İcra hakimiyyətləri ləğv ediləcək?

SOSİAL 26 okt 2021, 18:41
Ölkəmizdə regionların iqtisadi inkişafı və idarəetmənin səmərəliliyinin təmin edilməsi üçün bir sıra tədbirlər görülür. Xüsusilə də, Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı fərmanı ilə yeni iqtisadi rayonların yaradılması son dövrlərdə bu sahədə atılan ən önəmli addımlardan biri kimi qiymətləndirilir. 

İndi isə vəziyyət ötən 30 ilə nisbətən xeyli fərqlidir. Əvvəllər torpaqlarımızın işğal faktoru bir çox islahatları mümkünsüz edirdi.

Vətən Müharibəsində qazandığımız zəfər artıq bu sahəyə də diqqət ayırmağa imkan verib. Bu səbəbdən də ölkənin geniş iqtisadi perspektivindən tam şəkildə yararlanmaq üçün yeni yanaşmaların tətbiqi vacibdir.

Bizim.Media da regional idarəetmənin inkişafı sahəsində yeni təcrübələrin öyrənilməsinə öz töhfəsini vermək üçün bu sahədə araşdırmalar aparır.

Sözügedən məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov isə əsas problem kimi icra hakimiyyəti insitutlarını ön plana çıxarıb:

“Ümumilikdə, regional idareətmə sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə isə icra hakimiyyəti insitutunun ləğv edilməsi vacibdir. Sözügedən istiqamətdə isə müəyyən addımların atılması gözləniləndir. Bizdə olan məlumata görə, icra hakimiyyəti insitutunun fəaliyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Lakin uzunmüddətli dövrdə bu insitutun ümumiyyətlə dövrədən kənarlaşdırılmasına ehtiyac var. Çünki icra hakimiyyətləri regionların inkişafında əsas maneə kimi görünür və son həbs olunan 10-a yaxın icra hakiminin fəaliyyətini qiymətləndirdikdə, onların sahibkarlar üçün nə qədər ciddi problemlər yaratdığı aydın şəkildə müşahidə olunur”.

Ekspert Qarabağda tətbiq olunan xüsusi nümayəndəlik insitutlarından da danışıb:

“Eyni zamanda regional idarəetmədə bir mesaja da diqqət yetirməkdə fayda var. Bildiyim qədərilə Prezident İlham Əliyev çıxışlarının birində Ağdam və Şuşada yaradılan yeni nümayəndəlik insitutlarının gələcəkdə bütün ölkə ərazisində tətbiq edilməsi ilə bağlı fikir səsləndirib. Bu açıqlamanı gələcəyə mesaj kimi qiymətləndirmək olar. Yəqin ki, alternativ modellər üzərində gələcəkdə müəyyən işlər aparılacaq”. 

Rəşad Həsənov regional idarəetmə insitutlarının fəaliyyətinin qiymətləndirilməsinin vacibliyinə də toxunub:
 
“İkinci vacib məqam isə yaradılan yeni modellərdə iqtisadi və sosial parametrlərdə qiymətləndirmə metodlarının tətbiqidir. Yəni, siyasi sabitliklə bağlı problemlər artıq geridə qalıb.
Artıq ölkədə sabitlik təmin olunub. Bu səbəbdən də, gələcək dövrdə yeni yaradılan insitutların fəaliyyətinin qiymətləndirilməsində cəlb olunan investisiyanın həcmi, yaradılan yeni iş yerlərinin sayı, iqtisadiyyatın şaxələndirilməsi səviyyəsi və s. məsələlərə diqqət yetirilməsi vacibdir. Ümumilikdə isə, hökumətin bütün strategiyaları regionlara doğru şaxələnmə istiqamətində qurulmalı və tarazlı inkişafı dəstəkləməlidir. Eyni zamanda həm icra hakimiyyətlərinin, həm də yeni yaradılan insitutların fəaliyyətinin adekvatlığına diqqət artırılmalıdır”.

Ekspert regional inkişafdan danışarkən kənd təsərrüfatının regional əhəmiyyətini də yüksək qiymətləndirib.

Lakin Rəşad Həsənov bu sahənin inkişafının prioritet istiqamət kimi seçilməsinin doğru olmadığını da sözlərinə əlavə edib: 
 
“Təbii ki, kənd təsərrüfatı regionlar üçün böyük əhəmiyyətə malikdir və bu sahədə də yeni yanaşma zəruridir. Lakin digər bütün sahələri də nəzərə almaq vacibdir.
Çünki bizdə ümumiyyətlə iqtisadi baxış qıtlığı, investisiyanın əhəmiyyətinin qavranılması zəifliyi mövcuddur. Bu isə bütün sahələrdə müşahidə olunur. Kənd təsərrüfatı təbii ki məşğulluq baxımından prioritetdir. Amma uzunmüddətli böyümə aspektindən baxıldıqda bu, o qədər də, əhəmiyyətli deyil. Çünki hər 100 nəfərdən 36-sı kənd təsərrüfatı sahəsində çalışsa da, yaranan dəyər iqtisadiyyatın cəmi 5-6%-ni təşkil edir. Kənd təsərrüfatının ekstensiv yox, intensiv şəkildə böyüməsinin təmin olunması zəruridir və bu sahədə səylər artırılmalıdır. Lakin kənd təsərrüfatı gələcək inkişaf üçün prioritet deyil və bu sahə lokomotiv rolunu oynaya bilməz”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top