“Distant təhsil bizim üçün virusdan daha təhlükəlidir” — AÇIQLAMA

GÜNDƏM 20 okt 2021, 19:47
“Bu gün Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85626 sinif var. 22 sentyabrdan ənənəvi tədris bərpa olunandan sonra 344-ə qədər sinif və 9 məktəb "COVID-19"-a yoluxma faktına görə distant təhsilə keçib. Görürük ki, distant təhsilə keçən siniflərin sayı 0.5 faiz ətrafındadır. Artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qruplar var. Hazırda payız fəslidir və mövsümü xəstəliklər var. Amma bütün istiliyi olanlar, öskürənlər koronavirus infeksiyasına yoluxub demək deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Son günlərdə təhsil müəssisələrində yoluxma hallarının artmasına münasibət bildirən ekspert qeyd edib ki, əvvəlki illərdə bu və ya digər xəstəliklərdən vəfat etmiş məktəblilər də olub: “Bəli, hər kəs haqlı olaraq narahatdır, hər kəs təşviş içindədir, hər kəs arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edir. 22 sentyabra qədər Təhsil naziri Emin Əmrullayevin, Təhsil Nazirliyinin, mənim sosial şəbəkə hesablarımıza hər kəs yazırdı ki, "ənənəvi qaydada dərslər bərpa edilsin". İndi isə tam əksi baş verir. Təhsil alanların böyük əksəriyyəti tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər. Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafəsi saxlanılmır, dezinfeksiya tədbirləri görülmür. Amma bu qaydalara yeganə riayət olunan təhsil müəssisələrini problem olaraq görürük. Zooparkın qarşısındakı sıxlığı görürsünüz?

Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. “İphone 13” mobil telefonu satışa çıxarılıb, bir dükanda olan sıxlığı gördünüz. Həmin dükanlara giriş edənlərin sayı 1200-nəfərdən çox olub. Hər gün ticarət, istirahət və əyləncə mərkəzlərində sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri uşaq əyləncə mərkəzlərinə gedən məktəb yaşlı uşaqların sayı 12 min nəfərdən çox olub. Bu arqument doğru deyil ki, həmin yerlərə gediş könüllü, məktəbə məcburidir. İstirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalarına riayət etməyən valideynlər məktəblə bağlı narahatlıqlarını bildirirlər”.

Ekspert təhsilin distant formaya keçməsi ehtimalından da danışıb:

“Təhsil müəssisələrində dərslər dayanıb onlayn-distant tədrisə keçirilsə, nə olacaq? İki milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu, daha təhlükəlidir. Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur. Bundan başqa onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq. Ümumilikdə isə distant təhsil bizim üçün virusdan daha təhlükəlidir. Çıxış yolu kimi təklif edirəm ki, müxtəlif təhsil alma formalarından istifadə olunsun. Hal-hazırda olan vəziyyət qalsın. Dərslər davam etsin. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün distant dərslər təşkil edilsin.

Amma daha "Microsoft Teams" platformasında, kamera və mikrofonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət və ciddi şəkildə tədrislə, heç bir güzəşt olmadan. Ən azı Bakı Dövlət Universitetinin tətbiq etdiyi “Blackboard” proqramı ilə. Belə ki, kamera və mikrofon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya qaib yazılır. Müəllim də dərsdən tez çıxdıqda, dərs keçirilməmiş hesab edilsin, əməkhaqqı yazılmasın. Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir. Digər yol isə təhsilalanın özünün öyrənmə yolunu seçməsidir, lakin bu halda 4 həftədən bir keçirilən dərslərdən ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu, rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır”.

Ekspert qeyd edib ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbin distant təhsilə keçməsi lazımdır:

“Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermis təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır. Bundan başqa distant dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Bundan başqa, onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir”.

Aygül Qarayeva
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 08:30
Top