Deputat: "Bu çayların üzərində su elektrik stansiyaları tikməklə..."

SOSİAL 25 okt 2021, 21:58
“İşğaldan azad olunmuş hər bir rayonun özünə məxsus iqtisadi potensialı var. O cümlədən, 25 oktyabrda ağır döyüşlərlə düşməni darmadağın edərək azad etdiyimiz Qubadlı rayonu da iqtisadi potensialı ilə zəngindir. Bu rayonun təbii ehtiyatları, həm də böyük kənd təsərrüfatı potensialı var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. Qubadlının sənayenin inkişafı üçün böyük imkanlar yaratdığını qeyd edən deputat bildirib ki, şəhər böyük iqtisadi potensiala malikdir:

“Qubadlıda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Təbii ki, bu tikinti materiallarını yenidən qurulan və bərpa edilən işğaldan azad edilmiş digər rayonların yenidən bərpasında istifadə etmək mümkündür. İstehsal prosesi düzgün qurularaq genişləndiriləcəyi halda istehsal olunacaq tikinti materiallarını ixrac etmək də mümkündür”. Deputat bildirib ki, Qubadlı ərazisindən keçən çaylar suvarılmada yaranan ehtiyacı ödəyə biləcək:

“Qubadlı rayonun ərazisindən Bərgüşad, Həkəri çayları axır ki, bu çayların suyundan rayonun aqrar sahəsinin suvarılmasında istifadə olunacaq. Həm də bu çayların üzərində su elektrik stansiyaları tikməklə ekoloji təmiz elektrik enerji istehsal etmək mümkündür”.

Deputatın sözlərinə görə, Qubadlının turizm potensialı çox yüksəkdir:

“Qubadlı rayonun füsunkar və gözəl təbiəti var ki, bu da rayonun turizmi sektorunun inkişaf etdirmək imkanlarını genişləndirir. Düşünürəm ki, Qubadlı rayonu qeyd etdiyim bütün istiqamətlər realizə olunacaq və ölkəmizin ümumi iqtisadiyyatının dinamik inkişafına töhfə verəcəkdir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top