Əhalinin sosial müdafiəsi tədbirləri daha geniş və fərqli müstəvidə davam etdiriləcək

GÜNDƏM 16 okt 2021, 17:36
Prezident İlham Əliyevin bu gün imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əmək haqları, pensiya və sosial müavinətlər, təqaüdlər artırılacaq.  
 
Bu addım ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir. 

Sərəncam 1 milyon 800 min nəfərədək vətəndaşın rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Qeyd etmək lazımdır ki, sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Yəni, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.

Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb.

Xatırladaq ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.

Ümumilikdə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha  təzahür etdirir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top