Biz də dünyanı tərk edəcəyik, yaxşı aktyorlar gələcək, amma onların heç biri mən olmayacağam — Rasim Balayev

MƏDƏNİYYƏT 07 noy 2021, 10:30
“Möhkəm qrip olmuşam. Qızdırmam 37.4-dür. Test verməmişəm, bilirəm ki, adi qripdir. O gün telefonda oxuyuram ki,  koronovirusla qripin əlamətləri eynidir. Mən də heç yerə getməmişəm, hara da getmişəmsə maska taxmışam. Sabah da belə olsam həkim çağıracağam ki, test götürüb yoxlasın”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O daha sonra bu günlərdə təqdimatına qatıldığı, sənət dostu Amaliya Pənahovanın həyatı haqda çəkilən “Onun qəribə taleyi” filmindən də danışıb.

“Yaxşı filmdir, yaxşı çəkiblər. Amaliya xanımın obrazını oynayan aktrisanı rejissor elə dəqiqliklə seçib ki. Aktrisa da gənc olmasına baxmayaraq mükəmməl oynayıb, incə məqamların hamısını tamaşaçıya gözəl çatdırıb. Sadəcə olaraq filmə Amaliya xanımın kino yaradıcılığını da əlavə etsəydilər tam olardı. Düzdür, onun kino yaradıcılığı zəngin deyil, amma yaddaqalan obrazlar oynayıb. Ən böyük obrazını elə “Babək” filmində mənimlə birlikdə oynayıb. O yorulmadan işləyən biri idi. Mən bir dəfə Amaliyaya sual verdim ki, evdə sənə kömək edən xidmətçin var? Çünki bütün günü teatr və kino ilə məşğul olursan. Bu qədər məşğul insanın evdə işlərini də çatdırması müəmmalı idi. Mənə dedi ki, evə gəlib döşəməni də özüm silirəm, yeməyi də özüm hazırlayıram. Azərbaycana ikinci Amaliya Pənahova gəlməyəcək. Ondan yaxşı, yaxud pisi gələ bilər, amma o olmayacaq. Çünki ondan bir dənədir, ikincisi olmur. İnsan təkrarlanmır. Vaxt keçəcək, biz də dünyanı tərk edəcəyik, yaxşı aktyorlar gələcək, amma onların heç biri mən olmayacağam” deyə xalq artisti bildirib.
 
Xalq artisti 8 noyabr “Zəfər günü” münasibəti ilə xalqımızı ürəkdən təbrik edib.
“Şanlı zəfərimizdən artıq bir il ötür, amma mən hələ də buna inanmıram. Çünki bu ağlasığmaz bir iş idi. Şəxsən mən ümidimi üzmüşdüm ki, daha torpaqlarımızı ala bilmərik. Bu şanlı zəfər xalqımızın imicini özünə qaytardı. Yutub sosial şəbəkəsinə baxıram, ermənilər yazır ki, “Azərbaycanlılar ticarətlə məğul olan ölkədir”. Biri də bu rəyə cavab olaraq mesaj yazmışdı ki, “Bəs necə olur ki, ticarətlə məşğul olan bir xalq gəlib torpaqları geri aldı?”. Bu müharibə tarixdə analoqu olmayan bir müharibə idi. Bu günləri gördüm deyə çox xoşbəxtəm. Şuşaya getdim, Cıdır düzündə əsgərlərimizin ayağı dəyən o torpağı öpdüm. Bu mənim ən böyük arzum idi. Səhhətim düzəlsə mütləq zəfər bayramında da iştirak edəcəyəm. Bu möhtəşəm bir bayram olacaq” deyə sənətkar bildirib.
 
Xalq artisti Şəbnəm Tovuzlunun Tovuzun Dondar Quşçu kənd sakini Ramil İsayevə ev tikdirməsindən də danışıb.
 
“Əl tutmaq Əlidən qalıb deyib atalar. Şəbnəm xanım çox sağ olsun ki, o kasıb ailəyə ev tikdirir. Yəqin imkanı var ki, tikdirir də. Çünki bu az pul deyil, ən azı 40-50 min gedəcək o evin tikintisinə. İndi toydan qazanır, hardan qazanır özü bilər, amma  bu çox böyük, insani işdir” deyə sənətkar bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top