaltmaq, kilsə tikmək nə vaxtdan sülhə xidmət edir? Əgər Rusiya sülhməramlısı orada bir azərbaycanlı yazıçının, bir erməni yazıçısının, bir də rus şairinin büstünü ucaltsaydı deyərdik ki, bu addım millətlərarası sülhə xidmət edir. Yalnız Rusiyaya aid olan məşhur adamların büstlərinin qoyulması isə Rusiyanın imperiya siyasətinin tərkib hissəsi olaraq qəsbkar xarakter daşıdığı kimi dəyərləndirilməlidir. 
 
Sülhməramlılar qarşısında bu terrorçunun təhvil verilməsi ilə bağlı ilk dəqiqədən ciddi danışıqlar aparılmalı idi, təəssüf ki, nə belə bir danışıqlar aparıldığının, nə də rəsmi etirazın şahidi olmadıq. Sabah da belə bir terror hadisəsinin olacağına şübhəniz qalmasın. Bu terrora qarşı Azərbaycan Ordusu 10 qat artıq cavab  verməsə, Xarici işlər nazirliyi terroru himayə etdiyinə görə Rusiya Federasiyasına açıq etiraz edib, sülhməramlılı qüvvələrə etirazını bildirməsə, ( bu, bizə üç il yarımdan sonra Rusiya sülhməramlılarından narazılığımızı bildirmək üçün hüquqi əsas verəcək)  təhlükəsizlik qüvvələri antiterror əməliyyat keçirib növbəti terrora hazırlaşanları məhv etməsə, düşmən yenə də sülhməramlılarla birlikdə zəncirvari terror hadisələri törədəcəklər.
 
Bu hadisə göstərdi ki, Türkiyənin Qarabağdakı fəaliyyətini yalnız absurd monitorinq mərkəzi ilə məhdudlaşdırmaqla Rusiya əl-qolunu geniş açaraq erməni terrorçularına sərbəst meydan verməyə müvəffəq olmuşlar. Yaranmış situasiya ölkənin Təhlükəsizlik Şurasında müzakirə olunmalı və uyğun qərarlar qəbul olunmalıdır. Məsələyə ciddi və sərt yanaşmadıqca düşmən azğınlaşacaq və növbəti terrora məruz qalacağıq.

İlham İsmayıl

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top