Azərbaycan türkdilli dövlətlərin birliyi naminə öz tarixi missiyasını uğurla yerinə yetirir

SİYASİ 13 noy 2021, 21:20
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə türk dünyası üçün tarixi qərarlar qəbul edildi. Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Türkmənistan təşkilata müşahidəçi üzv olaraq qəbul olundu. Beləliklə, təşkilatın beynəlxalq status alması istiqamətində ilk addım atıldı, həm də 6 müstəqil türkdilli dövlət bir "çətir" altına toplandı.

Türk dünyasının inteqrasiyası, beynəlxalq nüfuzunun güclənməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə 2009-cu il Naxçıvanda keçirilən Zirvə görüşü türk dünyasının önündə yeni üfüqlərin açılması ilə yadda qaldı. Həmin görüşdə Naxçıvan sazişi imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. TDƏŞ-in Türk Şurası adlandırılmasına qərar verildi.

Hələ o zaman Prezident İlham Əliyev Naxçıvandakı  Zirvə görüşündə çıxışı zamanı türk dünyasını birliyə dəvət etmişdi.

“Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır”, - dövlət başçısı səslənmişdi.

Bu görüşdən sonra türk dünyasının əməkdaşlığı, güclənməsi istiqamətində ciddi addımlar atıldı. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin də prioritet istiqamətlərindən biridir. Türk Şurasına sədrlik etdiyi iki il ərzində də Azərbaycanın əsas fəaliyyəti bu istiqamətdə olub, təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərib.

2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürdü. Azərbaycanın sədrliyinin "COVID-19" pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.

2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə "COVID-19" pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində "COVID-19" pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir idi. Bu addım pandemiya dövründə beynəlxalq münasibətlər üçün də presedent rolunu oynadı və Türk Şurasının nüfuzunu daha da artırdı.

Zirvə görüşündə dövlət başçıları tərəfindən "COVID-19" pandemiyası ilə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi aparıldı, Bakı Bəyannaməsi qəbul olundu. Zirvə Görüşünün nəticəsi olaraq ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçılarının təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirildi, qarşıya qoyulan hədəflər müzakirə olundu. Eyni zamanda, sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir.

2020-ci il aprelin 28-də videokonfrans vasitəsilə Türk Şurasına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclası keçirildi. İclas zamanı "COVID-19" pandemiyası ilə mübarizədə əməkdaşlıq perspektivlərinə, yoluxucu xəstəliklərlə mübarizədə müalicə üsullarına, epidemioloji və elmi metodlara, epidemioloji monitorinqin aparılması və müxtəlif xəstəliklərlə mübarizədə “onlayn” bazanın yaradılmasına dair fikir mübadiləsi aparıldı. Səhiyyə nazirləri elə həmin ilin oktyabrında İstanbulda da görüşdülər.

2020-ci il aprelin 30-da Türk Şurasına üzv və müşahidəçi ölkələrin nəqliyyat nazirlərinin videokonfrans vasitəsilə iclası keçirildi. İclas zamanı "COVID-19" pandemiyası dövründə Transxəzər dəhlizi boyunca zəruri məhsulların (yemək məhsulları, dərmanlar, tibbi avadanlıqlar) maneəsiz daşınması və tədarük zəncirinin fasiləsiz işləməsinin təmin edilməsi üçün qəbul edilməli olan əməli tədbirlərə, eləcə də humanitar məhsulların, əsas istehlak mallarının, dərman vasitələrinin və tibbi avadanlıqların çatdırılması yollarına dair fikir mübadiləsi aparılıb. Həmin ilin 14 oktyabrında Macarıstanın paytaxtı Budapeştdə nəqliyyat nazirlərinin 5-ci iclası keçirildi. 

2020-ci il mayın 6-da Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurum rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirildi. İclas zamanı "COVID-19" pandemiyası dövründə tərəflər arasında iqtisadi mövcud vəziyyət, mövcud sosial-iqtisadi çağırışlar fonunda əlavə mexanizm kimi “Birgə Türk İnvestisiya Fondu”nun təsis olunması prosesinin yekunlaşdırılmasının sürətləndirilməsi,  Macarıstan və Avropada xüsusi investisiya təbliğat proqramına dair fikir mübadiləsi aparıldı. 2021-ci il sentyabrın 10-da Türk Şurasının iqtisadi məsələlərə məsul nazirlərinin 10-cu iclası Bakıda keçirilib. İclas zamanı ölkələr arasında maraq kəsb edən məsələlər müzakirə olunub, “Türk Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

2020-ci il mayın 7-də Türk Şurasına üzv və müşahidəçi ölkələrin miqrasiyadan məsul qurumların rəhbərlərinin iclası keçirilib. İclas zamanı viza, yaşayış, iş icazələri, dövlətlərin bir-birlərinin ərazilərində müvəqqəti qalan, təhsil alan və işləyən tərəflərin vətəndaşlarına dəstək və köməkliyin göstərilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

2020-ci il iyunun 23-də videokonfrans vasitəsilə Türk Şurasının turizmdən məsul nazirlərin iclası keçirilib. İclas zamanı "COVID-19" pandemiyasının üzv dövlətlərin turizm fəaliyyətlərinə təsiri, pandemiya dövründə turistlərin təhlükəsiz səyahətlərinin təmin edilməsi, Türk Şurası Müasir İpək Yolu Birgə Tur Paketi Layihəsi və pandemiyanın təsirininin azaldılması üçün üzv dövlətlər tərəfindən görülmüş təbirlər ilə bağlı təlim proqramının fəaliyyətə başlamasına  dair fikir mübadiləsi aparılıb. Cari ilin 24 iyun tarixində Özbəkistanın Kokand şəhərində Türk Şurasına üzv dövlətlərin turizmdən məsul nazirlərinin altıncı iclası keçirilib. Bununla Özbəkistan ilk dəfə olaraq üzv dövlət kimi təşkilat çərçivəsində nazirlər toplantısına ev sahibliyi edib.

2020-ci il fevralın 6-da Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib. Həmçinin 2021-ci il sentyabrın 27-də İstanbul şəhərində “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası  keçirilib.

2021-ci il martın 31-də videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü baş tutdu. Bu Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci tədbir olmuşdur. Tədbir zamanı Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş “Mənəvi paytaxt” statusu verildi. Uzun tarixə malik olan ölkələrimizin “Mənəvi paytaxt” statusuna layiq görülə biləcək çox sayda şəhərləri vardır ki, bu səbəbdən sözügedən ənənə davam etdiriləcəkdir. Tədbirdə qeyri-rəsmi Zirvə Görüşünün Türkistan Bəyannaməsi qəbul olundu.

Türk Şurası işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə də maraq göstərir. Bununla bağlı 2021-ci il sentyabrın 10-da Bakı şəhərində “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes forum keçirilib.

Türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq olduqca önəmlidir, belə ki, Azərbaycan və Türkiyə arasında artıq media platforması yaradılıb. Bu xüsusda 2021-ci il aprelin 10-da Bakıda keçirilmiş Türk Şurasının Mediadan məsul nazir və rəsmilərin iclası xüsusi əhəmiyyət kəsb edir. Həmin iclasda qəbul olunmuş qərarlara müvafiq olaraq, cari ilin 22-24 oktyabr tarixlərində İstanbul şəhərində “Dərin kökə sahib keçmiş, güclü gələcək” mövzusunda Türk Şurası Media Forumu təşkil olunub.

2021-ci ilin avqustun sonu sentyabrın əvvəlində təşkilata üzv və müşahidəçi dövlətlərdən 30-ya yaxın jurnalistin Bakı, Gəncə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə - Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə media turu təşkil olunub.

Təhsil sahəsində də əməkdaşlıq davam edib. Belə ki, cari ilin 3-4 noyabr tarixlərində təşkilata üzv dövlətlərin təhsil nazirlərinin altıncı iclası, 28-29 oktyabr tarixlərində isə Türk Universitetlər Birliyinin beşinci Baş Assambleyası keçirilib. Təşkilat çərçivəsində gənclər sahəsində əməkdaşlığa da önəm verilir. Bu xüsusda 2019-cu il noyabrın 29-da Bişkek şəhərində, 2021-ci il sentyabrın 20-də isə Daşkənd şəhərində müvafiq olaraq gənclərdən məsul nazirlərin dörd və beşinci iclaslarını göstərmək olar. Daşkənddə keçirilmiş nazirlər iclası çərçivəsində Birinci Gənc Sahibkarlar Forumu da baş tutub.

Azərbaycanın təşəbbüsü ilə 2021-ci il oktyabrın 19-da “online” formatda  TDƏŞ-in kənd təsərrüfatı üzrə işçi qrupunun 1-ci iclası keçirilib. İclas zamanı kənd təsərrüfatından məsul nazirlərin 1-ci iclasının 2022-ci ilin mart ayında Özbəkistanda keçirilməsi ilə bağlı razılığa gəlinib.

Azərbaycan tərəfinin təşəbbüsü ilə 2021-ci noyabrın 1-2-də Bakı şəhərində Türkdilli Dövlətlərin Baş Prokurorlarının 1-ci iclası keçirilmiş, iclas çərçivəsində Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olunubdur. 

Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilmiş, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.

Türk Şurası üçün əlamətdar hadisələrdən biri də təşkilatın coğrafiyasının genişlənməsidir. Bakıda keçirilmiş 7-ci Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv olub. İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə isə Türkmənistan təşkilat yanında müşahidəçi statusu əldə etidi.

Azərbaycan türk dünyasının gələcəyi üçün önəmli işlər həyata keçirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu istiqamətdə əməyinə görə İstanbul Zirvəsində “Türk Dünyasının Ali Ordeni” ilə təltif olundu. 44 günlük müharibənin nəticəsi olaraq gündəmə gələn Zəngəzur dəhlizi də Azərbaycan liderinin türk dünyasının coğrafi bütövləşməsi istiqamətində atdığı ən mühüm addımlardan biridir. Bu dəhlizin açılmasından sonra 160 milyon əhalinin yaşadığı türk dünyası ölkələrinin yaxınlaşması daha da sürətlənəcək.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top