“Zəngəzur dəhlizi türkdilli dövlətlərin iqtisadi potensialına müsbət təsir göstərəcək”

SİYASƏT 13 noy 2021, 20:42
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə türkdilli dövlətləri birləşdirən əsas meyara çevrildi”.

Bunu Demokrat.az-a Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. 

Politoloq qeyd edib ki, bu gün Azərbaycanla Türk dünyası arasında əlaqələr ən yüksək səviyyədədir: 

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın sədrlik etdiyi zamanda Türk dünyası arasında əlaqələr daha da dərinləşmiş və bu istiqamətdə bir sıra önəmli təşəbbüslər həyata keçirilmişdir. Həmçinin, Azərbaycanın Türk Şurasına sədrliyi dövründə Türk dövlətləri arasında müəyyən əməkdaşlıqlar, münasibətlər inkişaf xətti üzrə davam etmişdir. Bu regional platforma artıq Türk Dövlətlərinin Təşkilatı adı altında bundan sonra öz fəaliyyətini davam etdirəcək. Artıq qarşıda yeni hədəflər var və bu hədəflərin əsas mərkəzində Türkiyə Cümhuriyyəti, Azərbaycan Respublikası dayanır. Təşkilatın əsas hərəkətverici qüvvəsi isə Azərbaycandır. Digər tərəfdən, bu gün biz bu təşkilatın coğrafiyasının da genişlənməsinin şahidi oluruq. Başqa önəmli məqam da bundan ibarətdir ki, artıq Özbəkistan işğaldan azad olunmuş Qarabağda məktəb tikintisi ilə bağlı təşəbbüslə çıxış edib. Bu həm də türkdilli dövlətlər arasında ortaq soykökə, tarixə, mədəni və mənəvi bağlara, dil və din birgəliyinə söykənən əməkdaşlığın genişlənməsidir. Qarşıda olan hədəflərdən ən önəmlisi isə  Zəngəzur dəhlizinin işə salınmasıdır. Qeyd edim ki, bu dəhliz türkdilli dövlətlərin iqtisadi potensialına müsbət təsir göstərəcək. Bu gün türkdilli dövlətlərin hərbi, siyasi potensialının artırılması, iqtisadi münasibətlərin intensivləşdirilməsi də əsas prioritetlərdəndir”.

İ.Hüseynov diqqətə çatdırıb ki, Avrasiya regionunda geosiyasi aktora çevrilən bu regional platforma qarşıya böyük hədəflər qoyub: 

“Bu hədəflər sırasında beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsi dayanır. Təbii ki, burada əsas Türkiyə dövlətinin göstərdiyi davamlı inkişaf və istiqrardır. Türkiyə dövlətinin güclənməsi digər türkdilli dövlətləri də ilhamlandırdı. Türkmənistanın da bu birliyə qoşulması ailə tablosunu tamamlamış oldu. Biz türkdilli dövlətlərə ailə kimi yanaşırıq və Türk dünyasının daha güclü, dayanıqlı inkişaf etməsi hər birimizin arzusudur”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top