Mədən vergisinin yaratdığı suallar: Nəyi təklif edirik?

GÜNDƏM 04 noy 2021, 09:09
Milli Məclisin dünən keçirilən Komitə iclaslarında natiqlərin çıxışlarından belə aydın olur ki, yaxın günlərdə mədən vergisi də yerli vergilərin sırasından çıxarılaraq dövlət vergilərinə aid ediləcək. Hətta bu gün Regional məsələlər Komitəsinin iclasında bu qanun layihəsi müzakirə edilərək Komitə üzvləri tərəfindən “təqdir” edilib, yəni bəyənilib. Və səbəb kimi “bələdiyyələrin yerli vergiləri toplamaqda qarşılaşdıqları problemlər, habelə bu vergi növü üzrə onların yığımlarının çox cüzi olması” göstərilib.

Biz komitədə səslənən bu fikirlərin bir qismi ilə tam razıyıq. Yəni bələdiyyələrin mədən vergisinin yığımında həqiqətən ciddi problemlə üz-üzə qalmaları faktdır. Bu çətinliyin kökündə isə mədən vergisini ödəməli olan şəxslərin idarə etdikləri daş karxanalarının hər birinin arxasında məhz yerli məmurların, xüsusəndə bəzi rayon icra hakimiyyəti başçılarının dayanması olmuşdu. Bu danılmaz və təkzibedilməz fakdır. Ancaq indiyə kimi problemin həllinə Komitə üzvlərinin dəstək verməməsi təəssüf doğursa da, hər halda ikinci səbəblə, yəni yığılan verginin cüzi olmasıyla bağlı fikriylə heç cür razı deyiləm. Yəni il ərzində bu qədər çətinliklərə baxmayaraq il ərzində bir milyon manat vəsaitin toplanılması əslində bələdiyyə sədrlərinin və üzvlərinin qəhrəmanlığı hesab edilməlidir.

Faktlara müraciət edək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə, yəni pandomiyadan əvvəlki ildə ölkə üzrə yığılan mədən vergisinin həcmi 1.198 min manat olub. Bu da öz növbəsində ümumi büdcə gəlirinin 3.3 fazini təşkil edib. Ötən il pandomiyanın yaratdığı çətinliklərə baxmayaraq il ərzində ümumi büdcə gəlirinin 2.8 faizini təşkil edən 969.300 manatlıq mədən vergisi toplanılıb. Və ən maraqlı məqam isə əldə edilən vəsaitin demək olar ki, yarıya qədərinin dəyərli millət vəkli Vahid Əhmdəovun təmsil olunduğu Quba bələdiyyələri tərəfindən yığılıb.

Rəqəmlərdən göründüyü kimi, yığılan vəsaitə cüzi rəqəm deyilə bilməz.

Hər halda görünən odur ki, respublikanın 30 rayonunda formalaşdırılan bələdiyyəyə bu istiqamətdən vəsait daxil olurdu. Düzəliş qəbul edilərsə bundan sonra daxil olmayacaqdır.

Atılan bu addımı açığı məndə təqdir edirəm, yəni bəyənirəm. Belə güman edirəm ki, əksəriyyəti məmur və bəzi başçılara məxsus olan daş karxanaları daha bundan sonra bələdiyyələrə göstərdikləri “üzü” İqtisadiyyat Nazirliyinə göstərə bilməyəcəklər. Daha icra başçıları bələdiyyə sədrlərə zəng edib “filan yerin həndəvərinə getmə” deyə bilməyəcəklər. Bu mənada bu addımı alqışlayıram, özü də ürəkdən.

Ancaq məsələ ondadır ki, indiyədək avtomobil dayanacaqlarından, reklamdan və avtomobillər üzrə əmlak vergisinin daxil olan maliyyənin istiqaməti dəyişdirilərək bələdiyyələri problemlərlə üz-üzə qoymaqla niyə onların hansısa probleminin həllinə çalışmırıq. Baxmayaraq ki, Adminstrasiyanın müvafiq sektorunun, Bələdiyyələrlə İş Mərkəzinin və regional ədliyyə idarələrinin həyata keçirdikləri addımları da danmaq insafsızlıq olardı. Adıçəkilən qurumlarr həqiqətən bir sıra ciddi problemlərin həllinə dəstək olublar. Ancaq bütün bunlar yetərincə sayıla bilməz. Çünki bələdiyyələrin illik büdcəsi son beş il ərzində 35 milyon manatı keçməyib. Belə olan halda biz verginin istiqamətini dəyişiriksə, demək əvəzində bələdiyyələrin heç olmasa yerində saymaması üçün hansısa probleminin həllinə çalışmalıyıq.

Belə olan halda biz nəyi təklif edərdik?

Əmlak və torpaq vergisindən başqa bütün vergi növünün dövlət vergiləri sırasına verilməsini təklif edirəm, bir şərtlə ki, bələdiyyə ərazisində olan bütün vergi ödəyicilərinin (sahibkarlıq subyektləri də daxil olmaqla) ödədikləri vergilərdən və kommunal xidmətlərdən daxil olan ödənişlərin minimum beş faizlik hissəsi yerli bələdiyyə büdcəsinə ödənilməsi həyata keçirilsin. Bir sıra Avropa ölkəsində, Türkiyə və Baltikyanı ölkələrdə bu prinsip əsas götürülüb. Yəni adıçəkilən ölkələrdə formalaşdırılan bələdiyyə büdcəsinin 40-80 faizi məhz dövlət büdcəsindən ayrılan bu tipli vəsaitlər təşkil edir.

İkinci əsas məqam isə tezliklə əmlak amnistiyası həyata keçirilməsi ilə bağlıdır. Bu prosesə start verildiyi halda bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil ola bilər. Və ən əsası əmlak və torpaq verigisinin əmsal dərəcəsinin artırılmasını da unutmaq olmaz. Nəzərdən qaçırmayaq ki, son iyirmi il ərzində bu əmsallar dəyişməz qalıb.

Bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsini, habelə xəritələrin verilməsinin sürətləndirilməsi atılacaq addımlar sırasında olmalıdır.

Gəlin unutmayaq ki, bir aydan sonra fəaliyyətinin iyirmi ikinci ilini tamam edəcək bələdiyyələrimizi bu gün ciddi problemlərlə üz-üzə qoymamalıyıq. Və unutmayaq ki, bələdiyyə büdcəsinə daxil olan hər bir manat sonda sakinlərin problemlərinin həllinə yönəldilir.

Düşünməyə dəyər....

Vüqar Tofiqli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top